Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

Dünya xəbərləri

12 andlı Trampa 'günahkardır' dedilər

Donald Tramp
Donald Tramp

Mayın 30-da Nyu-York məhkəməsində 12 andlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi ilə bağlı hökmü elan edib. O, bütün 34 maddə üzrə təqsirli bilinib. Yekun cəza iyulun 11-də keçiriləcək xüsusi iclasda veriləcək. Beləliklə, Tramp seçkidən əvvəl də mühakimə oluna bilər. O, cərimə, şərti cəza və ya faktiki həbslə üzləşə bilər.

12 andlının hamısı onun günahkar olması ilə bağlı hökmün lehinə səs verib. Tramp 2016-cı il prezident seçkilərinə mane olmamaq üçün pornoaktrisa Stormi Denielsə aralarında olduğu iddia edilən cinsi əlaqə haqqında susmağa görə ödənişləri gizlətmək məqsədilə iş hesabatlarını saxtalaşdırmaqda günahkar bilinib. Builki seçkilərdə Tramp ardıcıl üçüncü dəfə Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.

Hökm elan edildikdən sonra jurnalistlərin suallarını cavablandıran D.Tramp ona qarşı cinayət prosesini "utancverici, saxta" adlandırıb. O, Co Bayden administrasiyasını məhkəməni təşkil etməkdə günahlandırıb: "Bunu Bayden administrasiyası bir rəqibi, siyasi rəqibini yaralamaq, xəsarət yetirmək məqsədi ilə edib".

D.Trampa qarşı ittiham irəli sürən Manhetten rayon prokuroru Elvin Breqq onun tənqidini rədd edərək prokurorların "faktlara və qanunun hərfinə" əməl etdiklərini deyib. "Hazırda çoxlu səslər eşidilir, amma vacib olan yeganə səs andlılar kollegiyasının səsidir və onlar öz sözlərini deyiblər".

Bir neçə respublikaçı D.Trampı dəstəkləyib. Senatdakı Respublikaçı azlığın rəhbəri Mitç Makkonnell ittihamları əsassız adlandırıb və apellyasiya məhkəməsinin hökmü ləğv edəcəyini təxmin edib.

Prezident Bayden andlıların qərarını birbaşa şərh etməyib. "Donald Trampı Oval kabinetdən uzaq tutmağın yeganə yolu seçki qutularıdır" - Bayden sosial mediada öz seçki fonduna ianələr səhifəsinə keçid verərək yazıb.

Müdafiə tərəfinin hökm çıxarıldıqdan sonra apellyasiya şikayəti verəcəyi gözlənilir. Tramp günahsız olduğunda israr edir.

Əslində, bu hökmlə bağlı hadisələrin istənilən inkişafı apellyasiya məhkəməsinin qərarından asılı olmayaraq D.Trampın seçkidə iştirakına mane olmayacaq. O, prezident seçkilərində qalib gəlsə, həbs cəzasına məhkum olunsa belə, - analitiklərin fikrincə, bu, az inandırıcıdır, - prezident vəzifəsini icra edəcək

ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət törətməkdə təqsirli bilinir.

Bütün xəbərləri izləyin

Rusiyada səsvermə bitir. Putinin müttəfiqlərinin qalib gələcəyi gözlənilir

İlhaq edilmiş Sevastopolda seçki təbliğatı
İlhaq edilmiş Sevastopolda seçki təbliğatı

Hakim Vahid Rusiya Partiyası təmsilçilərinin 21 regionun çoxunda qubernator və yerli qanunverici orqanlara deputat seçkilərində qalib gələcəyi gözlənilir. Əksər insan haqları qrupları və müstəqil ekspertlər isə seçkidə həqiqi rəqabətin olmadığını deyirlər.

Üçgünlük səsvermə sentyabrın 8-də başa çatıb. Moskva Şəhər Dumasının, Sankt-Peterburq şəhəri rəhbərliyi də seçilirdi.

Hazırda vəzifədə olanlar öndədir

Vəzifədə olan, yaxud müvəqqəti vəzifə icra edən qubernatorların, əsasən, birtərəfli keçmiş seçki yarışında öndə getdiyi görünür.

Rusiya hakimiyyəti bu seçkidə Putin tərəfdarlarının seçilməsini Ukraynada iki il yarımdır gedən müharibədə vətənpərvərlik təcəssümü sayırlar. Moskva təcavüzkar müharibəsini "xüsusi hərbi əməliyyat" adlandırır, eyni zamanda narazılara divan tutur.

"Səmimi olaq: Müharibə gedir. Tapşırığımız düşməni məğlub etməkdir", – keçmiş prezident və baş nazir, Putinin çoxdankı müttəfiqi Dmitri Medvedev TASS dövlət xəbər agentliyinə deyib. Medvedev hazırda hakim Vahid Rusiya Partiyasının sədridir.

Putin 24 ildir Rusiyanı idarə edir. Ölkədə seçkilər həmişəkindən daha sərt nəzarət altında keçirilir, heç bir etibarlı beynəlxalq müşahidə missiyası, həqiqi müxalif namizəd olmayıb.

Ukraynanın bəyanatı

Ukraynanın işğal olunmuş vilayətlərində, ilhaq edilmiş Krımda da bülletenlər yığılıb.

Ukraynanın Xarici İşlər Nazirliyi işğal altında olan regionlardakı prosesi beynəlxalq hüququn pozulması, seçkiləri "dəyərsiz", "qanunsuz" adlandırıb.

"Qolos" seçicilərin hüquqlarını müdafiə qrupu isə "seçkilərin imitasiyası" prosesində gerçək rəqabətin olmadığını vurğulayıb.

Qrup bildirib ki, namizədlərin üçdə birini Rusiya seçki orqanları prosesə buraxmayıb.

Səslərin yığılması üç gün çəkib.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) başçısı Ella Pamfilova deyib ki, səsvermə prosesində ciddi pozuntu olmayıb, seçici fəallığı 90 faiz civarında olub.

"Qolos" təkcə seçki kampaniyası dövründə azı 500 pozuntu iddiası aldığını bildirib.

İsrailin Suriyaya zərbələrindən 14 nəfər həlak olub

Suriyanın Dəməşq şəhərində beynəlxalq hava limanı yaxınlığında səmaya uçan raketlər.
Suriyanın Dəməşq şəhərində beynəlxalq hava limanı yaxınlığında səmaya uçan raketlər.

İsrailin ötən gecə Suriyaya endirdiyi zərbələrdən ölənlərin sayı 14-ə, yaralı sayı 40-a yüksəlib. Bu haqda Suriya dövlət mediası sentyabrın 9-da məlumat yayıb.

"Reuters" mənbələrə istinadla hücumların hədəfinin böyük hərbi tədqiqat mərkəzi olduğunu yazır.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən bəri İsrail Suriyada İranın dəstəklədiyi hərbi hədəflərə zərbələri gücləndirib, həmçinin Suriya ordusunun müdafiəsi, bəzi qüvvələri vurulub.

Yerli səhiyyə rəsmisi Suriya dövlət xəbər agentliyinə deyib ki, 13 nəfər xəsarət alıb, bəzilərinin durumu ağırdır.

İsrail adətən Suriyaya zərbələr barədə konkret xəbərləri şərh etmir, bu zərbəyə də münasibət açıqlanmayıb.

Qəzzada müharibə başlayandan Suriyaya ən böyük hücum apreldə İran səfirliyini şübhəli İsrail hərbi təyyarələrinin bombalaması olub. İran həmin zərbədə yeddi hərbi müşavirin, o cümlədən üç aparıcı komandirin həlak olduğunu bildirib.

HƏMAS-ın İsrailə 7 oktyabr hücumunda 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Girovlardan bir qismi sonradan buraxılsa da, təxminən 100 nəfərin hələ də girovluqda qaldığı, onlardan bəzilərinin öldürüldüyü bildirilir.

Livanla sərhəd

İsrail hərbi kabinetinin keçmiş üzvü Benni Qants bazar günü deyib ki, İsrail diqqətini "Hizbullah" qruplaşması və Livanla sərhədə yönəltməlidir. "Gecikirik", – o xəbərdarlıq edib.

İranın dəstək verdiyi, İsrail və ABŞ-ın terrorçu saydığı "Hizbullah" qruplaşması İsraillə, demək olar, hər gün sərhəd boyunca atışır. Bu Livan qruplaşması HƏMAS-ı dəstəklədiyini bildirib.

