Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Eldar Həsənov: 'Müalicə olunmağıma bir məmur qadağa qoyub…'


Eldar Həsənov məhkəmədə
Eldar Həsənov məhkəmədə

Keçmiş baş prokuror və səfir Eldar Həsənovun öz mülkiyyətilə yanaşı, övladları və nəvəsinin əmlaklarına, bank hesabına da həbs qoyulub.

Bu barədə onun vəkili Cavad Cavadov noyabrın 19-da məhkəmədə məlumat verərək bildirib ki, sabiq səfirin, hətta babasının adına olan əmlakın da üzərində həbs var.

"Əmlaklara qanunsuz olaraq, həbs qoyulub. Bununla əlaqədar ailə üzvləri də məhkəməyə müraciət edib. Xahiş edirik, Eldar Həsənovun özünə aid əmlaklar istisna olmaqla, digər əmlaklarından həbs götürülsün. Babasının adına olan əmlaka niyə həbs qoyulmalıdır?" – vəkil vəsatətini əsaslandırarkən belə deyib.

“Sağ tərəfim 65-70 faiz işləmir”

Prokuror bildirib ki, digər əmlakların da Həsənova aid olması, onun əldə etdiyi vəsaitlər hesabına əldə edilməsinə şübhələr var. Ona görə də həmin əmlakların üzərində həbs qalmalıdır.

Hakimlər də bu mövqe ilə razılaşıb və vəsatəti təmin etməyib.

Sabiq səfir özü isə məhkəmə prosesinin qısa müddətdə yekunlaşmasını istəyib. O vurğulayıb ki, sifarişli cəza hökmünü elan etmək üçün bu prosesi uzatmağa ehtiyac yoxdur.

Səhhətinin ağır olduğunu vurğulayan Həsənov deyib ki, bu haqda danışmaq onun üçün çətindi:

"Bu, acizlik, kimdənsə imdad diləmək deyil. Əsla yox. Mən Konstitusiya Komissiyasının üzvü, müstəqil Azərbaycanın Konstitusiyasının ilk müəlliflərindən biri kimi, konstitusyon haqqımı - yaşamaq hüququmu, tibbi yardım almaq haqqımı tələb edirəm. Son üç gündə sağ tərəfim 65-70 faiz işləmir. Mən həbs olunanda gündə 18 dərman içirdim. İndi 31 dərman içirəm”.

Bir məmurun “düşmənçiliyi”

Həsənov əminliyini vurğulayıb ki, prezidentə onun durumu haqqında düzgün məlumat çatdırılmır. Əks halda, ona qarşı mənəvi-psixoloji işgəncəyə icazə verməzdi. O, konkret bir məmurun onunla düşmənçilik apardığını söyləyib:

“Səhhətimin olduqca ağırlaşmasına baxmayaraq, müayinə və müalicə olunmağıma bir məmur tərəfindən qəti qadağa qoyulub. “Yiyəsinə görə dəyməzlər” prinsipinə əsaslanıb, ad çəkmək istəmirəm. Haqq səsimi, mənə qarşı ədalətsizlikləri prezident İlham Əliyevə çatdıran yoxdur. Olsaydı, 27 il yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara mənəvi-psixoloji işgəncələrə icazə verməzdi. Müstəqil Azərbaycan dövlətinin, Birinci Qarabağ Müharibəsinin, bugünkü hakimiyyətimizin ən ağır dönəmlərində canı-qanı hesabına, əməli fəaliyyətilə xidmət edən birinə qarşı belə davranışı nə bəndə, nə tarix, nə də Tanrı götürər”.

Məhkəmə prosesi noyabrın 22-də davam edəcək. Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir.

Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG