Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:41

Ekspert: ‘Azərbaycanın ümumi borcu göstəriləndən çoxdur’


Natiq Cəfərli
Natiq Cəfərli

Hesablama Palatası 2018-ci ildə Azərbaycan dövlət borcunun ümumi həcmini açıqlayıb.

Açıqlamaya əsasən, bu il yanvarın 1-nə olan məlumata görə, borcun ümumi məbləği 16, 5 milyard manat təşkil edib. Bunun 15 milyard manatı (92 faizi) xarici, 1, 3 milyard manatı isə (8 faizi) daxili dövlət borcuna aiddir.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın dövlət borcu əslində daha çoxdur, sadəcə hesablama metodikası düzgün deyil:

“2017-ci ilin yanvarın 1-nə Azərbaycanın rəsmi xarici borcu 6 milyard dollar olub. 2018-ci ilin yanvarın 1-nə isə 3 milyard dollara yaxın artıb. Bu ilin yanvarın 1-nə cüzi azalma var və borc 9 milyard dollara qədər aşağı düşüb. Əslində Azərbaycanda xarici borcun hesablama qaydaları doğru deyil. Beynəlxalq praktika ilə müqayisədə Azərbaycanda xarici borcun hesablanması fərqlənir”.

İqtisadçının vurğulamasına görə, 2017-2018-ci illərdə bağlanmış kredit müqavilələr var ki, onların bir qisminin alacaqları bu ilin sonuna təsadüf edəcək:

“Yəni kredit müqaviləsi bağlanıb vəsait isə hələ də alınmayıb, amma onu borc kimi yazıblar. Bu beynəlxalq praktikaya uyğun deyil”.

SOCAR-ın borcu

Ekspert qeyd edir ki, ikinci ən böyük fərq ondan ibarətdir ki, bütün ölkələrdə dövlət zəmanətilə alınmış istənilən borc xarici borc kimi qeyd olunur. Onun vurğulamasına görə, Azərbaycanda isə dövlət zəmanəti ilə alınan bəzi borclar xarici borca daxil edilməyib:

“SOCAR-ın, “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin və başqa dövlət qurumların milyardlarla xarici borcu var. Həmin borclar da dövlət zəmanətilə verilib. Dolayısı ilə bu da dövlət borcu kimi qeydiyyata düşməlidir”.

Natiq Cəfərli deyib ki, Azərbaycanda statistika ona görə belə aparılır ki, rəsmi rəqəmlər aşağı düşsün və ümumi daxili məhsula (ÜDM) düşən borc həcmi yüksək olmasın. “Başqa ölkələrə nisbətən vəziyyət daha yaxşı görünsün”, deyə iqtisadçı qeyd edib.

Maliyə naziri xarici valyutada olan borcu manatla əvəzləməkdən danışıb

Bu gün, mayın 21-də maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib ki, dövlət borcunun idarə edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib:

“2018-ci ilin büdcə sistemi haqqında qanunvericiliyə edilmiş düzəlişlər hesabına fiskal büdcə qaydası təsdiq olunub. Bundan başqa, dövlət başçısı Azərbaycanın dövlət borcunun idarə edilməsi üzrə uzunmüddətli strategiyanı təsdiqləyib. Məhz bu vacib sənədlər çərçivəsində biz həm dövlət maliyyəsinin, həm də dövlət borcunun idarə edilməsini bundan sonra da həyata keçirəcəyik. Bununla yanaşı şübhəsiz ki, borc sahəsində görülən tədbirlər nəticə verməkdədir. Belə ki, prezidentin qarşımıza qoyduğu xarici borcun ümumi daxili məhsula (ÜDM) olan nisbətin azaldılması barədə tapşırıq mərhələlərlə icra olunmaqdadır. Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz azaldılaraq, 24-dən 19-ə endirilib”.

Nazir daha sonra bunları əlavə edib: “Ümumiyyətlə bu sahədə bizim əsas vəzifəmiz ondan ibarətdir ki, xarici valyutada ifadə olunmuş borcu azaldaraq daha çox onu milli valyutada olan borcla əvəzləyək. Hesab edirəm ki, bu, bizim borc sahəsində dayanıqlılığımızı xeyli artıracaq və dünya bazarındakı xarici şoklara qarşı müqavimətimizi xeyli möhkəmləndirəcək".

XS
SM
MD
LG