Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 10:49

İqtisadçı: Ciddi islahatlar aparılmasa, 2-3 ilə Azərbaycan defolt ola bilər


Natiq Cəfərli
Natiq Cəfərli

“Cəmi 3 il əvvəl Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 8 faizini təşkil edirdi. Bu dünyada ən yaxşı göstəricilərdən biri idi”.

AzadlıqRadiosu xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Azərbaycanın borclarının durumu ilə bağlı şərhində belə qeyd edib.

İqtisadçı bildirir ki, hazırda Azərbaycanın ümumi borcu ÜDM-in 60 faizi nisbətinə yaxınlaşıb.

“Bu il büdcənin 12 faizi xarici borcların qaytarılmasına xərclənəcək. 700 milyon dollar əsas borc, 150 milyon dollar isə borclara hesablanan faizlərə görə ödənəcək. Digər tərəfdən, hökumət yenə sürətlə borclanır, cəmi 2 ildən sonra elə ÜDM qədər xarici borcumuz olacaq”, iqtisadçı bildirib.

Yalnız borc faizinə görə, illik 750 milyon dollar?

N.Cəfərli qeyd edib ki, yaxın 3 ildə yalnız faizlərə görə borcların həcmi milyard dollara yaxınlaşacaq.

“Böyük qaz layihələri üçün götürülən borclara və əvvəlki illərdə cəlb edilən kreditlərə hesablanan yalnız faizlərin məbləği 2020-ci ildən sonra 700-750 milyon dollara çatacaq. 2020-də işə düşən qaz layihələrindən illik təmiz qazancımız da, maksimum, 700-800 milyon dollar olacaq. Yəni, qazdan gələn gəlir faiz ödəmələrinə gedəcək”.

İqtisadçı hesab edir ki, hökumət ciddi idarəetmə islahatlarına gedib, iqtisadi aktivliyi artıra bilməsə, cəmi 2-3 ilə Azərbaycan defolt həddinə çatacaq.

Xatırlatma

Azərbaycanın ümumi borcu barədə rəsmi bilgi verilmir. Maliyyə Nazirliyi martın 10-da xarici dövlət borcunun məbləğini açıqlayıb. Həmin bilgiyə görə, son aylarda ölkənin xarici dövlət borcu azalıb.

Rəsmi məlumatda bildirilir ki, Azərbaycanın xarici dövlət borcu 6 milyard 913 milyon dollardan artıqdır. Manatla götürüldükdə borcun həcmi 12 milyard 241 milyon təşkil edir. Bu, yanvar ayının 1-nə olan göstəricidir.

Məlumatda qeyd edilir ki, xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 20.4 faizini təşkil edir.

XS
SM
MD
LG