"Qəzzanı idarə etməyə yetərincə qüvvələrimiz var, şimalda nə getdiyinə fokuslanmalıyıq", – Vaşinqtonda Yaxın Şərq forumunda danışan Qants deyib. O, İran və əlaltılarını "real məsələ" adlandırıb.

İsrailin Qəzzaya cavab zərbələrində 41 minə yaxın insanın öldürüldüyü bildirilir. BMT-nin insan haqları ofisi ölənlərin çoxunun qadınlar və uşaqlar olduğunu açıqlayıb.

Venesuela müxalifətinin lideri İspaniyaya siyasi sığınacaq almağa gedib

 Edmundo Qonsales
Edmundo Qonsales

Venesuelada müxalifətin prezidentliyə namizədi Edmundo Qonsales bazar günü – sentyabrın 8-də siyasi sığınacaq üçün İspaniyaya uçub. Bu barədə Madrid açıqlama yayıb.

İspaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Nikolas Maduronun seçkidə rəsmən qalib olunmasına qarşı çıxan Qonsales həyat yoldaşı ilə birlikdə Torrexon-de-Ardos hərbi bazasına çatıb.

ABŞ, Aİ, digər güclər 75 yaşlı Qonsalesi mübahisəli seçkinin qalibi kimi görürdülər. Bir həftə öncə Venesuela hakimiyyəti onu gizli fəaliyyət və digər cinayətlərdə ittiham edərək həbsinə order verib.

"Demokratiyanın qəmli günü"

"Bu gün Venesuelada demokratiyanın qəmli günüdür. Demokratiyada heç bir siyasi lider başqa ölkədə sığınacaq istəməyə vadar edilmir", – Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel bəyanatında deyib.

"Qonsales demokratiyanın ən yaxşı ümidi olaraq qalır", – bunu isə ABŞ-ın dövlət katibi Entoni Blinken X platformasında yazıb: "Biz Maduro və təmsilçilərinin hakimiyyətdən zorla yapışmasına imkan verməməliyik".

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes Instagram-da yazıb ki, hakimiyyət siyasi asayişi bərpa etmək üçün Qonsalesə təhlükəsiz çıxış verib. İspaniya Xarici İşlər Nazirliyi isə Qonsalesin ölkədən çıxması ilə bağlı Venesuela hökuməti ilə rəsmi danışıqlar aparılmadığını bildirib.

Venesuela müxalifəti Qonsalesin 28 iyul seçkisinin qalibi olduğunu bildirib, onun qələbəsinin əks olunduğunu dediyi səsvermə nəticələrini yayıb.

Maduro isə deyilənləri rədd edərək bildirib ki, sağ-qanad onun hökumətini qəsdlə sabotaj etməyə çalışır.

Müxalifət qələbəsinin tanınmasından ötrü daha çox etirazların keçirilməsinə, beynəlxalq təzyiqi gücləndirməyə çağırır. Amma indiyədək bu taktikanın nəticəsi olmayıb, getdikcə hökumətə qarşı mitinqlərə daha az adam qatılır.

Rumıniya və Latviya Rusiyanı onların hava məkanını hərbi dronlarla pozmaqda suçlayır

Rumıniya hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb.
Rumıniya hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb.

NATO üzvləri Rumıniya və Latviya sentyabrın 8-də Rusiyanı bu ölkələrin hava məkanını hərbi dronlarla pozmaqda suçlayıb. Bu isə Moskva ilə Qərb arasında gərginliyi daha da qızışdırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Rusiya hərbi dronları, raketlərindən Ukraynaya qonşu ölkələrin ərazisinə düşən, orada qəzaya uğrayanlar olub. Rumıniya sonuncu dəfə bu ilin iyulunda bir neçə dəfə ərazisinə dron qalıqları düşdüyünü təsdiqləyib.

Rumıniya havaya qırıcıları qaldırıb

Bu ölkənin Xarici İşlər Nazirliyi Rusiyanın "kriminal" uçan aparatlarının Rumıniyanın hava məkanını pozduğunu deyərək ona etiraz bildirib.

Sentyabrın 8-də X platformasında yerləşdirilən bəyanatda nazirlik Rusiyanı "ehtiyatsız" eskalasiyanı dayandırmağa çağırıb. Qurum insidentlərlə bağlı NATO və müttəfiqləri ilə konsultasiyalara başladığını əlavə edib.

Bundan öncə Rumıniya elə həmin gün bildirib ki, Rumıniyanın hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb. Ordunun məlumatına görə, Ukrayna ilə sərhəddə yerləşən Periprava kəndinin ətrafında axtarış aparılır, dronun orada qəzaya düşməsindən şübhələnirlər.

NATO-nun baş katibinin müavini, Rumıniyanın aparıcı diplomatı Mirça Coane deyib ki, hərbi alyans Rusiyanın Rumıniyanın hava məkanını pozmasını pisləyir.

"Rusiyanın müttəfiqlərə qarşı məqsədli hücumuna dair informasiyamız olmasa da, bu hərəkətlər məsuliyyətsizdir, təhlükəli ola bilər", – o, X platformasında yazıb.

Latviyadan bəyanat

Latviya da sentyabrın 7-də Rusiya hərbi dronunun onun hava məkanını pozaraq ərazisində qəza etdiyini bildirib.

"Müttəfiqlərimiz ilə sıx təmasdayıq. NATO-nun şərq cinahında belə insidentlərin sayı artır, onları birlikdə həll etməliyik", – Latviyanın prezidenti Edqars Rinkeviçs X-də yazıb.

Latviyanın Müdafiə Nazirliyi bəyanatında bildirib ki, dron ölkənin hava məkanına Belarusdan keçib, Rezekne bələdiyyəsi ərazisində qəza edib.

"Bu vəziyyət Latviyanın şərq sərhədini möhkəmləndirmək üçün başladığımız işi davam etdirməli olduğumuzu təsdiqləyir. PUA-ların və digər aparatların fəaliyyətini məhdudlaşdırmaqdan ötrü havadan müdafiə və radioelektron mübarizə imkanlarını inkişaf etdirmək də buraya daxildir", –AFP-nin məlumatına görə, müdafiə naziri Andris Spruds deyib.

Pavel Durov Fransada saxlanandan sonra ilk postunu dərc edib

Pavel Durov
Pavel Durov

Telegram sosial şəbəkəsinin qurucusu Pavel Durov Fransada saxlanandan sonra kanalında ilk postunu dərc edib.

O, tərəfdarlarına dəstəyə görə təşəkkür edərək yazıb ki, Fransa polisi onu dörd gün ərzində dindirib, bunu Durovun "Telegram-ın başqaları tərəfindən qanunsuz istifadəsi üçün məsuliyyət daşıması" ilə izah edib. Ona həmçinin deyilib ki, əsasını qoyduğu sosial şəbəkənin administrasiyası hakimiyyətin sorğularına cavab verməyib.

Durov özünə qarşı iddiaları "gözlənilməz", vəziyyəti isə "təəccüblü" adlandırıb, çünki, onun postda yazdığı kimi, Telegram-ın Avropa İttifaqında rəsmi təmsilçisi var, sorğulara o cavab verir. O özü isə şəxsən Fransada terrorçuluq təhlükəsi ilə mübarizə üçün Telegram-ın qaynar xəttinin yaradılmasına kömək edib, bütün bu müddət ərzində Fransa hakimiyyətinin əlində onunla əlaqə qurmaqdan, kömək istəməkdən ötrü çoxsaylı üsullar olub, - Durov belə yazır.

Onun sözlərinə görə, hansısa ölkə internet-xidmətdən məmnun deyilsə, mövcud praktika odur ki, bu xidmətə qarşı məhkəmə iddiası qaldırılır, onun baş direktoru üçüncü tərəflərin törətdiyi cinayətlərə görə ittiham edilmir.

Telegram-ın qadağan olunduğu ölkələr

"Bəzən biz konfidensiallıqla təhlükəsizlik arasında balans barədə ölkənin tənzimləyici orqanı ilə razılığa gələ bilmirik. Belə hallarda bu ölkəni tərk etməyə hazırıq. Bunu dəfələrlə etmişik. Rusiya bizdən izləmələr üçün şifrələmə kodlarını tələb edəndə imtina etdik və Telegram Rusiyada qadağan olundu. İran bizdən dinc etirazçıların kanallarını bloklamağı tələb edəndə imtina etdik – və Telegram İranda qadağan olundu. Biz prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bunu pula görə etmirik", – Durov yazıb.

O, həmçinin Telegram-da cinayətkarlarla mübarizə üçün tədbirlər görüləcəyini vəd edib.

