Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Xərçəng xəstəsi DİN ilə FHN arasında qalıb


Əkbər Şükürov
Əkbər Şükürov

«Xərçəngdən əziyyət çəkirəm. Xəstəlik başqa orqanlarımı da sıradan çıxarır. Mədə, böyrək ağrıları ortaya çıxıb. İstədiyim odur ki, vaxtilə çalışdığım qurumun tibb müəssisələrində müalicə alım. Ancaq iki ildən çoxdur ki, Fövqəladə Hallar Nazirliyi ilə Daxili İşlər Nazirliyinin arasında qalmışam. Xəstə bir insanı bir-birlərinin üstünə ötürürlər. Nəticədə xəstəliyimin üstünə bir də əsəb gərginliyi əlavə olunub».

Bunu AzadlıqRadiosuna vaxtilə Yanğından Mühafizə sahəsində baş mühəndis işləmiş Əkbər Şükürov deyir.

«RƏİS DEDİ Kİ…»

Ə.Şükürov nə az, nə çox – 32 il bu qurumda çalışıb. 1994-cü ildə təqaüdə çıxıb. Son illər səhhətində problem yaranıb. Xərçəngə görə müəyyən prosedurları Milli Onkoloji Mərkəzdə keçsə də, bəzi tibbi xidmətlərə görə Fövqəladə Hallar Nazirliyinin poliklinikasına müraciət edib. Ancaq poliklinika onun müalicəsini üzərinə götürməyib:

«Məktublarıma cavab almadığımdan özüm poliklinikaya getdim, poliklinikanın rəisi dedi ki, «FHN 2006-cı ildə yaranıb. Yalnız həmin ildən təqaüdə çıxanlar və orada çalışanlar bu poliklinikaya qeydiyyata götürülürlər. Sən FHN yaranmamışdan əvvəl təqaüdə çıxmısan, o vaxt yanğınsöndürmə idarəsi Daxili İşlər Nazirliyinin tərkibində olub, ora müraciət et»».

Ə.Şükürov da Daxili İşlər Nazirliyinə müraciət edib. Yazdığı məktublara cavab almadıqda, bu dəfə də DİN poliklinikasına üz tutub:

«Burda da dedilər ki, «elə şey yoxdur. FHN yarananda biz bütün sənədləri onlara göndərmişik. FHN yaranmamışdan əvvəl təqaüdə çıxanların da müalicəsini həmin qurumun nəzdindəki poliklinika həyata keçirməlidir»».

Beləcə, Ə.Şükürov iki ildir ki, özü demişkən, ortada qalıb. İki nazirliyin poliklinikası onu qeydiyyata götürməkdən imtina edir.

DİN İMTİNA MƏKTUBU DA VERMİR

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, əslində, Fövqəladə Hallar Nazirliyinin poliklinikası vətəndaşa düz yol göstərib:

«Vətəndaş 32 il Daxili İşlər Nazirliyinin nəzdindəki qurumda çalışıb. Fövqəladə Hallar Nazirliyi isə o, təqaüdə çıxandan 12 il sonra yaranıb. Nizamnaməyə görə, Əkbər Şükürovun müalicəsi Daxili İşlər Nazirliyinin tibb müəssisələrində həyata keçirilməlidir. Vətəndaş Nazirliyə rəsmi məktubla müraciət etməli, məktuba aldığı rəsmi imtina cavabından məhkəmədə quruma qarşı iddia qaldırmalıdır».

Ə.Şükürov Daxili İşlər Nazirliyinə rəsmi məktubla müraciət edib. Ancaq ona heç imtina məktubu da verilmir. Deməsinə görə, bütün cavablar şifahi verilir. Hüquqşünassa bildirir ki, belə olan halda vətəndaş qurumu əvvəlcə buna görə məhkəməyə verməli, rəsmi cavabı da məhkəmə yoluyla əldə etməlidir.

Ə.Şükürovsa bir şeyi düşünür - bütün bunlara ömür vəfa edəcəkmi?..

XS
SM
MD
LG