Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:32

Əfqanıstanın tacik 'telefon' gəlinləri


Əfqan kişi mobil telefonla danışır.
Əfqan kişi mobil telefonla danışır.

İki il öncə Əfqanıstanın Qunduz əyalətinin İmamsahib mahalının 35 yaşlı sakini Amonullo Husaini öz gələcək həyat yoldaşı ilə tanış olub. Özü də telefonla. Tacikistanla sərhəddə yerləşən İmamsahib mahalında əfqanların telefonları bəzi tacik mobil şirkətlərinin siqnallarını tutur. Buna görə də onlar qonşu ölkənin sim-kartlarından istifadə edirlər.

5 min dollara ev və... nikah

Bir gün Husaini onlarla tanımadığı, təsadüfi nömrəni yığaraq, nəhayət, xəttin digər tərəfində xoş qadın səsi eşidib. O zaman o, hələ bu zəngin onun həyatını dəyişəcəyini düşünə də bilməzdi. Onun Tacikistanın Farhor rayonunda yaşayan indiki həyat yoldaşının da 35 yaşı var imiş.

«Həyat yoldaşım əvvəlcə elə bildi ki, Tacikistandan zəng vururam və sadəcə, onunla zarafat edirəm. Sonra «Viber»də ünsiyyətə girməyə başladıq. Bir neçə aydan sonra isə evləndik», – Amonullo Husaini deyir. Onun sözlərinə görə, Əfqanıstanda evlənmək çox baha başa gəlir.

«Həmkəndlilərim toylarına 10-15 min dollar xərcləyirlər. Ancaq mən qərara gəldim ki, 5 min dollara həyat yoldaşıma ev alım və münasibətlərimizi rəsmiləşdirək», – deyə Amonullo öz təcrübəsini bölüşür.

Rəsmi məlumata görə, 2016-cı ildə Amonullo kimi 30-dan artıq Əfqanıstan vətəndaşı tacik qadınla evlənib. Onlar, əsasən, sərhəd rayonların sakinləridir, 10 nəfərdən çoxu öz gələcək həyat yoldaşları ilə telefonla tanış olub.

Ancaq bir çox tacik telefon abunəçiləri etiraf edirlər ki, bəzən qızlarla tanış olmaq istəyən gənc əfqanların zəngləri onları qıcıqlandırır və narahat edir.

«Məni ikinci arvad kimi alıb»

Düşənbə sakini Nasiba Gulomova deyir ki, bir dəfə ona tacik nömrəsindən zəng vuran və dari dilində danışan oğlan israrla tanış olmağı təklif edirmiş.

Tacikistanda toy
Tacikistanda toy

«O, tacik nömrəsindən zəng vururdu. İsrarla tanış olmaq istəyirdi. Deyirəm ki, ərdəyəm, mənə zəng vurma, ancaq o, yenə zəng vururdu. Axırda məsələyə ərimi «qarışdırmalı» oldum. Biz milisə müraciət etdik, bizə dedilər ki, bu adam Əfqanıstandan zəng vurur. Ancaq sonra o itdi», – qadın deyir.

Tacik gəlinlər arasında gənc olmayanlar da var.

Soqd vilayətində yaşayan 57 yaşlı Mavluda Mahkamova da «telefon gəlini»dir. O, artıq üç aydır ki, əfqan əri ilə birlikdə İmamsahib mahalında yaşayır. Ancaq bu evlilikdən razı deyil.

«Pul göndərdi ki, lazımi sənədləri düzəldim. ...Noyabrın 2-də Əfqanıstana getdim. Gələcək ərim telefonda evli olmadığını deyirdi. Əslində isə, məni ikinci arvad kimi alıb. İndi səhhətimdə problemlər var, vətənə qayıtmaq istəyirəm, ancaq bilmirəm necə qayıdım», – Mahkamova deyir.

Bir əyalətdə 55 min nəfər

Əfqanıstan hökuməti Bədəxşan, Tahar və Qunduz kimi Tacikistanla həmsərhəd əfqan əyalətlərində sərhəddən 10-50 kilometr məsafədə tacik mobil operatorlarının şəbəkəsinin işlədiyini bildirib. AzadlıqRadiosunun tacik xidmətinə danışan Bədəxşan əyalət administrasiyasının mətbuat katibi Nekmahmad Nazari əyalətin 6 mahalında sakinlərin tacik mobil operatorlarının xidmətlərindən yararlandığını təsdiqləyib.

Əfqanıstan-Tacikistan sərhədi
Əfqanıstan-Tacikistan sərhədi

«Bu məsələ rəsmi səviyyədə də müzakirə olunur. Əfqanıstan hökuməti ucqar ərazilərin mobil rabitə ilə təchizini nəzərdə tutan proqram qəbul edib. Digər tərəfdən, biz tacik sim-kartlarından istifadədə pis bir şey görmürük. Axı Əfqanıstan əhalisi sizin büdcənizə xeyir verir», – deyə o bildirib.

Britaniya Müharibə və Sülh İnstitutunun ötən ilin dekabrında dərc edilmiş materialında deyilir ki, təkcə Əfqanıstanın Bədəxşan əyalətində 55 minə yaxın sakin tacik sim-kartlarından istifadə edir. Bu rəqəmin doğruluğunu yoxlamaq mümkün olmayıb.

Bir müddət öncə Tacikistan hökuməti sim-kartların qaçaqmalçılar və başqa qruplaşmalar tərəfindən istifadəsini önləmək üçün mobil operatorlardan öz retranslyatorlarını Əfqanıstan sərhədindən uzaqlaşdırmağı xahiş etmişdi.

Ötən il tacik mobil operatorları təhlükəsizlik məqsədilə abunəçilərin yenidən qeydiyyatını aparıblar.

XS
SM
MD
LG