"Qarşıma məqsəd qoymuşam ki, bu mənada vəziyyəti əhəmiyyətli şəkildə düzəldək. Artıq şirkət daxilində bu prosesə başlamışıq, tezliklə sizinlə əldə etdiyimiz proqres barədə daha detallı informasiyanı bölüşəcəyəm", – Durov qeyd edib.

P.Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb. Dörd gün sonra ona qarşı irəli sürülən ittihamların böyük hissəsi Telegram messenceri vasitəsilə törədildiyi bildirilən cinayətlərlə bağlıdır, platforma administrasiyasının isə Fransanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etdiyi deyilir.

Durov məhkəmə nəzarəti altında, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb. Biznesmenin Fransanı tərk etməsi yasaqlanıb. O, həftədə iki dəfə polisdə qeydiyyatdan keçməlidir.

Özbəkistanda qadın 33 ilin videosuna görə məhkum edilib

ÖİH-nin keçmiş lideri Tohir Yuldaş Namanqanda hökumət binasının ələ keçirilməsindən sonra danışır. Prezident İslam Karimov dizi üstə oturub.
ÖİH-nin keçmiş lideri Tohir Yuldaş Namanqanda hökumət binasının ələ keçirilməsindən sonra danışır. Prezident İslam Karimov dizi üstə oturub.

Özbəkistanda bir qadına qarşı keçmiş prezident İslam Karimovun islamçılarla danışdığını göstərən 1991-ci ilə aid videonu paylaşdığına görə məhkəmə hökmü qüvvədə saxlanılıb. "Human Rights Watch" (HRW) insan haqları təşkilatı sentyabrın 4-də hökmü pisləyib.

İki həftə öncə Daşkənd regional məhkəməsi Sevara Şaydullayevaya qarşı 30 aylıq şərti cəzanı qüvvədə saxlayıb. Qadın bu ilin aprelində "Özbəkistanda konstitusiya quruluşunu devirməyə açıq çağırışın yer aldığı materialları bilərəkdən saxlayıb yaymaqda" təqsirli bilinib.

Videonu anası ilə birlikdə yayan Şaydullayevaya bəzi qadağalar tətbiq olunub. O, ictimai tədbirlərə qatıla bilməz, Daşkənd vilayətini icazəsiz tərk edə bilməz.

"Özbəkistan hakimiyyəti Sevaranı keçmiş prezidentin videosunu paylaşdığına görə mühakimə etməməlidir. Hakimiyyət onun məzmunu ilə razılaşmasa da, 33 ilin videosunda deyilənlər artıq tarixdir", – təşkilatın Orta Asiya üzrə tədqiqatçısı Mihra Ritman deyib.

Videoda nə var

Sözügedən video 1991-ci ilin dekabrında şərqi Namanqan şəhərində çəkilib. Karimov bir zalda oturdularaq "əl-Qaidə"yə bağlı Özbəkistan İslamçı Hərəkatının gələcək lideri Tohir Yuldaşı dinləməyə məcbur edilib. O, Karimova hökumət və islam barədə məruzə deyib. Şaydullayevanın YouTube-dan yüklədiyi video on illərdir dövr edilir.

Karimov daha sonra Namanqanda yerli hökumət idarələrini tutmuş bir qrup şəxslə görüşüb. Onlar Özbəkistanın islam dövləti elan olunmasını tələb ediblər, Karimov da videoda bunu vəd edir.

Ancaq 1990-cı illərin sonlarından başlayaraq Karimov hökuməti müsəlmanlara qarşı kütləvi təzyiqlərə başlayıb və bunu 2016-cı ildə vəfat edənədək sürdürüb.

HRW-nin bəyanatında deyilir ki, vəzifədə olan prezident Şavkat Mirziyoyevin dövründə də din və ifadə azadlığına ciddi məhdudiyyətlər qalmaqdadır.

"Azı 30 il öncə baş verənlərin əks olunduğu videonu yaymaq cinayət sayılmamalıdır. Özbəkistan hakimiyyəti Şaydullayevaya qarşı hökmü dərhal ləğv etməli, onun azadlığına bütün məhdudiyyətləri qaldırmalıdır", – Ritman vurğulayıb.

Ukraynadan uçan Rusiya dronlarının Belarus üzərində vurulduğu deyilir

"Şahed" dronunun vurulması
"Şahed" dronunun vurulması

Sentyabrın 5-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya dronlarla hücum edib. Ölkə ərazisində hava həyəcanı elan edilib.

Gecə Jitomirdə partlayış səsləri eşidilib. Kiyevin meri Vitali Kliçko səhər bildirib ki, dronlara görə şəhərdə havadan müdafiə sistemləri işləyir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, dronlar Çerniqov, Kiyev və Sumı vilayətləri istiqamətində uçub. Hücumun nəticələri barədə, hələlik, informasiya yoxdur.

Belarusun Qomel şəhərində də partlayışlar eşidilib. "Belaruski Qayun" monitorinq kanalı bildirir ki, Qomel rayonunda Rusiyanın Ukraynaya buraxdığı "Şahed" dronları vurulub, iki partlayış səsi eşidilib, Belarus qırıcıları havaya qalxıb.

"Nikolayevski Vanyok" Teleqram kanalının hesablamasına görə, ümumilikdə bu gün Ukrayna-Belarus sərhədini "yeddi və ya səkkiz" Rusiya dronu keçib. "Şahed"lər hələ də Ukrayna səmasında dövrə vurur – Kiyev də daxil olmaqla səkkiz bölgədə hava həyəcanı səslənir.

"Flaqştok" nəşrinin məlumatına görə, dronların qalıqları Novobelitsk rayonuna düşə bilərdi, orada iki kiçik yanğın baş verib və söndürülüb.

"Belaruski Qayun" daha sonra Qomel vilayətində iki istiqamətə iki dronun hərəkət etdiyini xəbər verib.

Rusiyanın Müdafiə Nazirliyi Belqorod, Kursk və Bryansk vilayətləri üzərində raket və dronların vurulduğunu bəyan edib. Qara dənizin şimal-şərq hissəsində isə iki ekipajsız katerin məhv edildiyi bildirilir.

FT: ABŞ, İsrail və Misir Qəzza ilə sərhəddə monitorinqi müzakirə edirlər

İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə
İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə

ABŞ, İsrail və Misir Qəzza sektoru ilə Misir arasındakı sərhəddə Filadelfi dəhlizində monitorinqin mexanizmini müzakirə edirlər. Bu haqda "The Financial Times" mənbələrə istinadla yazır.

Mənbələrin dediyinə görə, plana yeraltı yüksək texnologiyalı səddin tikilməsi, tunellərin tikintisini izləmək üçün əlavə ötürücülərin qoyulması, eləcə də Qəzza sektoru ilə sərhəddə Fələstin hərbçilərinin yerləşdirilməsi daxildir.

Mənbələr ABŞ-nin belə bir layihənin maliyyələşdirilməsini üzərinə götürə biləcəyini bildiriblər.

İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer "Bloomberg" agentliyinə deyib ki, ölkəsi Filadelfi dəhlizinə nəzarətlə bağlı danışıqlara hazırdır, ancaq bu, HƏMAS qruplaşması ilə müharibə bitəndən sonra mümkündür. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

Xatırlatma

İsrail Qəzza zolağında əməliyyat aparır. HƏMAS ötən ilin oktyabrında İsrailin cənubuna hücum edəndən, azı min nəfəri qətlə yetirəndən sonra bu müharibə körüklənib. HƏMAS azı 250 nəfəri girov götürüb Qəzzaya aparmışdı. Sonradan danışıqları nəticəsində girovlardan azı 100 nəfər azadlığa buraxılıb.

HƏMAS radikallarının əlində azı 100 nəfərin qaldığı, onlardan azı 30-nun vəfat etdiyi güman edilir.

Avqustun 31-də İsrail əsgərləri Qəzzada altı girovun cəsədini tapıblar. Hərbçilərin onların bu yaxınlarda öldürüldüyünü deyiblər.

Ölənlərin içində rusiyalı Aleksandr Lobanov da olub. HƏMAS Lobanovun son sözlərinin yer aldığı video yayıb. O deyir ki, girovlar ağır şəraitdə saxlanır, onların vacib tələbat, gigiyenik ləvazimatları yoxdur. Lobanov İsrail hakimiyyətini HƏMAS-la razılaşma əldə edərək girovların buraxılmasına nail olmağa çağırıb.

