Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

E-Təbib vasitəsilə telefondakı şəxsi məlumatlar ələ keçirilə bilərmi?


E-Təbib vasitəsilə telefondakı şəxsi məlumatlar ələ keçirilə bilərmi? - Ekspertlər narahatdır
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

E-Təbib vasitəsilə telefondakı şəxsi məlumatlar ələ keçirilə bilərmi? - Ekspertlər narahatdır

Hökumətin koronavirusun yayılmasını önləmək üçün hazırladığı E-Təbib mobil tətbiqinin müqavilə şərtləri dəyişdirilib. Tətbiq istifadəyə verilər-verilməz çoxsaylı tənqidlərdən biri də müqavilənin məxfilik şərtləri ilə bağlı idi. Belə ki, tətbiq yeni istifadəyə verilərkən müqavilə şərtlərində göstərilmişdi ki, şəxsi məlumatlar üçüncü tərəfə də ötürülə bilər.

Müstəqil ekspertlər bunun Konstitusiyanın 32-ci və Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinin pozulması kimi dəyərləndirirdi. Konstitusiyada qeyd edilir ki, heç kəsin icazəsi olmadan onun şəxsi həyat haqda məlumatları götürülə bilməz. Avropa İnsan Haqları Konvensiyası isə şəxsi həyata hörməti nəzərdə tutur.

Sosial mediada bu mövzu müzakirə mövzusuna çevriləndən sonra müqavilənin son mətnində dəyişiklik edilib və şəxsi məlumatların yalnız zəruri hallarda, normativ hüquqi aktlar çərçivəsində üçüncü tərəfə ötürülə bilməsi qeyd olunub.

V.Qasımov
V.Qasımov

Amma internet texnologiyaları mütəxəssisi Vahid Qasımov deyir ki, müqavilədə nə yazılmasından asılı olmayaraq, şəxsi məlumatların ələ keçirilməsi riski qalır: "Söhbət ondan getmir ki, o anlaşmada nə yazılıb və ya nə yazılmayıb. Söhbət ondan gedir ki, bu tətbiqi telefona yükləyəndə nələr ola bilər".

O, xəbərdarlıq edir ki, E-Təbib tətbiqini telefona yükləyən zaman şəxsin kimliyi, onun telefonundakı nömrələr, daxil olduğu saytlar, eləcə də fotolar, videolar, şəxsi yazışmalar üçüncü tərəflərin əlinə keçə bilər.

E-Təbib nədir və bundan necə istifadə olunur

E-Təbib "bluetooth" texnologiyası əsasında işləyir və yaxınlıqda bu tətbiqdən istifadə edənlərlə əlaqə qura bilir.

Bununla da istifadəçilər ictimai yerlərdə olarkən, ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq alırlar. Kimsə virusdaşıyıcısı ilə təmasda olarsa, bu zaman istifadəçiyə bildiriş gəlir və test üçün laboratoriyaya dəvət olunur.

Bu tətbiqi smartfonlarda işə salmaq olar. Bunun üçün istifadəçiyə iki seçim verilir. Birinci halda istifadəçi öz mobil nömrəsini daxil edir, telefona gələn təsdiq kodu ilə qeydiyyatdan keçə bilir. İkinci halda isə istifadəçilər "Google", "Facebook" və "Twitter" kimi sosial şəbəkə hesabları vasitəsilə tətbiqi yükləyə bilərlər.

E-Təbib tətbiqi iyunun sonlarında təqdim olunub. Həmin vaxt TƏBİB- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı deyib ki, koronavirusla mübarizədə bir çox dünya ölkələri belə mobil tətbiqlərdən istifadə edir: "E-Təbib tətbiqi vasitəsilə həm evdə müalicə alan pasientlərimizi müşahidədə saxlaya biləcəyik. Eləcə də, onların evi tərk etməmələrini müvafiq qurumlar nəzarət edəcək".

Amma indi sosial şəbəkələrdə bu tətbiqin koronavirusla mübarizdə hansısa rolunun olub-olmayacağından daha çox, şəxsi məlumatların oğurlanması iddiaları dartışılır.

"Hakimiyyətin tətbiqi təhlükəlidir"

"Bəzi şəxslərin şəxsiyyət vəsiqələri Facebook-a göndərilir, bununla da hesab ələ keçirilir".
"Bəzi şəxslərin şəxsiyyət vəsiqələri Facebook-a göndərilir, bununla da hesab ələ keçirilir".

Sosial media meneceri Həbib Müntəzir deyir ki, E-Təbib-i telefonuna yükləyən şəxs daxil olduğu saytlar, özünün hərəkət istiqamətləri, onlayn əlaqə saxladığı şəxslər, əlaqə nömrələri və digər şəxsi məlumatların üçüncü tərəfin əlinə keçməsi riski ilə üzləşir. Onun sözlərinə görə, Azərbaycan kimi avtoritar ölkələrdə bu məlumatlar hüquq-mühafizə orqanlarına da ötürülə bilər. Bundan sonra həmin məlumatlardan məsələn, müxalif düşərgədən olan şəxslərə qarşı istifadə edilə bilər:


"Dəfələrlə şahid olmuşuq ki, siyasi fəalların, ictimai fiqurların sosial şəbəkə hesabları sındırılır. Son zamanlar isə yeni bir taktikadan istifadə olunur. Bəzi şəxslərin şəxsiyyət vəsiqələri Facebook-a göndərilir, bununla da hesab ələ keçirilir. İndi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar araşdırmalar aparır. Həmin şəxslərin şəxsiyyət vəsiqələrinin kimlər tərəfindən və hansı yolla hakerlərin əlinə keçdiyi araşdırılır. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyətin hansısa bir tətbiqi təhlükəsizlik baxımından zəmanətli deyil və təhlükəlidir".

"Məlumatlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin serverlərində toplanır"

E-Təbib tətbiqi layihəsinin proqram rəhbəri Fuad Niftəliyev məlumatların üçüncü şəxsə ötürülməsi barədə iddiaları rədd edir. Bildirir ki, yalnız koronavirusla mübarizə çərçivəsində məlumatlar Səhiyyə Nazirliyi, TƏBİB və Operativ Qərargaha verilə bilər: "E-Təbib şəxslərin yalnız Ad, Soyad, İcazə modulundan istifadə etdiyi halda şəxsiyyət vəsiqəsinin FİN kodunu toplayır. Eyni zamanda, bu, yəni, FİN kodun göstərilməsi laboratoriya analizlərinin yoxlanılması üçün də tələb olunan prosedur qaydasıdır. Bununla yanaşı, mobil tətbiq mobil telefon nömrəsi və ya Facebook hesabında ad, soyaddan başqa heç bir digər məlumatları toplamır. Məlumatlar yalnız TƏBİB, Operativ Qərargah və ya Səhiyyə Nazirliyinə təqdim oluna bilər. Digər qurumlarla məlumatlar qəti surətdə paylaşılmır. Məlumatların konfidensiallığı bizim üçün vacibdir. Məlumatlar "AzinTelekom", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin serverlərində toplanır".

F.Niftəliyev kimsənin razılığı olmadan onun şəxsi məlumatlarının toplanmadığını vurğulayır. Və əlavə edir ki, tətbiq könüllü yüklənir, məlumatlar könüllü daxil edilir və müqaviləni istifadəçi özü təsdiq edir.

Ə.Məmmədli
Ə.Məmmədli

"Şəxsi məlumatlarınız sağlığınız məqsədilə əlinizdən alınır"

Amma hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu məxfilik şərtlərini qəbul etmək istəyənlərə yalnız bir seçim verilir, yalnız şəxsi məlumatlarını paylaşmağa razı olduğu halda tətbiqi aktivləşdirmək mümkündür. Onun sözlərinə görə, öz şəxsi məlumatlarını paylaşmaq istəməyənlərə bundan imtina etməklə bağlı seçim verilmir: "Yəni, məcburi sizin məlumatlarınızı almış olur. Siz məxfilik şərtlərini qəbul etməsəniz, ümumiyyətlə, tətbiqi yükləmək tamamlanmır. Bir növ, sizin şəxsi məlumatlarınız sağlığınız məqsədilə əlinizdən alınır".

Koronavirusla bağlı bir çox ölkələr bu cür mobil tətbiqlərdən istifadəyə keçib. Bu, dünya ölkələrində də ciddi mübahisələrə səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə tətbiqləri yükləyən zaman telefondakı məlumatların üçüncü tərəfə ötürülmə riski artır.

"Bura bardakdır"

İnternet texnologiyaları mütəxəssisi Vahid Qasımov deyir ki, ümumiyyətlə, bir çox tətbiqləri telefona yükləyən zaman istifadəçinin şəxsi məlumatlarına çıxış əldə edilir. Amma söhbət yerli tətbiqlərdən gedəndə bu risk daha da artır: "Sizin məlumatlarınızdan tətbiqlər istifadə edir. Həmin məlumatlar götürülə, harasa göndərilə bilər. Sadəcə, burda problem ondadır ki, Çin hökuməti və ya ABŞ hökuməti mənim haqqımda hər şeyi öyrənsə, necə bir təhlükə yarada bilər? Heç nə. Amma bizim yerli bardakda mənim məlumatlarımın istifadə olunmasını mən istəmirəm. Təhlükə budur. Yəni, mən bilsəm ki, bizim ölkədə hər şey qayda qanunla işləyir, deyərdim ki, əlbəttə, buyurun istifadə edin. Amma mən bilirəm ki, konkret olaraq bura bardakdır".

E-Təbib tətbiqi layihəsinin proqram rəhbəri F.Niftəliyev şəxsi məlumatların ötürülməsi kimi iddiaları əsassız saysa da, müstəqil ekspertlər əks-fikirdədirlər.

Azərbaycanda müxalifətçilər hökumətin onların şəxsi məlumatlarına qanunsuz çıxış əldə etməsi ilə bağlı ilk dəfə deyil narahatlıqlarını səsləndirirlər. 2019-cu ilin yanvarında müxalifətin izdihamlı mitinqindən sonra aksiyaçıların kütləvi şəkildə polisə çağrılması xəbərləri yayıldı. Müxalifətçilər iddia edirdi ki, onların kimliyi "Azercell" nömrələri vasitəsilə müəyyən edilib, onların əlaqə nömrəsini hüquq-mühafizə orqanlarına mobil operator ötürüb. "Azercell" bunu təkzib etmişdi.

Bir müddət öncə isə AXCP sədri Əli Kərimli demişdi ki, "Azercell"in köməyi ilə Azərbaycanın hüquq-mühafizə orqanları onun internetini kəsib, siyasi fəaliyyətini bu yolla məhdudlaşdırıb, üstəlik, onun sosial media hesabları da sındırılıb. AXCP öz bəyanatında qeyd edib ki, hesablara giriş kodlarının hakerlərin əlinə keçməsi mobil rabitə operatorunun iştirakı olmadan baş verə bilməzdi. "Azercell" onda da bunu təkzib etmişdi.

Azərbaycan hökuməti ölkədə siyasi partiyaların fəaliyyətinə mane olmadığını deyir. Beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycan hökumətini müxalif qüvvələrə qarşı sistemli repressiyalarda ittiham edir.

XS
SM
MD
LG