Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:54

Dövlət sektoru "şişir", özəl sektorsa...


►Dövlət sektorunda muzdla çalışanların sayı özəl sektordakından çoxdur

İqtisadiyyatın dövlət sektorunda muzdla (əmək müqaviləsi ilə) işləyənlərin sayı çoxalıb.

Dövlət Statistika Komitəsinin (DSK) aprelin 1-dək olan dövrü əks etdirən məlumatından belə çıxır.

Ölkədə 1,5 milyon nəfərin muzdla çalışdığı bildirilir. Onların 890 min nəfəri dövlət sektorunda fəaliyyət göstərir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 min nəfər çoxdur.

Əslində isə hökumətin hədəfi iqtisadiyyatda dövlətin iştirakını azaltmaq idi.

Bunu keçən ilin sonunda prezident İlham Əliyev təkrar dilə gətirmiş və bəyan etmişdi ki, 2016-cı ildə ciddi struktur islahatları aparılacaq. Ancaq əvəzində səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradıldı.

“Məşğulluq balansı tarazlı və dayanıqlı deyil”

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, muzdla çalışanların 59,3 faizinin dövlət sektorunda fəaliyyət göstərməsi mülkiyyət mənsubiyyəti baxımından məşğulluq balansının tarazlı və dayanıqlı olmamasını göstərir:

“Buna baxmayaraq, iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərənlərin say artımı bu sahədə vəziyyətin daha da pisləşdiyinə işarədir və tarazlılığın dövlət bölməsinin xeyrinə pozulmasını ifadə edir”.

Ekspert deyir ki, problemin başlıca səbəbi dövlət bölməsində izafi işçi problemi və özəl sektorun zəif inkişafıdır:

“Son dövrlər dövlət idarəetməsində struktur islahatları və ixtisarların həyata keçirilməsi, əslində, iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərənlərin sayını azaltmalıydı. Baş verənlər onu göstərir ki, struktur islahatları əsas hədəflərə istiqamətlənməyib”.

____________________________________________________________

Bunlara da bax:
"Bayram Məmmədov işgəncə izlərini göstərdi"- [Video]
Azərbaycan təyyarəsi maneəyə dəyib- [Yenilənib]

____________________________________________________________

“İşsizliyin daha da artmasının qarşısını dövlət sektoru vasitəsilə...”

Əli Məsimli
Əli Məsimli

Milli Məclisin deputatı Əli Məsimli dövlət sektorunda çalışanların say artımını iqtisadi böhrana bağlayır:

“Dünya iqtisadiyyatında gedən proseslər, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və manatın bir ildə iki devalvasiyası iqtisadiyyatımızın real, maliyyə və sosial sahələrində bir sıra problemlər doğurub. Həmin problemlərdən bəzi sahələrdə iş yerlərinin daralması və işsizliyin artması daha çox diqqət çəkir. Hazırda özəl sektorun bir hissəsində əlavə işçi götürmək imkanları daralıb. Əksinə, işçiləri qeyri-müəyyən müddətə məzuniyyətə göndərmək və ya müqaviləyə xitam vermək zorunda qalıblar. Belə şəraitdə işsizliyin daha da artmasının qarşısını almaq məqsədilə imkan olan yerlərdə dövlət sektoru vasitəsilə müəyyən iş yerləri təklif edilir. Bu da son aylar dövlət sektorunda muzdla işləyənlərin sayının bir qədər artmasına səbəb olub”.

“İslahatlar dərinləşdikcə ixtisarlar da artacaq”

Amma bununla yanaşı, Ə.Məsimli struktur islahatlarının labüdlüyünü söyləyir və onların davam etdiriləcəyini bildirir:

“Struktur islahatlarının gedişində, dünyada olduğu kimi, Azərbaycanda da nazirliklərin, dövlət komitələrinin və digər qurumların birləşdirilməsi, bir qismininsə ləğvi təbii haldır. Bu zaman dövlət strukturlarında çalışanların bir hissəsi ixtisar olunur. Həmin islahatlar genişlənib dərinləşdikcə ixtisarlar da artacaq”.

İqtisadçı ekspert Nazim Bəydəmirli sözügedən say artımını yeni yaradılan qurumlarla əlaqələndirir:

“Son bir neçə ayda prezident sərəncamları ilə bir neçə səhmdar cəmiyyətləri yaranıb, Daxili İşlər Nazirliyi müqavilələr əsasında işə götürülənlər haqqında məlumatlar yayır. Bu səbəbdən dövlət sektorunda muzdla işləyənlərin say artımını müşahidə edirik”.

“Dövlət özəl sektoru stimullaşdırsa, daha faydalı iş görmüş olar”

Ekspertin fikrincə, dövlət iqtisadi proseslərə nəzarət funksiyasını daha çox özəl sektorun stimullaşdırmasına yönəltsə, daha faydalı iş görmüş olar:

“Onu da inhisarçılığı aradan qaldırmaqla, investisiya mühitini cəlbedici etməklə, lisenziya və icazələri yumşaltmaqla, vergi və rüsumları uyğunlaşdırmaqla çözmək mümkündür”.

N. Bəydəmirlinin sözlərinə görə, bazar münasibətlərini liberallaşdırmaq, məmur-bürokratların sahibkarlığa təsir və təzyiqini ləğv etmək hökumətin başlıca vəzifəsi olmalıdır.

XS
SM
MD
LG