Ancaq videonun nə zaman, hansı şəraitdə yazıldığı dəqiqləşdirilmir.

ABŞ Rusiyanı 2024 seçkisinə təsir göstərməyə çalışmaqda suçlayır

FTB direktoru Kristofer Rey
FTB direktoru Kristofer Rey

Sentyabrın 4-də Birləşmiş Ştatlar Rusiyanı 2024-cü il ABŞ prezident seçkisinə təsir göstərməyə çalışmaqda ittiham edib. Bu zaman Kremlin idarə etdiyi media orqanları və amerikalıları bilməyərəkdən Rusiya propaqandasına məruz qoymaqdan ötrü hazırlanmış onlayn platformalardan istifadə olunduğu bildirilir. Ədliyyə Departamenti sentyabrın 4-də bu barədə pres-reliz yayıb.

Departamentin məlumatına görə, Kreml əvvəl "Russia Today" kimi tanınan RT kimi media orqanları, eləcə də ABŞ seçicilərini dezinformasiya ilə hədəfə alan onlayn platformalardan yararlanır. RT Kremlin propaqanda səylərinin əsas hissəsi sayılır.

32 internet domeni necə istifadə olunub

Ədliyyə Departamenti bildirir ki, Rusiya hökumətinin yönəltdiyi xarici “məkrli" təsir kampaniyasında istifadə olunan 32 internet domeni müsadirə edilib. FTB direktoru Kristofer Rey (Christopher Wray) bu domenlərin Rusiya hökuməti tərəfindən idarə olunduğunu, amerikalı istifadəçiləri aldatmağa yönəlik "Rusiya hökumət propaqandası ilə dolu" vebsaytlar yaratdığını deyib.

Məlumata görə, Rusiya prezident administrasiyasının nəzarətində olan Rusiya şirkətləri domenlər vasitəsilə hökumət propaqandasını gizlicə yayıblar. Propaqandanın məqsədi təkcə prezident seçkisinə təsir göstərmək deyil, həm də Ukraynaya beynəlxalq dəstəyi azaltmaq, rusiyayönlü siyasət və maraqları gücləndirmək olub.

Prezident Vladimir Putinin yaxın ətrafının, o cümlədən aparat rəhbərinin müavini Sergey Kriyenkonun Rusiyanın ictimai münasibətlərlə bağlı şirkətlərini yönəltdiyi deyilir. Onlar da, öz növbələrində, dezinformasiya yayıblar.

Baş prokuror Merrik Qarland (Merrick Garland) Kremlin seçkilərdən hansı nəticəyə üstünlük verdiyini açıqlamayıb. Amma Putin bu ilin əvvəlində demişdi ki, Co Bayden keçmiş prezident Donald Trampdan daha proqnozlaşdırılandır. O zaman Bayden hələ seçki yarışından çəkilməmişdi. İyulda Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədi və sonuncu avqustda Demokratlar Partiyasının namizədi elan edildi.

10 milyon dollarlıq sxem

Ədliyyə Departamenti iki rusiyalıya qarşı ittihamnaməni də açıqlayıb. 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyeva Xarici Agentlərin Qeydiyyatı Aktını (FARA) pozmaqda, çirkli pulyuma cəhdində ittiham olunurlar.

Qarland deyib ki, RT-nin bu iki əməkdaşı 10 milyon dollarlıq sxemdə ittiham olunur, məqsəd Rusiya hökumətinin "gizli" mesajları ilə dolu kontent hazırlayaraq ABŞ izləyicilərinə çatdırmaq olub. O, təhqiqat getdiyini, hər iki şəxsin azadlıqda olduğunu deyib.

Rusiya isə bu addımı "əcinnə ovu" adlandırıb, ABŞ əhalisini qorxutmaq niyyəti güddüyünü deyib. O da qeyd olunub ki, Vaşinqtonun RT-yə qarşı hərəkətlərinə cavab olaraq Rusiya da ABŞ mediasını hədəfə alacaq. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 5-də danışıb.

ABŞ Ədliyyə Departamenti bir ay öncə Rusiyanı ABŞ seçkisinə birbaşa təhdid adlandırmışdı.

ABŞ Xəzinədarlığı isə domenlərin müsadirəsindən başqa, 10 fərdə və iki quruma sanksiyalar elan edib. Onların arasında RT-nin baş redaktoru Marqarita Simonyan və baş redaktor müavini Yelizaveta Brodskaya da var.

Rumıniyada deputatlar Ukraynaya 'Patriot' verilməsini təsdiqləyib

"Patriot" təlimlərdə
"Patriot" təlimlərdə

Sentyabrın 3-də Rumıniya parlamentinin aşağı palatası Ukraynaya "Patriot" raketdən müdafiə sistemi verilməsini təsdiqləyib.

2004-cü ildən NATO üzvü olan Rumıniyanın Ukrayna ilə 650 kilometrlik sərhədi var, Moskva Dunay çayı boyunca Ukrayna limanlarını hədəfə alanda Rusiya dronlarının qalıqları dəfələrlə onun ərazisinə düşüb.

Prezident Klaus İohannis qanunu imzalayandan sonra hökumət sistemin verilməsi üzrə sərəncam verəcək.

Rumıniya iki işlək "Patriot" sistemindən birini o şərtlə verməyə razılaşıb ki, müttəfiqlər daha sonra onun əvəzini versinlər. Bu, NATO-nun Kiyevə vəd etdiyi beş belə sistemdən və digər strateji havadan müdafiə sistemlərindən biridir.

Rumıniya Senatının müdafiə məsələləri üzrə komitəsinin sədri Nikoleta Paulyuk deyib ki, Ukraynaya "Patriot"un verilməsi Rumıniyanın müdafiəsiz qalacağı anlamına gəlmir.

Buxarestin daha beş belə sistemi var – ikisini silahla təchiz etməyə götürüblər, ikisi isə tezliklə gəlməlidir.

Rumıniya 2017-ci ildə "Patriot" almaqdan ötrü 4 milyard dollarlıq saziş imzalayıb. Bu, ölkənin indiyədək imzaladığı ən böyük alış kontraktıdır.

Ukraynanın xarici işlər naziri istefa verir

Dmitro Kuleba
Dmitro Kuleba

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sentyabrın 4-də istefa ərizəsini təqdim edib. Bundan öncə prezident Volodimir Zelenski müharibə dövrü kabinetini yeniləmək planlarını açıqlayıb. Bu, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalından iki il yarım keçdiyi bir dönəmə təsadüf edir.

Kulebanın istefasını elan edən parlament sədri Ruslan Stefançuk deyib ki, istefa Ukrayna Ali Radasında müzakirə olunacaq.

Stefançukun bir gün öncə dediyinə görə, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina, baş nazirin müvəqqəti işğalda olan ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk da istefalarını təqdim ediblər.

Zelenski demişdi ki, hökuməti gücləndirmək, ölkəyə gərəkən nəticələrə nail olmaq üçün Ukrayna hökumətinə daha çox dəyişiklik olunacaq.

"Buna görə də nazirlər kabinetində, prezident aparatında bir sıra kadr dəyişiklikləri olacaq", – o, sentyabrın 3-də söyləyib.

Strateji sənayelər naziri Oleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühit naziri Ruslan Strilets prezidentin açıqlamasından öncə istefa veriblər. Yerli silah istehsalına nəzarət edən Kamışin deyib ki, müdafiə sektorunda işini davam etdirəcək, amma başqa rolda.

Zelenski dəyişiklikləri belə izah edib ki, Ukraynaya özəlliklə qış mövsümünə hazırlıq zamanı mərkəzi hökumətlə icmalar arasında daha çox qarşılıqlı əlaqə gərəkdir.

Polşada bir həkim tövsiyəsi ilə aborta icazə verilib

Abort
Abort

Avqustun 30-da Polşa hökuməti həkimlər üçün aborta çıxışın təhlükəsizliyinin təmin olunmasına yönəlik tövsiyələr dərc edib.

Yeni qaydalara görə, bir mütəxəssisin, o cümlədən kardioloq, endokrinoloq, yaxud psixiatrın tövsiyələri qadının xəstəxanada leqal abort etdirməsi üçün yetərli əsas sayılır. Proseduru icra edən həkim isə məsuliyyətə cəlb olunmamalıdır.

2020-ci il oktyabrın 22-də Polşa Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara görə, döldə qüsurlara görə hamiləliyin sonlandırılması qanunsuzdur. Polşada abortların 98 faizi məhz bu səbəbdən gerçəkləşdirilir. Qərara görə, aborta yalnız zorlama və insest, eləcə də ananın həyatına, yaxud səhhətinə təhdid olanda icazə verilir.

