Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Avropa Birliyindən Əfqan Muxtarlı çağırışı


Federica Mogherini
Federica Mogherini

“Biz Gürcüstan və Azərbaycan hökumətlərinin götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq tezliklə bu olayla bağlı səmərəlivə şəffaf araşdırma aparacağını gözləyirik”.

Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini AzadlıqRadiosuna Gürcüstanda yaşayan mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana aparılması və həbs olunması olayına münasibət bildirərkən belə deyib.

İyunun 2-də verdiyi açıqlamada Federica Mogherini bildirib ki, baş verən hadisəni diqqətdə saxlamaqda davam edirlər:

“Biz Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı vətəndaşın qeyri-qanuni oğurlanması iddiası və heç bir dəlil olmadan həbs olunması barədə xəbərlər almışıq.

İstənilən şəxsin sübut, dəlil olmadan həbsi beynəlxalq insan hüquqları normalarına ziddir. Ümumdünya insan hüquqları bəyannaməsində açıq-aydın göstərilir ki, heç kəs dəlil olmadan saxlana, həbs oluna və ya sürgün edilə bilməz.

Vətəndaşlarının bütün fundamental azadlıqlarını, o cümlədən siyasi və vətəndaş hüquqlarını təmin etmək həm Gürcüstanın, həm də Azərbaycanın məsuliyyətidir”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.

Azərbaycan tərəfinin yaydığı açıqlamda deyilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb, üzərindən 10 min avro pul tapılıb və götürülüb. Bu ittihamlarla o 7 ilə qədər azadlıqdan əhrum edilə bilər.

Ancaq Əfqan Muxtarlı məhkəmədə bildirib ki, Tbilisidə tanımadığı bir qrup tərəfindən saxlanaraq Bakıya gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Jurnalist iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Əfqan Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyəti əleyhinə aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi, həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olub.

Gürcüstan prezidenti Giorgi Margvelashvilimayın 31-də jurnalist Ə.Muxtarlının Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilməsini şərh edərək demişdi ki, bir insanın yoxa çıxması ölkəsinin dövlətçiliyi və suverenliyi üçün ciddi təhlükədir. Rəsmi Bakıdan isəƏfqan Muxtarlıya elan olunan ittihamdan başqa hadisəyə hər hansı münasibət bildirilməyib.

XS
SM
MD
LG