ABŞ prezidenti Donald Trump-la bağlı iddialar çoxaldıqca, onun impiçment məsələsi də ara-sıra gündəmə gəlir. Hələ inauqurasiyasından öncə opponentləri bunun mümkünlüyündən danışırdı, amma hələlik, rəsmi şəkildə qaldırılmayıb.
AĞIR CİNAYƏTLƏR NƏYİ EHTİVA EDİR?
Qalmaqalların da ardı-arası kəsilmir. Elə bu həftə ABŞ mediası yazıb ki, Trump FBI-nin keçmiş rəhbəri James Comey-dən keçmiş müşaviri və Rusiyayla bağlı təhqiqatı dayandırmasını istəyib. Daha öncə isə onun kəşfiyyat məlumatlarını Rusiya səfirinə ötürməsi haqda informasiya yayılmışdı.
***Buna da bax-Trump-Rusiya əlaqələrinin araşdırlması üçün xüsusi prokuror təyin edildi
Amma prezidenti impiçment etmək asandırmı? BBC bu məsələni, keçmişdə hansı prezidentlərin impiçment olunmasını araşdırıb.
ABŞ konstitusiyasında deyilir ki, prezident «vətənə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə təqsirli bilinib, yaxud impiçment olunubsa, vəzifəsindən getməlidir». Amma məhz «ağır cinayət» deyəndə, nəyin nəzərdə tutulması müzakirə olunmaqdadır.
İmpiçment prosesini Nümayəndələr Palatası başladır və palatada sadə səs çoxluğuyla keçir. Məhkəməni isə Senat qurur. Senatda isə səslərin 2/3-si əldə olunmalıdır ki, bu, Amerika tarixində heç vaxt baş verməyib.
İKİ PREZİDENT
İndiyədək cəmi iki ABŞ prezidentinə qarşı impiçment proseduru başladılıb, amma sonda Senat tərəfindən rədd edilib. 42-ci prezident Bill Clinton yalan ifadə verdiyinə və məhkəmənin işini əngəllədiyinə görə impiçment olunub. O, Monica Lewinsky ilə münasibətləri haqda yalan danışıb və iddiaya görə, ondan da yalan danışmasını istəyib.
Bəs ikinci prezident? Yox, Richard Nixon deyil.
Prezident Andrew Johnson 1865-ci ildən başlayaraq 4 il ərzində bu postda olub. O, ölkənin 17-ci prezidenti idi. 1868-ci ildə Nümayəndələr Palatasında impiçmentə məruz qalsa da, vəzifəsini saxlaya bilib. Özü də onun siyasətiylə razılaşmayan müharibələr üzrə katibi Edwin Stanton-u işdən çıxarandan 11 gün sonra.
***Buna da bax-Putin: 'Senata Lavrov-Trump söhbətinin yazısını verə bilərik'
Amerika mediası Stanton-un və Comey-in işdən çıxarılması arasında dərhal müqayisə aparıb.
MƏSƏLƏNİN NƏZƏRİ VƏ PRAKTİK TƏRƏFİ
BBC yazır ki, nəzəri baxımdan Trump-ın impiçmenti mümkündür. Texniki olaraq, ABŞ konstitusiyasının qorunmasıyla bağlı andını pozmaqda ittiham oluna bilər. Amma praktik olaraq, heç mümkün görünmür.
BBC-nin Şimali Amerika üzrə müxbiri Anthony Zurcher qeyd edir ki, «Nümayəndələr Palatasına Demokratlar nəzarət etsəydi, artıq impiçment maddələri hazırlanma mərhələsində olardı».
Amma fakt odur ki, palataya respublikaçılar 238-193 səs çoxluğuyla nəzarət edirlər. Senatda da üstünlük 52-46 onların xeyrinədir, iki senator da müstəqil sayılır.
Respublikaçıların böyük əksəriyyəti prezident Trump-a sadiq qalır, baxmayaraq ki, onun reytinqi xeyli düşüb. Bu həftədən öncə «FiveThirtyEight» monitorinq portalı prezidentin reytinqinin ortalama 39.9% olduğunu yazırdı.
RESPUBLİKAÇILARIN NARAZILIĞI
Amma respublikaçıların içində istisnalar da var. Senator John McCain bu həftə bir naharda deyib ki, prezidenti əhatələyən qalmaqallar «Uoterqeyt» miqyasına çatmaqdadır.
Partiya daxilində narazılıq artmaqdadır. «Görəsən, böhransız günümüz olacaq?» – respublikaçı senator Susan Collins CNN-ə deyib.
Hətta Senatda çoxluğun lideri Mitch McConnell Ağ evi «daha az dram» göstərməyə çağırıb.
Bir azdan diqqət gələn ilin seçkilərinə yönələcək və hər bir namizəd özündən, bu prezidentin onun şanslarına zərbə vurub-vurmadığını soruşacaq.
«Və nəhayət: cənab Nixon necə oldu ki, impiçment edilmədi? O, axının özünə qarşı çevrildiyini bilən hər bir həssas şəxsin etdiyini elədi. Özü vəzifədən getdi», – BBC yazır.
Qeyd edək ki, «Uoterqeyt» qalmaqalı 1972-ci ildə ABŞ-da Demokrat Partiyasının Vaşinqtondakı eyniadlı oteldə yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazlarının yerləşdirilməsiylə bağlıdır. Polis buna görə beş nəfəri saxlayıb və onların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu və bu məsələnin arxasında hakimiyyətdəki Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı.