Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:20

İslam qızların təhsilini yasaqlamırsa, Taliban niyə belə davranır?


Əfqan məktəbli qızları Nanqarhar əyalətinin şərqindəki Xoqyani rayonunda açıq havada ibtidai məktəbdə oxuyurlar.
Əfqan məktəbli qızları Nanqarhar əyalətinin şərqindəki Xoqyani rayonunda açıq havada ibtidai məktəbdə oxuyurlar.

Əhalisinin çoxu müsəlman olan 50-yə yaxın ölkədə qız və qadınların təhsili adi hal sayılır. Ancaq Əfqanıstanın aşırı köhnəsevən islamçı Taliban hökuməti iki il öncə hakimiyyətə qayıdınca, yeniyetmə qızların 6-cı sinifdən sonra məktəbə getməsini yasaqlayıb. Dekabrda isə bu qadağa universitetdə oxuyanlara da şamil edilib. Nə ölkə içindəki saysız-hesabsız etirazlar, nə beynəlxalq ictimaiyyətin basqısı, nə də islam alim və din xadimlərinin lobbiçiliyi kökdəndinçi Taliban liderlərini fikirlərindən daşındırıb.

Ekspertlər duruma fərqli yanaşırlar. Bəziləri bu yasağı Talibanın İslamı köhnəlikçi puştunların tayfa adətləri prizmasından yozumuna bağlayır. Digərləri də deyir ki, yüksək vəzifəli Taliban ideoloqlarının özü İslam qanunlarını belə anlayır.

Taliban liderlərinin çoxu etnik puştun və sünni məzhəbli din adamlarıdır. Bir çoxu qonşu Pakistanın Deobəndi mədrəsələrində oxuyub. Deobəndilik XIX əsrdə Britaniya müstəmləkəsi olan Hindistanda puritan İslam dirçəliş hərəkatı kimi meydana gəlib. Şəriətin sünni hənəfi məktəbi təməlində formalaşan bu hərəkat Əfqanıstan və Pakistanda islamçılar arasında çox yayılıb.

Qəbilənin təsirləri

Veteran əfqan jurnalisti və şərhçisi Sami Yusafzay iddia edir ki, Talibanın qadınları hədəfə alan qadağaları Əfqanıstanın şərq və güneyindəki sosial adət və ənənələrdən qaynaqlanır. Taliban liderlərinin çoxu Pakistanla həmsərhəd bölgələrdə yaşayan kəndli puştun qəbilələrindən çıxıb.

"Onlar inanırlar ki, qadının yeri ya evin içidir, ya da qəbir. Hazırkı Taliban idarəçilərinin evlərində yaşayan qadınlar heç vaxt təhsil almayıb və evlərini tərk etməyiblər", - Talibanı hələ 1994-cü ildən - Qəndəharda silahlı dəstə kimi meydana gəldiyi dövrdən izləyən Yusafzay deyir. Onun sözlərinə görə, Taliban öz siyasətini belə düşüncələri dəstəkləyən İslam qanunlarına əsasən formalaşdırır və deyir ki, Məhəmməd peyğəmbərin, guya, qadınları evlərini tərk etməkdən çəkindirən ifadələri var. Taliban liderləri də bu iddiaları əsas götürürlər: "Onların əsas inancı budur ki, yeniyetmə qızlar heç bir şəraitdə evi tərk etməməlidir. Bu üzdən qızların təhsil və ya işdən ötrü evi tərk etmələrinə əxlaqın pozulması kimi baxırlar".

Talibanın universitetlərə daxil olmalarına qadağa qoyduqdan sonra qadın tələbələr Kabil Universitetini tərk edirlər
Talibanın universitetlərə daxil olmalarına qadağa qoyduqdan sonra qadın tələbələr Kabil Universitetini tərk edirlər

40 milyon əhalisi olan Əfqanıstanda fəallar və insan haqları müdafiəçiləri qadınlara təhsil almağı, işləməyi, hərəkət azadlığını və cəmiyyət arasına çıxmağı yasaqlayan Talibanı gender ayrıseçkiliyi tətbiq etməkdə suçlayırlar.

"Mədəni qərəz"

Müsəlmanların çoxu İslamın qadınların təhsil almasına icazə verdiyini düşünür. Ancaq Taliban açıq şəkildə bəyan edir ki, yalnız tam gender seqreqasiyasına (əhalinin bir qrupunun bəlli əlamətlərə görə tam ayrılması anlamındadır – red.) nail olunduğu və bəzi başqa (açıq göstərilməyən) şərtlər təmin olunarsa, qızların təhsil almasına icazə verəcək.

Əfqanıstanda, demək olar, bütün orta məktəblərdə gender seqreqasiyası tətbiq edilib. Universitetlərdə də kişi və qadınlar bir-birindən tam ayrılıb.

Yusafzay deyir ki, dünyadakı digər mühafizəkar və ənənəvi müsəlman cəmiyyətlərində də bəzi din xadimləri qadınların təhsilinə, işinə və ictimai həyatdakı roluna qadağa qoyulmasını təbliğ edir; ancaq bu ölkələrin hökumətləri belə fikirlərə dirənc göstərir və onları məhdudlaşdırır.

