Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Keçmiş nazir ifadəsində Eldar Mahmudov barədə nə deyib?


Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov
Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov

MTN generallarının işi üzrə istintaqda keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dindirilərkən açıq şəkildə deyib ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxurdu.

Ona görə də E. Mahmudov nə desə, onu eləyirdi. Dediyinə görə, özlərinə əlavə problem yaratmamaq üçün E. Mahmudovun tələb etdiyi qaydada MTN-ə hər ay 150 min manat pul göndərirdi.

Buna da bax:​ MTN polkovnikinin pensiya kartına da həbs qoyulub

“Eldar Mahmudovun mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edəcəyindən, hansısa xırda nöqsanı ictimailəşdirməklə, nüfuzuma xələl gətirəcəyindən ehtiyatlanırdım. Ona görə də Eldar Mahmudovla prinsip, qarşıdurma yaratmamaq üçün hər ay MTN-ə müəyyən məbləğdə pul verməsi haqda rəhbərlik etdiyim nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova göstəriş vermişdim”, – Əli Abbasovun istintaqa ifadəsindəndi.

“Mahmudov ölkə rəhbərliyinə belə məlumat vermişdi”

Keçmiş nazirin sözlərinə görə, Eldar Mahmudov, hətta Rabitə və Yüksək Texnologiyalar nazirliyindəki təyinatlara da qoşulub. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin elətdirib. Ə. Abbasov deyir ki, Eldar Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun müxalifət liderlərindən biriylə yaxın olması haqda məlumat çatdırıb:

Buna da bax: Korrupsiya idarəsinin rəisi Əli Abbasovdan danışdı

“Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə N. Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, E. Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun guya, hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə N. Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım. Ardınca da E. Mahmudovun xahişi və təkidi ilə Beytulla Hüseynovu həmin vəzifəyə təyin etdim. Bundan da təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik.

Amma işlədiyi müddətdə Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasını bilməmişəm. Həmin yuvalarının bir qisminin zəruri telefon əlaqələri üçün, qalan hissəsinin isə hansı məqsədlə istifadə olunması barədə heç bir məlumatım olmayıb”.

Mahmudovun qohumlarının vəzifəyə təyinatı bununla bitməyib. Əli Abbasov bir müddət sonra E. Mahmudovun əmisi oğlu Mahmud Mahmudovu “Azərpoçt” MMC-nin tərkibində olan Mərkəzi xüsusi rabitə idarəsinin direktoru təyin edib.

Buna da bax:​ 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

“Nazir mənə məktub göstərdi, dedim ki, yalandı”

Müxalifət lideriylə əlaqədə suçlanıb, vəzifəsindən azad edilən Nəriman Salmanov sonradan Yasamal Telefon Qovşağının rəisi təyin olunub. 2010-cu ildən isə Sabunçu rayonunda eyni vəzifədə işləyir. Prokurorluqda onun özünü də dindiriblər. Deyib ki, o, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olanda Beytulla Hüseynov Xətai Telefon Qovşağının rəisi idi. O zaman B. Hüseynovun özünün xahişi, nazir Əli Abbasovun da razılığı ilə onu Yasamal rayonunun Telefon Qovşağının rəisi təyin edib. E. Mahmudov nazir təyin olunandan az sonra xüsusi əməliyyatla Sabunçu Telefon Qovşağının Adəm adlı rəisini həbs elətdirib. O adam da əvvəllər “Bakı Telefon Rabitəsi” İB-nin rəisi olub:

“Adəm o vəzifədə işlədiyi dövrdə Eldar Mahmudovla intriqaları vardı. Adəmin həbsi ərəfəsində Beytulla Hüseynovla görüşdə bildim ki, o, Eldar Mahmudovla qohumdu. 2004-cü ilin sentyabr ayının əvvəllərində nazir Əli Abbasov məni otağına çağırdı. Dedi ki, müxalifətçi olmağım barədə MTN-dən məktub daxil olub. Məktubu da uzaqdan göstərib işdən azad edilməyimə dair ərizə yazmağı tələb etdi. Ə. Abbasova bu məlumatın yalan olduğunu bildirdim, araşdırmağa vaxt verməyi xahiş etdim. Amma 15-20 gün sonra nazir yenə məni çağırıb dedi ki, artıq bacara bilmir, çıxılmaz vəziyyətdədir. Onu da məcbur edirlər. Ona görə də vəzifədən azad olunmağım haqda ərizə yazdım. Yeddi aya yaxın sərəncamda qaldım. 2015-ci ilin aprelində E. Mahmudovun xahişi ilə mənim yerimə Beytulla Hüseynov təyin olundu. Ondan bir neçə gün sonra isə məni Yasamal Telefon Qovşağına göndərdilər. 2005-ci ildən sonra Beytulla Hüseynovla münasibətlərimiz soyuq olub”.

Buna da bax:​ Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib

Nəriman Salmanov onu da bildirib ki, “Bakı Telefon Rabitəsi” İB-nin rəhbəri olduğu dövrdə otağında təxminən 4 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyir: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.

XS
SM
MD
LG