Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:49

Ekspertiza döyüldüyünü deyən vəkil barədə rəy verib


O.Kəngərli
O.Kəngərli

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində döyüldüyünü deyən vəkil Orxan Kəngərli ekspertizadan keçib və ekspertin rəyi artıq hazırdır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, ekspertiza vəkilin qapalı kəllə-beyin travması alması, üzərində xəsarət izləri – qançırlar olması barədə rəy verib: «Ümumilikdə rəydə yüngül xəsarətdən söhbət gedir».

O.Kəngərlinin hüquqlarını müdafiə edən vəkil Tükəzban Aşurova AzadlıqRadiosuna ekspert rəyi ilə tanış olduqlarını, ancaq araşdırmaların davam etdiyini söyləyib: «Vəzifəli şəxslərdən şikayətlərin araşdırılması prokurorluğun səlahiyyətindədir. Ona görə də biz hadisədən sonra Binəqədi Rayon Prokurorluğuna şikayət etmişdik. Hər iki tərəf dindirilib, ekspertizanın rəyi alınıb. Araşdırmalar hələ davam edir».

Vəkil bir illik fəaliyyətin yoxlanılmasını istəyir

O.Kəngərli onu döydüyünü, qanunsuz saxladığını iddia etdiyi şəxslərin cəzalandırılmasıyla yanaşı, həm də 4-cü polis bölməsinin son bir illik fəaliyyəti ilə bağlı xidməti yoxlama aparılmasını istəyir. O, bu haqda Facebook hesabında yazıb: «4-cü polis bölməsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarımın bərpa olunacağına, günahkar şəxslərin ən ağır şəkildə cəzalanacağına ümid edirəm. Sözügedən polis şöbəsində xidməti yoxlama aparılmalı və bu yoxlama tək mənim başıma gələn qanunsuzluq çərçivəsində deyil, daha geniş zaman kəsiyini əhatə etməlidir. Vəkillər Kollegiyasının üzvü olduğumu bilə-bilə polis zabitləri məni döyüb azadlıq hüququmu məhdudlaşdıraraq, müvəqqəti saxlama yerinə salmağa cürət edirlərsə, hər hansı bir cinayətdə adı keçən şəxslərə qarşı necə davrandıqları, hesab edirəm ki, hamıya aydındır. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq, heç bir şəxs - cinayətkar olmuş olsa belə - işgəncəyə, qeyri insani və ya ləyaqəti alçaldan rəftara, cəzaya məruz qalmamalıdır.

Bu səbəbdən hesab edirəm ki, obyektivliyə nail olmaq məqsədilə 4-cü polis bölməsinin ən azı bir illik fəaliyyəti yoxlanmalı, daha sonra yekun qərar qəbul edilməlidir».

O.Kəngərlinin vəkili T.Aşurova deyir ki, dövlət orqanlarına müraciətlərində də xidməti yoxlama aparılması məsələsini qoyublar: «Ola bilsin, indiyədək başqa şəxslərə münasibətdə də eyni cür davranışlar olub və araşdırma aparılsa, üzə çıxa bilər».

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov da AzadlıqRadiosuna bildirib ki, vəkilə qarşı baş verənlərlə əlaqədar bütün zəruri addımlar atılıb: «Məsələ araşdırılır. Obyektiv və ədalətli araşdırma aparılacağına zərrə qədər şübhə üçün əsas görmürəm».

Vəkil O.Kəngərli bildirir ki, mayın 31-də 4-cü polis bölməsində saxlanılan müvəkkilinin hüquqlarını müdafiə etmək məqsədilə ora gedib. Polis əməkdaşlarına vəkil olduğunu desə də, bunu təsdiqləyən sənədləri təqdim etsə də, qarşı tərəfin kobudluğuyla üzləşib. Bölmədəki polislər onu döyüb, təhqir edib, daha sonra müvəkkilinin də olduğu müvəqqəti saxlanma yerinə salıblar. Vəkilin sözlərinə görə, axşama qədər onu orada saxlayıblar.

DİN nə deyirdi

Daxili İşlər Nazirliyi isə bu olayla bağlı açıqlamada vəkilin özünü qanunları pozmaqda günahlandırıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib ki, O.Kəngərlinin polis bölməsində döyülməsi barədə iddialar yalandır, özünümüdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, O.Kəngərli oğurluqda şübhəli bilinərək saxlanılan tanışına görə bölməyə gəlib, ancaq nə vəkil olduğunu deyib, nə də orderini təqdim edib: «Özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub. Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib».

XS
SM
MD
LG