Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Dünya Bankı Rusiyanı əhalisinin gəlirləri yüksək olan kateqoriyaya qaldırıb


Dünya Bankı Rusiyanı əhalisinin gəlirləri yüksək olan ölkələr kateqoriyasına qaldırıb.

Bankın hesablamalarına görə Rusiyanın ümumi milli gəlirinin (ÜMG) adambaşına məbləği 2023-cü ildə 14 min 250 dollar olub. Hesablama metodikasına görə bu rəqəm 14 min 5 dollar olanda əhali yüksək gəlirli hesab edilir.

2022-ci ildə Rusiyada ÜMG 12 min 800 dollar civarında idi. Onda Rusiyada əhalinin gəliri orta yüksək sayılırdı.

Dünya Bankı Rusiyada ÜMG-nin artmasını hərbi xərclərin əhəmiyyətli dərəcədə artması, ticarət, maliyyə və tikinti sektorlarındakı artımla bağlayır.

2023-cü ildə Rusiyadan başqa orta yüksək kateqoriyasından yüksək kateqoriyasına Bolqarıstan və Palau keçirilib.

Ukrayna, İran, Azərbaycan və Cənubi Qafqaz

Ukrayna 2023-cü ildə əhalisinin gəliri orta aşağı kateqoriyasından orta yüksək kateqoriyasına qaldırılıb.

Dünya Bankının hesablamasına görə Ukraynada 2023-cü ildə ÜDM 5.5 faiz artıb, halbuki bu rəqəm 2022-ci ildə 29 faiz düşmüşdü.

Bank Ukraynada gəlir göstəricilərinin yaxşılaşmasını həm də əhali sayının azalması ilə izah edir. 2022-ci ilin fevralında müharibə başlanandan bəri Ukrayna əhalisi 15 faiz azalıb. Real artım habelə tikinti fəaliyyətinin 25 faiz artmasına görə baş verib.

Ukrayna ilə birlikdə orta yüksək kateqoriyasına habelə İran, Əlcəzair və Monqolustan qaldırılıb. İranda ÜDM əsasən neft satışına görə 5 faiz artıb.

2023-cü ildə ÜMG-si azalan yeganə region Qərb sahili və Qəzza zolağı olub.

Azərbaycan, Ermənistan və Gürcüstan 2023-cü ilin məlumatına görə orta yüksək kateqoriyasına daxildirlər. Yeri gəlmişkən, Azərbaycan bu kateqoriyaya artıq 2010-cu ildən daxil idi. Onda hələ Ermənistan və Gürcüstan ortadan aşağı kateqoriyasında idilər.

Ümumi Milli Gəlirə mal və xidmətlərin qiymətləri, vətəndaşların xaricdən aldıqları vəsaitlər daxildir.

Dünya Bankının hesablaması 4 kateqoriya üzrə aparılır – yüksək, yüksək orta, aşağı orta və aşağı gəlirli.

XS
SM
MD
LG