Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:38

Məcburi köçkünlərin yarısının yoxsulluq həddindən də az gəliri var


Məcburi köçkün qadınların 'çörəkpulu' nə zaman kəsilir: Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir?
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Məcburi köçkün qadınların 'çörəkpulu' nə zaman kəsilir: Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir?

Dünya Bankı Azərbaycandakı məcburi köçkünlərlə bağlı araşdırma aparıb. Araşdırmanın məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ehtiyac duyulan işləri müəyyənləşdirmək və tövsiyələr hazırlamaq olub. Məcburi köçkünlər arasında sorğu da keçirilib. Sorğuya ölkənin müxtəlif ərazilərində yaşayan 2 min ailədən 7 min 619 şəxs qatılıb.

Müavinətsiz ayda 490 manat

Sorğunun nəticələri məcburi köçkünlərin sosial-iqtisadi durumuna da işıq salır. Həmin rəqəmlərə görə, Azərbaycandakı məcburi köçkün ailələrinin orta gəliri 718 manatdır. Sorğuya qatılan ailələrin ortalama 3.8 üzvü var. Hazırda Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə ayda 60 manat sosial müavinət ödənir. Belə ailələr ortalama 228 manat müavinət alır. Müavinət çıxılarsa, ailələrin ortalama aylıq gəliri cəmi 490 manat edir. Sosial müavinət və digər gəlirlərlə birgə məcburi köçkünlər arasında adambaşına düşən aylıq gəlir 189 manatdır. Sorğunun gerçəkləşdiyi zaman - 2022-ci ildə Azərbaycanda yaşayış minimumu 205 manat olub. Bu baxımdan, sorğu sonucları göstərir ki, məcburi köçkünlərin yarısının aylıq gəliri həmin il üçün nəzərdə tutulan yaşayış minimumundan azdır.

Azərbaycanda aylıq gəliri yaşayış minimumundan az olan şəxslər yoxsul sayılırlar. Məcburi köçkünlərin yarısının aylıq gəlirinin yaşayış minimumundan az olması hökumətin ölkədə yoxsulluq dərəcəsi ilə bağlı açıqladığı rəsmi rəqəmləri də şübhə altında qoyur. Doğrudur, Dövlət Statistika Komitəsi ölkənin ayrı-ayrı regionlarında yoxsulluq göstəricisini açıqlamır. Ancaq Azərbaycanda rəsmi elan edilən yoxsulluq göstəricisi 6 faizə yaxındır.

Yoxsulluq göstərici ilə yanaşı, sorğuda qeydə alınan işsizlik göstəricisi də rəsmi rəqəmlərdən kəskin fərqlənir. Dünya Bankının sorğusuna qatılanların 22 faizi özünü işsiz saydığını bildirir. Halbuki işsizliklə bağlı rəsmi ölkə ortalaması cəmi 6 faiz həddində açıqlanır.

Onu da unutmaq olmaz ki, sorğuya qatılan ev təsərrüfatlarının aylıq gəlirinin təxminən 32 faizi sosial müavinətlərdən formalaşır. Belə müavinətlərsiz məcburi köçkünlər arasında yoxsulluq həddindən az gəlir əldə edənlərin sayı 50 faizdən də yüksək olacaqdı. Bu məqam aztəminatlı ailələrə dair hökumət siyasətinin əhatə dairəsini artırmağın vacibliyini göstərir.

Hər səkkiz nəfərdən biri qida üçün borclanır

Dünya Bankının sorğusuna qatılan məcburi köçkün ailələrinin yarısının aylıq gəliri 437-896 manat civarındadır. Həmin ailələrin 25 faizinin 437 manatdan az aylıq gəliri olub. Beləcə, sorğu sonuclarına görə, məcburi köçkün ailələrinin 75 faizinin gəliri 896 manatadəkdir. Belə ailələrin 73 faizi gəlirlərinin ən çox bölümünü qida və suya xərclədiyini vurğulayıb. Sorğuya qatılan məcburi köçkünlərin 46.6 faizi sağlamlıqla bağlı xərclərini, 20.9 faizi təhsillə bağlı xərclərini öncəki illə müqayisədə azaltdıqlarını deyib. Respondentlərin 42 faizi sağlamlıq xərclərini ödəyə bilmək, 13 faizi qida məhsulları almaq üçün borca girdiyini bildirib.

Məcburi köçkünlər Qarabağa qayıtmaqla bağlı nə düşünürlər?

Sözügedən sorğu çərçivəsində məcburi köçkünlərin Qarabağa qayıtmaqla bağlı fikirləri də öyrənilib. "Qarabağa birdəfəlik qayıtmağı düşünürsünüzmü" sualına respondentlərin 75 faizi "bəli" cavabını verib. 9 faiz, ehtimal ki, qayıdacağını bildirib. Daha 5 faizlik kəsim qayıdacağını, amma orada daimi yaşamayacağını söyləyib. Sorğu iştirakçılarının 6 faizi Qarabağa qayıtmayacağını vurğulayıb. Daha 4 faizlik əhali qrupu isə qayıtmayacağını ehtimal edir. Qayıtmaq istəməyənlərin əsas arqumentləri indiki sosial yaşam şərtlərini, iş yerlərini və gəlirlərini itirməmək, eləcə də güvənliklə bağlıdır. Qarabağa qayıtmaq istədiyini bildirən şəxslərin 60 faizi şəhərlərdə deyil, kəndlərdə yaşamaq istədiyini dilə gətirib. Onların qayıdışla bağlı hökumətdən əsas gözlənitisi iş yerləri ilə bağlıdır (96 faiz belə düşünür). Sorğu nəticəsində diqqət çəkən məqamlardan biri də odur ki, Qarabağa qayıtmaq istəyən şəxslər arasında qeydə alınan orta aylıq gəlir göstəricisi qayıtmaq istəməyənlərin orta aylıq gəliri ilə müqayisədə daha yüksəkdir. Yaş qruplarında da qayıdışa yanaşmada baxışlar fərqlənir. Əgər 60 yaşdan yuxarı şəxslərin 85 faizi Qarabağa qayıdacağını bildiribsə, 18-24 yaş qrupunda eyni göstərici 65 faizdir.

XS
SM
MD
LG