Dünyanın ən mühafizəkar sünni dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı son illərdə qadınların maşın sürməsinə və kişilərin müşayiəti olmadan hərəkət etməsinə icazə verib. Bu addımlar Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın islahatlarının bir hissəsidir.

Talibanın təhsil qadağası bütün dünyada müsəlmanların qınağına məruz qalıb.

"Qadınların təhsilinə Talibanın qoyduğu qadağa şəriət qanununa dayanmır. O, mədəni qərəzi əks etdirir və İslam qanunlarına ziddir... İslam bilik dalınca getməyin vacibliyini vurğulayır və cinsinə baxmadan bütün fərdləri təhsil almağa dəvət edir", - ABŞ Müsəlman İctimai Əlaqələr Şurasının prezidenti Salam əl-Marayatinin sözləridir.

Ancaq İslam alimləri və Talibanı qız məktəblərini açmağa inandırmağa çalışanlar məsələ ilə bağlı fərqli izahlar verirlər.

Əfqan qadınlar etiraz aksiyası zamanı şüarlar səsləndirərək Talibandan qız məktəblərinin açılmasını tələb edirlər
Əfqan qadınlar etiraz aksiyası zamanı şüarlar səsləndirərək Talibandan qız məktəblərinin açılmasını tələb edirlər

Tarixi münaqişə

İslam alimi, BBC-nin keçmiş aparıcısı və Hindistanın Darülülum Deband məktəbini bitirən yeganə qərbli olan Con Məhəmməd Batt iddia edir ki, Talibanın bu siyasəti tayfa məsələsi deyil və müasir təhsillə bağlı birəsrlik münaqişədən qaynaqlanır: "Problem ondadır ki, Əfqanıstanda qızların təhsili və bütövlükdə çağdaş təhsil, əsasən, dünyəviliyə uyğun təqdim edilib".

1920-ci illərdə mühafizəkar din xadimləri, tayfa və icma liderlərinin koalisiyası islahatçı Şah Əmənulla Xanı hakimiyyətdən devirib. Əfqanıstanı Türkiyə lideri Mustafa Kamal Atatürkün dünyəvi siyasəti tərzində müasirləşdirmək istəyən şah qadınların hüquqlarını qoruyur, onlara müasir təhsil verməyə çalışırdı.

Müasirlik və dünyəviliyə qarşı bu dirəniş davam edib. Mühafizəkar mollaların bu yanaşması 1978-ci ilin aprel çevrilişi ilə monarxiyanı devirərək hakimiyyətə gələn sovetyönlü kommunist hökumətinə qarşı mübarizə aparan islamçı düşüncənin bir hissəsinə çevrilib. Onlar kommunistləri qadınların təhsilini və işləməsini təbliğ etməklə əxlaqsızlıq yaymaqda suçlayırdılar.

"Bu, Əfqanıstanın mühafizəkar çevrələrində qızların təhsilinə qarşı ayrıca şübhəçiliyə yol açdı", - Battın sözləridir.

Sevda bint Zəmanın seçimi

Əfqanıstan Amerika Universitetinin siyasi elmlər müəllimi Obaydulla Bahir də ötən il Talibanı sözügedən qadağanı aradan qaldırmağa inandırmaq cəhdlərinə qoşulub. O bu səylərin uğursuzluğunu sözügedən qadağanın Talibanın indiki ali lideri Molla Heybətulla Axundzadənin dərin ideoloji inancı ilə bağlı məsələ olmasından qaynaqlandığını bildirib.

Bahir deyir ki, Talibanın üzdə olan əksər liderləri Pakistan mədrəsələrində oxuduqlarından kənd və tayfa yaşamından qopublar: "Deobəndi məktəbində onların beyni elə yuyulub ki, indi əfqan xalqına İslamın ən sərt versiyasını yeridirlər".

Onun iddiasına görə, qızların təhsilinə bu yasaq Axundzadənin bilərəkdən tətbiq etdiyi siyasətdir. Bahir düşünür ki, Axundzadə Talibanın Baş hakimi Əbdül Hakim Haqqaninin ərəb dilində yazdığı "İslam əmirliyi və onun sistemi" kitabını dəstəkləyir. Bu kitabda Haqqani Məhəmməd peyğəmbərin arvadlarından biri olan Sevda bint Zəmanın ölənədək evdə qalmaq seçiminin qabardılmasına dair ikinci dərəcəli rəyi dəstəkləyir.

Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl Əfqanıstanın qərbindəki Herat şəhərində qadın tələbələr
Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl Əfqanıstanın qərbindəki Herat şəhərində qadın tələbələr

Bahir deyir ki, peyğəmbərin cəmiyyətin bir çox sektorunda fəal rol oynayan, kişiləri öyrədən və onlardan öyrənən digər arvadlarını və qadın yoldaşlarını Haqqani nədənsə gözardı edir: "Bu ikinci dərəcəli rəyi Taliban liderlərinin hamısı dəstəkləmir, ancaq, göründüyü kimi, indiki mütləq hakim - Taliban əmiri buna inanır".

XS
SM
MD
LG