Xidmətdən imtina edən cərimələnəcək

2023-cü ilin sonunda vəzifəyə keçən baş nazir Donald Tusk deyib ki, abort barədə qanunu liberallaşdırmaq, hamiləliyin 12-ci həftəsinə qədər onun sonlandırılmasına icazə vermək niyyətindədir. Ancaq bu təklif parlamentdə yetərli dəstəyi yığa bilməyib. Bu səbəbdən Tusk hökuməti problemin başqa yollarını axtarmalı olub.

Səhiyyə naziri İzabela Leşina deyib ki, hazırda həkimlərin və xəstəxanaların əksəriyyəti bir həkimin rəyi əsasında hamiləliyin erkən dövründə aborta icazə verməklə bağlıq qaydalara əməl etmir, cinayət təqibindən ehtiyatlanır.

"Hamiləliyin sağlamlığına təhlükə yaratması barədə tibbi arayışı olan qadına Milli Səhiyyə Fondu ilə müqavilə bağlamış tibbi müəssisədə hamiləliyin sonlandırılması xidməti göstərilməlidir", – nazir vurğulayıb.

Tibbi göndərişi olan qadını abort etməkdən imtina edən qurumlar 500 min zlotiyə (129 min dollar) qədər cərimələnə və ya Milli Səhiyyə Fondu ilə müqaviləni itirə bilər.

Rusiya Lvova raket zərbələri endirib, ölənlər var

Lvova raket zərbələri
Lvova raket zərbələri

Sentyabrın 4-də səhər Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib. Uşaqlar daxil olmaqla ölənlər və yaralananlar var. Ukraynada "gərgin" gecə səbəbindən Polşa havaya döyüş təyyarələrini qaldırıb.

Lvov vilayət administrasiyasının başçısı Maksim Kozitski raket zərbəsi nəticəsində azı üç nəfərin həlak olduğunu bildirib. İlkin məlumatlara görə, ölənlərdən biri 14 yaşlı qızdır. 35 nəfər xəsarət alıb. Yaralıların içində beş uşaq var. 15 nəfər yetkin yaşlı xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Bu barədə Lvovun meri yazıb.

Rusiyanın zərbəsindən baş vağzal ərazisində yaşayış evlərinin yandığı, həmin rayonda bir çox evlərin şüşələrinin çıxdığı bildirilir. İki məktəbə ziyan dəyib.

"Kinjal", qanadlı raketlər

İlkin məlumatlarda Rusiya ordusunun Lvovu "Kinjal" hipersəs raketləri ilə vurduğu bildirilir. BBC-nin Ukrayna xidməti isə şahidlərə istinadla yazır ki, yerli vaxtla saat 05:40-də Lvov üzərində bir neçə raket uçub. Bundan altı dəqiqə sonra şəhərdə möhkəm səs eşidilib, evlərdə divarlar silkələnib, alov qalxıb. Lvov üzərində tüstü qalxıb.

Ukrayna hakimiyyəti isə daha öncə Lvov üzərində Rusiya dronlarının qeydə alındığını xəbər verib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, bir neçə qanadlı raket də görünüb, onlar Lvov, İvano-Frankosvk, Ternopolsk və Xmelnitski vilayətlərinə doğru hərəkət edirlər.

Dnepropetrovsk vilayət administrasiyasının başçısı Sergey Lısak bildirib ki, Krivoy Roqa səhər zərbəsindən beş yerli sakin xəsarət alıb, mehmanxanaya ziyan dəyib, bir neçə evin şüşələri qırılıb.

Polşa silahlı qüvvələrinin operativ komandanlığı isə bildirib ki, Rusiyanın Ukraynaya növbəti zərbəsindən dolayı havaya Polşa hərbi təyyarələri qaldırılıb. "Reuters" son səkkiz gündə üçüncü dəfədir belə hal yaşandığını yazır.

Lvov şəhərinin meri Andriy Sadoviy zərbələrdə yeddi nəfərin öldürüldüyünü deyib. Ümumilikdə 38 nəfər xəsarət alıb.

Lvovda ölənlərin içində 9 yaşlı qız və 10 yaşlı oğlan var.

Rusiya ordusu çərşənbə gününə keçən gecə Lvova endirilən zərbəni şərh etməyiblər.

Sentyabrın 3-də Rusiyanın Ukraynanın mərkəzindəki Poltava şəhərinə zərbəsindən isə azı 51 nəfər həlak olub, azı 200 nəfər həlak olub.

İran diplomatı və Rusiya səfiri nədən danışıb

Rusiya və İran bayraqları
Rusiya və İran bayraqları

İran xarici işlər nazirinin köməkçisi və Avrasiya Direktorluğunun rəisi Moctəba Dəmirçilu Tehranda Rusiya səfiri Aleksey Dedov ilə görüşündə Qafqazda davamlı sülhün bərpasının vacibliyini vurğulayıb. Bu barədə İran XİN məlumat yayıb.

Diplomat həmçinin regiondakı ölkələrin hamısının qanuni narahatlığını və maraqlarını nəzərə almağın vacibliyini qeyd edib.

İran diplomatı görüşdə onu da deyib ki, ölkələrin dövlət suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı maraqlarına sayqı davamlı sülhün təminatçısıdır, Qafqazda regional əməkdaşlığım təməlidir.

XİN-in məlumatında deyilir ki, İran rəsmisi regionda beynəlxalq səviyyədə tanınmış sərhədlərin hər hansı formada dəyişdirilməsinə, geosiyasi dəyişikliyə qarşıdır.

Tərəflər həmçinin "3+3" məşvərət mexanizmi çərçivəsində gözlənən görüşü, o cümlədən İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Səfir İran XİN-ə çağırılıb?

Azərbaycanın hökumətyönlü mediası bu görüşü səfirin İran XİN-ə çağrılması kimi təqdim edir, səbəbin Rusiyanın "Zəngəzur dəhlizi"ni dəstəkləməsi ilə bağlı olduğunu yazır.

Elə İranın da bəzi media orqanları bu görüşlə bağlı xəbəri “İran Rusiyanı Zəngəzur dəhlizi ilə bağlı siyasətinə görə tənbeh edir” başlığı ilə veriblər.

İran Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək nəqliyyat marşrutuna qarşıdır.

Bakının işlətdiyi "Zəngəzur dəhlizi" ifadəsini Yerevan qəbul etmir, dəhliz məntiqinə qarşı çıxır. Azərbaycan ötən ay bildirib ki, ikitərəfli sülh sazişinin imzalanmasını yubatmamaq üçün regional kommunikasiyaların açılması bəndi müvəqqəti olaraq saziş layihəsindən çıxarılıb.

Avqustun ortasında Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçlayıb. Ermənistan isə buna sərt reaksiya verib, Lavrovun Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı, guya, "konstruktiv" rolunu sual altında qoyduğunu bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Çində avtobus qəzasında beşi məktəbli olmaqla 11 nəfər həlak olub

Avtobus insidenti
Avtobus insidenti

Çinin şərqi Şandun əyalətində avtobus bir qrup məktəblini vurub, beşi şagird olmaqla 11 nəfər həlak olub. Xəbəri dövlət mediası yazıb.

"Sinhua" agentliyinin məlumatına görə, insident Tayan şəhərində baş verib, avtobus orta məktəbin darvazası önündə gözləyən şagirdlərin üstünə sürüb.

Dövlət televiziyası xəbər verib ki, qəzaya sürücünün yolayrıcında avtobusa nəzarəti itirməsi səbəb olub. 24 nəfərin xəsarət aldığı, birinin vəziyyətinin ağır olduğu xəbər verilir.

Qəzanın səbəbi ilə bağlı ilkin rəsmi məlumat yoxdur. Polis sürücü və insidentin baş vermə şəraiti üzrə təhqiqata başlayıb.

Cənubi Koreyada Telegram-la bağlı araşdırma aparılır

Telegram
Telegram

Cənubi Koreyada Telegram şirkətinə qarşı pornodipfeyklərin yayılmasına kömək şübhəsi ilə ilkin təhqiqat başladılıb. Məlumatı "Yonhap" agentliyi verib.

Nəşr qeyd edir ki, avqustun sonunda cəmi dörd gün ərzində 24 şübhəlinin yaydığı dipfeyklərlə bağlı polisə 88 şikayət daxil olub. Polis xüsusilə dipfeyk hazırlayan Telegram-botların, eləcə də belə materialları yayan qrupların fəaliyyətini araşdırır.

Milli Təhqiqatlar Bürosunun başçısı U Çon Su deyib ki, Telegram-la bağlı ilk dəfədir təhqiqat başladılıb, koreyalı təhqiqatçılar bu iş üzrə Fransanın istintaq orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəklər.

Telegram-ın qurucusu Pavel Durov avqustun 24-də axşam Parisin Le-Burje aeroportunda saxlanılıb. O, Fransaya Azərbaycanda şəxsi təyyarədə uçub.

Prokurorluq onunla bağlı 2024-cü ilin fevralında araşdırmaya başladığını bildirib. "Politico" nəşri isə yazıb ki, Durovun həbsinə bu ilin martında order çıxarılıb.

Durov 5 milyon avro girov qarşılığında məhkəmə nəzarətinə buraxılıb.

Fransa hakimiyyəti P.Durovu səlahiyyətli orqanların sorğusu əsasında informasiya, yaxud sənədləri təqdim etməməkdə, eləcə də qanun pozuntularında əlbirlikdə günahlandırırlar. Pozuntular sırasında isə azyaşlılarla pornoqrafiyanın yayılması, narkotiklərin qanunsuz dövriyyəsi, dələduzluq sadalanır.

"Libération" mənbələrə istinadla yazır ki, Durov Parisdə dindirilmə zamanı Fransa xüsusi xidməti ilə əməkdaşlıq etdiyini deyib.

Rusiya Kiyevi dron və raketlərlə hədəfə alır, yanğınlar güclənir

Yanğınsöndürənlər Rusiyanın Kiyevə raket zərbəsi zamanı zədələnmiş universitetin idman kompleksinin yerində işləyirlər.
Yanğınsöndürənlər Rusiyanın Kiyevə raket zərbəsi zamanı zədələnmiş universitetin idman kompleksinin yerində işləyirlər.

Rusiya sentyabrın 2-də səhər Kiyevi dronlar, qanadlı və ballistik raketlərlə hədəfə alıb. Hücumlar nəticəsində azı iki nəfər xəsarət alıb, yanğınlar güclənib, evlərə, infrastruktura ziyan dəyib.

Kiyev su zavodunda buxar qazanına ziyan dəyib. Svyatoşinski rayonunda bomba sığınacağı kimi istifadə olunan metrostansiyanın girişi də zədələnib. Məlumatı Kiyevin meri Vitali Kliçko verib. Onun sözlərinə görə, vurulan raketlərin qalıqlarının düşdüyü bir neçə rayona fövqəladə xidmətlər göndərilib.

"Hər şey üçün cavab verəcəklər. Düşmən bunu hiss edəcək", – prezident aparatının rəhbəri Andrey Yermak hücumdan sonra Telegram-da yazıb.

Kiyev və ətraf rayonlar üzərində azı 10 qanadlı və 10-dək ballistik raketin, eləcə də bir dronun vurulduğu bildirilir.

Sentyabrın 2-də Ukraynada iki saat ərzində hava həyəcanı eşidilib. NATO üzvü Polşa özünün hava məkanının təhlükəsizliyini təmin etmək üçün təyyarələrini işə salıb, - "Reuters" yazır.

Bir gün öncə Rusiya ordusu ölkənin çoxsaylı regionlarını hədəfə alan 158 Ukrayna dronunu aşkarlayaraq məhv etdiyini bildirib. Bu, Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan bəri Ukraynanın ən böyük hücumlarından biri sayılır.

Bir neçə həftə öncə isə Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə girib. Moskva, hələlik, onları geri oturda bilməyib, Kreml cavab verəcəyini bildirib.

Kamçatkada Mi-8 vertolyotunun qalıqları tapılıb. 22 nəfər həlak olub

Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yer
Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yer

Sentyabrın 1-də Rusiyanın Kamçatka vilayətində xilasedicilər bir gün öncə itmiş Mi-8 vertolyotunun qalıqlarını tapıblar. Qalıqlar pilotların sonuncu dəfə əlaqəyə keçdiyi yerin yaxınlığından aşkarlanıb. Fövqəladə xidmətlərin TASS agentliyinə dediyinə görə, vertolyot təpəliyə dəyərək partlayıb.

Vertolyotdan olan 22 nəfərin hamısının həlak olduğu güman edilir, 17 nəfərin cəsədi tapılıb.

"Vityaz-Aero" aviaşirkətinə məxsus vertolyot radardan avqustun 31-də itib. Onun bortunda üç ekipaj üzvü və 12 turist-sərnişin olub. Rusiya futbol ittifaqının maliyyə direktoru Arseni Zamyatin və həyat yoldaşı da vertolyotda imişlər.

"Vityaz-Aero" şirkəti 15 ildir sərnişin və turist daşımaları ilə məşğuldur. Şirkət Kamçatkada piyada və vertolyot ekskursiyaları təklif edir.

Hadisə ilə bağlı nəqliyyat təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Aİ parlamentinin sədri yeznəsini aparat rəhbəri təyin edib

Roberta Metsola
Roberta Metsola

Avropa Parlamentinin sədri Roberta Metsola yeznəsini özünün aparat rəhbəri təyin edib. Bu barədə "Politico" yazır.

Mettyu Tabone 2013-cü ildən Avropa Parlamentində Metsolanın yanında işləyir. O, yeni vəzifədə Letisiya Suleta de Reals Ansaldonu əvəzləyəcək. Ansaldo parlamentdə başqa vəzifəyə keçir.

Avropa Parlamentinin Maltadan üzvü Aleks Aqius Saliba Facebook-da Metsolanın addımını "azğın nepotizm" adlandırıb. Aqius Saliba Leyborist, Metsola onun əzəli rəqibi Milliyyətçi partiyasındandır.

"Təsəvvür edin ki, mən, yaxud Leyborist Partiyasının başqa bir üzvü ailə üzvünü ofisində yüksək vəzifəyə təyin edir", – Aqius Saliba yazıb.

Tabone illərlə Metsolanın yaxın köməkçisi olub, 2015-ci ildə onun bacısı ilə evlənib. Metsola daha sonra Avropa Parlamentinin sədri seçilib.

Metsolanın sözçüsü "Politico"ya bu təyinatla bağlı şərh verməyib.

Qalmaqallı təyinatlar

Nəşr yazır ki, Metsola bundan öncə də qalmaqala səbəb olan təyinatlar edib.

2022-ci ilin payızında Alessandro Kyokketti onun aparat rəhbərliyindən parlamentin baş katibi postuna yüksəlib. Kyokkettinin Metsolanın köməkçisi olanda həmin rola keçmək üçün favoritizmdən faydalandığı bildirilir. O, həmçinin gizli sövdələşmələrdən yararlanmaqda ittiham olunub. Belə ki, parlamentdə Kyokkettiyə siyasi dəstəyin təmin olunması üçün bir neçə yeni postlar yaradılıb.

Metsola və onun sağ-mərkəzçi Avropa Xalq Partiyası (EPP) Kyokkettini dəstəkləyib, yalnız parlament prosedurana əməl etdiklərini deyiblər.

"Bu, qurumun tarixində ən açıq proses olub. Vakansiya bir neçə ay açıq qalıb, hər kəs müraciət edə bilərdi... İlk dəfə idi ki, bir posta bir nəfərdən çox namizəd müraciət edirdi", – Metsola 2022-ci ilin sentyabrında deyirdi.

Ukrayna həftənin əvvəlində F-16-nın qəza etdiyini təsdiqləyir

F-16-lar Ukrayna səmasında
F-16-lar Ukrayna səmasında

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 qırıcısının Rusiyanın Ukrayna ərazisinə raket və dron zərbəsini dəf edərkən qəzaya uğradığını təsdiqləyib.

Baş Qərargah avqustun 29-da Facebook-da yazıb ki, Ukraynanın F-16-ları Rusiyanın zərbələri ilə savaşıb, düşmənin dörd qanadlı raketini vurub.

"Növbəti hədəfə yaxınlaşanda təyyarələrin biri ilə kontakt itib. Sonradan bəlli olub ki, təyyarə qəza edib, pilot həlak olub", – ordu bildirib.

Məlumata görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün Müdafiə Nazirliyi xüsusi komissiya təyin edib.

