Rusiya Dumasının bir neçə qadın jurnalisti tərəfindən seksual qısnamada ittiham edilən nüfuzlu deputatı istefasına sürəkli çağırışların ardınca üzrxahlıq edib və bağışlanmasını istəyib.
Dövlət Dumasının Liberal-Demokrat Partiyasından (LDP) olan üzvü Leonid Slutski özünə qarşı ittihamları rədd etsə də, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikləri ilə yanaşı özünün Facebook səhifəsində “bilərəkdən və ya bilməyərəkdən incitdiyi jurnalistlərdən” üzr istədiyini yazıb. Bu gün Rusiyada dövlət bayramı səviyyəsində qeyd edilir.
Bundan az əvvəl müxalifət lideri Aleksey Navalnı Slutskinin Dumadan çıxarılmasını tələb etmiş, prezidentliyə namizəd Kseniya Sobçak isə bir neçə fəalla birlikdə parlamentin binası qarşısında etiraz aksiyası keçirmişdi.
Azı üç qadın jurnalistin Leonid Slutskini qaba seksual qısnamada açıq ittiham etdiyi məlumdur.
Slutski özünün Facebook səhifəsində yazıb: "Fürsətdən istifadə edərək bilərəkdən və ya bilməyərəkdən narahatlığına səbəb olduğum şəxslərdən üzr istəyirəm. İnanın ki, mənim pis niyyətim olmayıb”.
Üç qadın - RTVI telekanalı redaktorunun müavini Yekaterina Kotrikadze, Dojd telekanalının prodüseri Darya Juk və BBC-nin parlament müxbiri Fəridə Rüstəmova Slutskini seksual qısnamada ittiham ediblər.
Navalnı bu qadınlarla həmrəylini bildirib, habelə Slutskinin və onu müdafiə edən deputatların və rəsmilərin cəzalandırılmasını tələb edib.
Navalnı özünün Facebook səhifəsində yazıb: “Slutskini dəstəkləyən və himayə edənlərin hamısı dəhşətli insanlardır. Slutski isə təkcə insanları özünün seksual qısnaması ilə təhqir edən iyrənc bir kişi yox, həm də dələduzdur. O qovulmağa layiq korrusiyalı birisidir”.
Amnesty International təşkilatı da Moskvada Dumanın binası qarşısında etiraz aksiyası təşkil edib. Etirazçıların əllərində həm Slutskini, həm də Dumanın spikeri Vyaçeslav Volodini hədəfləyən plakatlar vardı.
Volodin seksual təcavüzdən qorxan qadın jurnalistləri “işlərini dəyişməyə” çağırmışdı.
Buna cavab olaraq etirazçılar Volodinə mesajlarında bildiriblər: “Cənab Volodin, siz Dumada seksual qısnama ittihamlarını araşdırmaqdan qorxursunuz. Onda işinizi dəyişin!”