Rusiya prezidenti yanında İnsan Haqları Şurası (İHŞ) millət vəkillərinin II Dünya Müharibəsinin başa çatmasını bütün dünyada olduğu kimi sentyabrın 2-də deyil, sentyabrın 3-də qeyd edilməsinə dair qərarını tənqid edib.
İHŞ-nin sədri Valery Fadeyev Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenkodan aşağı palata – Dövlət Duması tərəfindən qəbul edilmiş qanunun rədd edilməsini xahiş edib.
Fadeyev deyib ki, sentyabrın 3-ü 2004-cü ildə Beslan məktəbində yüzlərlə insanın həlak olduğufaciədən sonra Rusiyada Terrorizmə Qarşı Mübarizədə Həmrəylik Günü kimi qeyd edilir.
İHŞ bu münasibətlə verdiyi bəyanatda bildirir:
"Bizim düşüncəmizdə xatirə günlərinin müəyyən edilməsi adamları ayırmalı yox, birləşdirməlidir. Beslandakı qəddar faciədə ölənlərin yaxınları Hərbi Şərəf Gününün sentyabrın 2-dən 3-ə keçirilməsini başa düşməyə bilərlər”.
Yaponiya üzərində qələbə
Beynəlxalq aləmdə II Dünya Müharibəsinin qurtardığı gün kimi 1945-ci ilin 2 sentyabrı qəbul edilib.
Dövlət Dumasının qəbul etdiyi qanunda deyilir ki, Rusiyada II Dünya Müharibəsinin qurtardığı gün kimi sentyabrın 3-ü qeyd edilməlidir, çünki məhz həmin gün keçmiş Sovet İttifaqı Yaponiya qoşunlarını məğlub edərək “müharibənin başa çatmasına həlledici töhfə verib”.
Rusiyada 2005-ci ildən bəri hər il sentyabrın 3-ü Beslan qurbanlarının xatirəsi şərəfinə Terrorizmə Qarşı Mübarizədə Həmrəylik Günü kimi qeyd edilir.
2004-cü il sentyabrın 1-də 300-dək çeçen yaraqlı Şimali Osetiyadakı Beslan şəhərinin məktəbində 1200 nəfəri girov götürmüşdü.
2 gün sonra Rusiya silahlı qüvvələri məktəbə həmlə etmiş və bu əməliyyatın gedişində 186 məktəbli də daxil 334 nəfər həlak olmuşdu.