Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:46

DST-dən Omikron xəbərdarlığı


Sidney aeroportu
Sidney aeroportu

Böyük Yeddiliyin (G7) səhiyyə nazirləri Cənubi Afrikanı ştammı aşkarlayaraq dünyanı xəbərdar etməkdə “nümunəvi işi”nə görə alqışlayıb

Dünya Səhiyyə Təşkilatı (DST) noyabrın 29-da xəbərdarlıq edib ki, koronavirusun Omikron ştammının yoluxmalarda artım yaratmaq riski çox yüksəkdir. Xəbərdarlığın ilkin dəlilə əsaslandığını bildirən qurum potensial artımım “ağır nəticələri” ola biləcəyini deyib.

“Qlobal risk yüksəkdir”

DST-nin üzv ölkələrə göndərdiyi bu texniki sənəd yeni ştammla bağlı BMT agentliyinin ən güclü xəbərdarlığı hesab olunur. Ştamm ötən həftə Cənubi Afrika tədqiqatçıları tərəfindən aşkarlanıb.

Agentlik ilkin dəlilə əsasən qeyd edir ki, ştammın “görünməmiş sayda çıxıntı mutasiyaları” onun həm immun sisteminin reaksiyasından yayınmasına, həm də insandan insana yayılma qabiliyyətini artırmasına imkan verə bilər.

“Bu xüsusiyyətlərdən asılı olaraq, COVID-19-a yoluxmalarda artım baş verə, bunun isə kəskin nəticələri ola bilər. Bu həm də yoluxmaların baş verdiyi yerlərdə çoxsaylı faktorlardan asılıdır. Ümumilikdə qlobal risk… çox yüksək dəyərləndirilir”, – məlumatda deyilir.

COVID-19-un yeni növünə tutulanlar hələlik xəstəliyi yüngül keçirir
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Ölüm qeydə alınmayıb

Hələlik, yeni ştammla bağlı ölüm qeydə alınmayıb, amma Omikron sürətlə yayılır, daha çox ölkə sərhədlərini bağlayır.

Noyabrın 29-da İspaniya Cənubi Afrikadan Niderlanddan keçərək qayıtmış bir səyahətçidə bu ştammı aşkarlayıb.

Portuqaliya Lissabonda futbol klubunda 13 yoluxma qeydə alıb. İsveç, Şotlandiya və Avstriyada da ilk yoluxmalar aşkarlanıb. Omikron artıq Kanada, Almaniya, Britaniya, Belçika, Danimarka və Niderlandda da tapılıb.

Yaponiya və İsrail sərhədlərini xaricilərin üzünə bağlayıblar. ABŞ, Avropa Birliyinin üzvləri isə Afrikanın cənubundan gedənləri qəbul etmirlər.

Vaxt qazanmaq

Bəzi səhiyyə ekspertlərinin fikrincə, belə məhdudiyyətlər yeni ştammın təhlili üçün vaxt qazanmaq, vaksinasiya proqramlarını sürətləndirmək üçün vacibdir.

Bu həftə Cənubi Afrikada yoluxmaların günə 10 mini keçəcəyi gözlənir. İki həftə öncə isə bu göstərici 300-ə çatmırdı. Ölkənin yoluxucu xəstəliklər üzrə eksperti Səlim Əbdül Kərim inanır ki, mövcud vaksinlər Omikronun xəstəliyin ağırlaşmasını önləyə bilər.

İndiyədək bu ştamma yoluxanlarda yüngül simptomlar müşahidə olunsa da, həkimlər hələ tez olduğunu, həm də yeni yoluxmaların 20-30 yaşlılar arasında baş verdiyini deyirlər. Bu yaş qrupu isə COVID-19-u yaşlılar kimi ağır keçirmir.

Cənubi Afrika

Böyük Yeddiliyin (G7) səhiyyə nazirləri Cənubi Afrikanı ştammı aşkarlayaraq dünyanı xəbərdar etməkdə “nümunəvi işi”nə görə alqışlayıb.

AB Komissiyasının Prezidenti Ursula von der Leyen isə Cənubi Afrika Prezidenti Kiril Ramafozanı tərifləyib. “Cənubi Afrikanın analitik işi və şəffaflığı, nəticələri paylaşması sürətli qlobal reaksiyası üçün zəruri idi”, – o deyib.

Ramafoza isə turizm dayanıqlı iqtisadiyyatlara zərbə vuran “əsassız və qeyri-elmi” səyahət qadağalarını pisləyib.

Baydenin çağırışı

ABŞ Prezidenti Co Bayden deyib ki, ABŞ-ın Afrikanın cənubundan gələnlərə səyahət qadağası ölkədə daha çox adamın peyvənd olunmasına şərait yaradacaq.

Onun sözlərinə görə, hökumət farmaseptik şirkətlərlə yeni vaksinlər gərəkəcəyi halda ehtiyat planlar üzərində işləyir.

Bayden deyib ki, ölkə bu qış lokdaunlara getməyəcək, amma əhalini peyvənd olunmağa, buster dozaları vurdurmağa, qapalı məkanlarda maska taxmağa çağırıb.

“Bu ştamm narahatlığa əsas verir, panikaya yox. Bu ştammla mübarizə aparıb onu məğlub edəcəyik”, – Bayden deyib.

XS
SM
MD
LG