Pentaqon sözçüsünün müavini Sabrina Sinqx (Sabrina Singh) deyib ki, F-16-nın qəzaya düşməsi barədə məlumatları görüb, insidentdən sonra kömək üçün hansısa xahiş olunub-olunmamasından xəbəri yoxdur. Sözçü brifinqdə əlavə informasiyasının olmadığını söyləyib. Onu da əlavə edib ki, pilotlar ABŞ-da təlim keçiblər, döyüşdə isə çətinliklər olur.

"Geniş mənada, döyüş aviasiyası çox mürəkkəbdir. Pilotlara burada, Birləşmiş Ştatlarda təlim keçməkdən qürur duyuruq, müttəfiqlərimiz də Ukraynada pilotlara təlim keçirlər", – Sinqx vurğulayıb.

ABŞ rəsmisinin dediyi

Ukrayna Silahlı Qüvvələri Oleksey Mes adlı pilotun Rusiyanın kütləvi zərbəsini dəf edərkən həlak olduğunu açıqlayıb. Hava döyüşü zamanı üç qanadlı raketin, bir dronun da vurulduğu bildirilir.

F-16-nın avqustun 26-da qəzada dağılması barədə ilk dəfə "The Wall Street Journal" yazıb. Adı çəkilməyən ABŞ rəsmisi qəzetə deyib ki, insident Rusiyanın kütləvi zərbəsi zamanı baş versə də, ilkin məlumatlar təyyarənin düşmən atəşi ilə vurulmadığını göstərir, pilotun səhvi nəticəsində qəza etdiyi görünür.

CNN mənbələrə istinadla xəbər verib ki, Ukrayna ordusu insidentə pilot səhvinin səbəb olmasına inanmır. Qəza ilə bağlı təhqiqat gedir, beynəlxalq ekspertlər onda iştiraka dəvət olunacaqlar.

Niderlandın icazəsi

Avqustun əvvəlində Niderland bildirib ki, Ukraynaya verdiyi F-16-lardan Rusiya ərazisində istifadə olunmasına icazə verib.

"Müharibə qanunlarına əməl olunduğu halda F-16-lardan istifadəyə, məsafəyə hər hansı qadağa qoymamışıq", – Niderland silahlı qüvvələrinin komandiri general Onno Eyxelsxaym NOS ictimai televiziyasına deyib.

Birləşmiş Ştatlardan danışan general əlavə edib ki, amerikalı həmkarları onun mövqeyi ilə qismən razıdır.

Niderland Ukraynaya 24 F-16 vəd edib, birinci partiya tezliklə çatdırılmalıdır. General təyyarələrdən hansısa birinin hazırda istifadə olunub-olunmadığını açıqlamayıb.

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov saxlanılıb

Pavel Popov
Pavel Popov

Rusiya İstintaq Komitəsi avqustun 29-da bildirib ki, müdafiə nazirinin keçmiş müavini Pavel Popova qarşı dələduzluq ittihamı ilə istintaq başladıb. Hazırda Rusiyada hərbi vəzifəlilərə qarşı təzyiq kampaniyası aparılır.

İstintaq Komitəsi Rusiya ordusunun generalı olan Popovun saxlandığını bildirib.

Popov bu ilin iyununda, 11 il müdafiə nazirinin müavini postunda çalışandan sonra vəzifədən kənarlaşdırılıb. O, nazirliyin 2021-24-cü illərdə Moskva yaxınlığındakı Patriot Parkında əməliyyatlara nəzarət zamanı saxta yollarla qanunsuz varlanmada şübhəli bilinir.

5 milyon dollarlıq mülklər

İttihamnaməyə görə, Popov Patriot Parkının direktoru Vyaçeslav Axmedov və nazirliyin İnnovativ İnkişaf Departamentinin rəis müavini, general mayor Vladimir Şesterov ilə birlikdə qanunsuz hərəkətlərə yol verib.

Axmedov və Şesterov avqustun əvvəlində mənimsəmə ittihamları ilə saxlanılıblar.

İstintaq Komitəsi bildirir ki, Popov Patriot Parkı üçün ayrılmış vəsaitləri Moskva yaxınlığındakı evinin tikintisi və təmirinə yönəltməkdə şübhəli bilinir.

"İstintaq üzə çıxarıb ki, ...Popov və ailə üzvləri Moskvada, Moskva vilayətində və Krasnodar diyarında prestijli yerlərdə çoxsaylı mülklərə yiyələniblər", – komitə vurğulayır.

Bu binaların ümumi dəyərinin 500 milyon rubldan (5 milyon 454 min dollar) çox olduğu, binaların qanuni sahibliyinin araşdırıldığı qeyd edilir.

Şoyqu kənarlaşdırılandan sonra aparılan həbslər

Prezident Vladimir Putin mayda yaxın müttəfiqi Sergey Şoyqunu müdafiə naziri postundan kənarlaşdırandan bəri ordunun və Müdafiə Nazirliyinin bir neçə vəzifəlisi korrupsiya ittihamları ilə həbs olunub. Şoyqunun yerinə onun keçmiş birinci müavini Andrey Belousov təyin olunub.

2016-cı ildə salınmış Patriot Parkı 3 min 500 hektardan çox sahəni əhatə edir. Parkda hərbi muzeylər, tarixi döyüş səhnələrinin təsviri, ordunun əsas kilsəsi yerləşir.

Mediada yazılanlara görə, parkın tikintisinə müdafiə nazirinin müavini Timur İvanov nəzarət edib. General-mayor rütbəsi olan İvanov apreldə rüşvətalma ittihamı ilə həbs edilib. O, özünü təqsirli bilmir. Onun həbsindən sonra Sergey Borodin və Aleksandr Fomin adlı iki biznesmen də saxlanılıblar.

Mayda daha bir neçə vəzifəli rüşvətalma ittihamı ilə saxlanılıb.

Ötən ay Rusiya rəsmiləri İvanovun birbaşa tabeliyində işləmiş Maqomed Xandayevin iyunda qəflətən öldüyünü təsdiqləyiblər.

Kiyev yeni hücumları dəf edir

Kiyevə dron hücumu
Kiyevə dron hücumu

Ukrayna avqustun 29-da ölkənin müstəqilliyi uğrunda canını qurban verənlər üçün anım günü keçirdiyi bir vaxtda Rusiya Kiyevə və ölkə boyunca yeni zərbələr endirir.

Son dörd gündə Ukrayna paytaxtına üçüncü irimiqyaslı hücum gerçəkləşdirilib, Kiyev üzərində azı 10 Rusiya dronu vurulub. Bu barədə şəhər administrasiyası məlumat yayıb.

Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko yazıb ki, bu dəfə yalnız hücum PUA-larından istifadə olunub, hücum Ukraynanın Xerson vilayətinin işğal altında olan hissəsindən və Rusiyanın Kursk vilayətindən gerçəkləşdirilib.

Popkonun sözlərinə görə, dron qalıqlarının səbəb olduğu yanğın söndürülüb, itkilər, maddi ziyanla bağlı məlumat yoxdur.

Ukraynanın Hava Qüvvələr isə avqustun 29-da səhər Ukrayna ərazisində Rusiyanın iki raketinin və 60 dronunun vurulduğunu bildirib.

Bir gün öncə Ukraynanın Donetsk və Zaporojye vilayətlərinə hücumlarda azı doqquz nəfər öldürülmüşdü.

Bu gün həm də Ukraynanın Müdafiəçilərini Anım Günü keçirilir.

10 il əvvəl Donetsk vilayətinin İlovaysk şəhəri uğrunda döyüşlərdə Rusiya əsgərləri yüzlərlə ukraynalı əsgəri qətlə yetiriblər. 2014-cü il avqustun 24-də əsgərlər Rusiyanın mühasirəyə aldığı şəhərdən çıxmağa başlayanda Rusiya ordusunun dinc keçidlə bağlı vədlərinə baxmayaraq, qətlə yetiriliblər.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Oleksandr Sırski deyib ki, bu tarix təcavüzkar Rusiyanın xəyanətinə dair əbədi xəbərdarlıqdır.

"İlovaysk təkcə Ukrayna tarixinin faciəvi hadisəsi deyil, həm də Ukraynanın ram edilməzliyinin bir səhifəsidir", – o deyib.

Ukrayna Baş Qərargahı avqustun 29-da bildirib ki, ötən gün Rusiyada neft depoları və sursat anbarına üç dron zərbəsinin arxasında onlar dayanıb.

Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov avqustun 29-da deyib ki, Ukraynanın zərbələrindən bir nəfər öldürülüb, ikisi yaralanıb.

MKİ rəsmisi: Rusiya Kurskda əks-hücum planlayır

Devid Koen
Devid Koen

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətində Ukrayna qoşunlarının ələ keçirdiyi əraziləri geri almaqdan ötrü əks-hücuma keçə bilər. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ-CIA) direktor müavini Devid Koen (David Cohen) avqustun 28-də deyib.

"Putinin həmin ərazini geri almaq üçün əks-hücuma keçəcəyindən əmin ola bilərik. Gözləntimiz odur ki, rusiyalılar üçün çox çətin savaş olacaq", – Koen milli təhlükəsizlik və kəşfiyyat məsələlərinə həsr olunmuş konfransda söyləyib.

MKİ rəsmisinin sözlərinə görə, əks halda, Kreml cəmiyyətdə mənfi nəticələrlə üzləşəcək.

Ukrayna hərbçiləri avqustun 6-da Rusiyanın Kursk vilayətinə müdaxilə edib. Kiyev bu ərazini ilhaq etmək niyyəti olmadığını desə də, Ukrayna əsgərləri müdafiə xətləri qururlar, görünür, həmin ərazinin bir hissəsini müəyyən zaman kəsiyində əllərində saxlamaq istəyirlər, - Koen Vaşinqton yaxınlığındakı Merilenddə keçirilən konfransda bildirib.

Kurska çağırışçılar cəlb oluna bilər

ABŞ kəşfiyyatının hesablamasına görə, hazırda Kursk vilayətində Ukrayna hərbçilərinin nəzarəti altında 800 kvadrat kilometrə yaxın ərazi var. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bugünlərdə deyib ki, Ukrayna təxminən 1300 kvadratkilometr əraziyə nəzarət edir.

ABŞ mətbuatı yazır ki, Kursk vilayətinə nəzarəti qaytarmaq üçün Moskvaya 50 minə yaxın əsgər lazım gələcək. Kəşfiyyat məlumatları ilə tanış olan mənbələr hazırda Rusiyanın bu qədər hərbçisi olmadığını deyirlər.

Rusiya Müdafiə Nazirliyi Donbasda Pokrovsk istiqamətindən qüvvələri çıxarmağı planlaşdırmır. "Bloomberg" agentliyi yazıb ki, Rusiya Kursk vilayətinə çağırışçıları cəlb edə bilər.

Avqustun 6-dan bəri Kurskda döyüşlər gedir. Ukrayna onlarla yaşayış məntəqəsini, o cümlədən Sudja rayon mərkəzini nəzarətə götürdüyünü bildirir. Rusiya hakimiyyəti isə belə informasiyanı ya təkzib edir, ya da şərh vermir.

Hazırda Kurskda federal miqyasda fövqəladə vəziyyət elan edilib. Sərhəd rayonlardan azı 130 min nəfərin köçürüldüyü bildirilir.

Rusiya 2022-ci il fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayıb.

Pavel Durova ittiham verilib, Fransadan çıxması qadağan edilib

Pavel Durov
Pavel Durov

Telegram platformasının başçısı Pavel Durova bu messencerdə ekstremist və qanunsuz kontentin qarşısını almamaqla bağlı ittihamlar irəli sürülüb, məhkəmə nəzarətinə verilib. Bu barədə Paris prokurorluğu avqustun 28-də məlumat yayıb.

Durov həftədə iki dəfə polisə məlumat verməlidir, onun Fransadan çıxması qadağan edilib. Parisdə təhqiqatçılar Telegram-ın rəhbərinin 5 milyon avro girovpulu qoyması qərarını çıxarıblar.

Rusiya doğumlu, Telegram-ın qurucusu və baş icraçı direktoru P.Durov avqustun 24-də Paris yaxınlığındakı Le-Burje aeroportunda saxlanılıb. Fransa mediası bunun ölkənin Daxili İşlər Nazirliyinin azyaşlılara qarşı cinayətləri araşdıran bölümünün xahişi ilə həyata keçirildiyini yazıb.

İlkin ittihamlar nə deməkdir

Durova qarşı iddialara görə, onun platformasından uşaqlara qarşı cinsi istismar, narkotik alveri üçün istifadə olunur. Telegram-ın qanunvericiliyə uyğun olaraq təhqiqatçılarla informasiya, yaxud sənədləri paylaşmaqdan imtina etdiyi vurğulanır.

Ona qarşı "onlayn platformada mütəşəkkil qrup tərəfindən qanunsuz tranzaksiyalara icazə verilməsində əlbirlik" ilə bağlı ilkin ittiham 10 ilədək həbs, 500 min avro cərimə nəzərdə tutur, - prokurorluğun məlumatında deyilir.

Fransa qanunlarına uyğun ilkin ittihamlar o deməkdir ki, hakimlərin cinayətin törədilməsinə inanmağa güclü səbəbi var, amma əlavə araşdırmağa vaxt verirlər.

Telegram-ın bəyanatı

Telegram isə avqustun 25-də bəyanat yayaraq bildirib ki, Durovun gizlədiləsi heç nəyi yoxdur, sosial media platformasında pozuntuya görə onun sahibini məsuliyyətə cəlb etmək absurddur.

Durovun Rusiya və Fransa vətəndaşlıqlarından savayı, BƏƏ, Sent Kits və Nevis vətəndaşlıqları da var.

BƏƏ Xarici İşlər Nazirliyi işi yaxından izlədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov avqustun 27-də Moskvada deyib ki, Durova qarşı iddialar çox ciddidir, "elə o dərəcədə də ciddi dəlil tələb edir".

Fransa prezident Emmanuel Makron avqustun 26-da deyib ki, Durovun həbsi müstəqil təhqiqatın tərkib hissəsidir. O, ölkəsinin ifadə azadlığına dərin sədaqətini vurğulayıb, ancaq həm sosial media, həm də real həyatda azadlıqların qanuni çərçivədə təmin olunduğunu, vətəndaşların qorunduğunu bildirib.

Dezinformasiya yaymaq aləti

Telegram-a qarşı Rusiya dövləti ilə əlaqəli olmaq ittihamı var. Ukraynada tənqidçilər onun dezinformasiya yaydığını, qanunsuz hərəkətləri asanlaşdırdığını deyirlər.

900 milyondan çox izləyicisi olan, Dubayda yerləşən Telegram-ın istifadəçiləri, əsasən, Rusiya, Ukrayna və keçmiş sovet respublikalarındadır. Dünyada WhatsApp və Messenger-dən sonra üçüncü ən böyük kommunikasiya platforması sayılır.

Amma Telegram həm də dezinformasiya yayılmasında güclü alətə çevrilib. 2023-cü ildə açıqlanmış müstəqil jurnalist hesabatında deyilirdi ki, Telegram Mərkəzi və Şərqi Avropada dezinformasiya yayan üçüncü platformadır.

2022-ci ildə Almaniya hökuməti Telegram operatorlarının ölkə qanunvericiliyinə əməl etmədiyini deyərək 5.1 milyon avro (5 milyon dollar) cərimə kəsib.

TikTok 10 yaşlı qızın ölümünə görə məhkəməyə verilib

ABŞ Apellyasiya Məhkəməsi populyar Blackout Challenge oyunundan sonra həyatını itirmiş 10 yaşlı qızın anasının şikayəti üzrə işə baxılmasını bərpa edib.

Reuters agentliyi yazır ki, ABŞ federal qanunu adətən şirkətləri istifadəçi kontenti ilə bağlı belə iddialardan müdafiə edir.

Bununla belə bundan əvvəl apelyasiya məhkəməsinin hökmündə deyilirdi ki, ana alqoritmin verdiyi tövsiyəyə görə TikTok platformasını məhkəməyə verə bilər.

Məhkəmənin rəyinə görə qanun istifadəçi kontentini müdafiə edir, amma TikTok platformasının alqoritmlər vasitəsilə verdiyi tövsiyələri müdafiə etmir.

ABŞ Ali Məhkəməsi bildirib ki, platformanın alqoritmi kənar kontentin necə kompilyasiya edilməsinə dair redaksiya qərarlarını əks etdirir.

TikTok nümayəndələri hələ ki, bu xəbəri şərh etməyiblər.

Blackout Challenge 2021-ci ildən TikTok platformasının populyar trendi olub.

Söhbət “boğulma ilə müşayiət olunan oyunlardan” gedir. Bu oyun zamanı istifadəçilər beyinə gedən oksigenin yolunu bağlayır və özlərini qısamüddətli eyforiya halına gətirirlər.

Belə hərəkətlər beyin zədələnməsi və hətta ölümlə nəticələnən hallara səbəb ola bilər.

Davamı

XS
SM
MD
LG