Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:37

R.Məmmədhəsənov: 'Məmur övladına nəzarət edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?'


Rafiq Məmmədhəsənov
Rafiq Məmmədhəsənov

«Məmur öz övladına nəzarət edə bilmirsə, o nə məmurdur? O boyda camaatı necə idarə edəcək?», – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Rafiq Məmmədhəsənov AzadlıqRadiosuna belə deyir.

O, baş nazirin müavini, Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəzadan danışarkən məmur yaxınlarının özbaşınalığını pisləyir.

Rafiq Məmmədhəsənov: «O, öz evinə, övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, bu nə bacarır?..»
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

Onun qənaətincə, məmur özü nümunəvi olmalıdır, məmurun ailəsi də, övladları da, nəvəsi də, hamısı nümunəvi olmalıdır. Deputat daha sonra sual edir:

«O, öz evinə, övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, bu nə bacarır?..».

***Buna da bax-Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

R.Məmmədhəsənov AzadlıqRadiosunun başqa suallarına cavab vermək istəməyib. Ümumiyyətlə, deputatların çoxu bu mövzuda susmağa üstünlük veriblər.

«ƏLİ MÜƏLLİM İSTƏMƏZDİ Kİ, ONUN NƏVƏSİNİN ADI BELƏ HALLANA»

YAP-çı deputat Elman Məmmədovsa bu mövzuda danışıb və onun mövqeyi YAP-çı həmkarından fərqlidir:

Elman Məmmədov: «Əli müəllim işini-gücünü buraxıb nəvəsini izləməyəcəkdi ki…».
Gözlə

No media source currently available

0:00 0:06:36 0:00
Direct-ə keçid

– Mənə belə gəlir, məmur övladı olsun, adi vətəndaş övladı olsun, kim olur-olsun ailədə, evdə övlad düzgün tərbiyə olunmalıdır ki, bu cür hadisələrə yol verməsinlər. Xüsusilə də məmur oldu-olmadı, imkanlı insanların övladlarıyla bağlı... Belə deyək, heç məmur deyil, iş adamıdır, Allah özünə qismət etsin, müxtəlif yollarla sərvət qazanıb, pul qazanıbsa, imkanı varsa, bu o demək deyil ki, övladın istədiyi hərəkəti edə, istədiyi vaxt qanun pozuntusuna yol verə bilər. Və bu, cəzasız qala bilər. Xeyr! Belə şeylər heç vaxt cəzasız buraxılmır. İctimaiyyət, cəmiyyət bu hadisələri çox ciddi izləyir. Məncə, bundan hamı ibrət götürməlidir. Bunlar yolverilməz hallardır. Kimliyindən asılı olmadan qanunu pozubsa, cəzasını almalıdır, vəssalam.

Elman Məmmədov
Elman Məmmədov

– Əli Həsənov baş verənlərlə bağlı deyib ki, hüquqi dövlətdə hər kəs fərdi məsuliyyət daşıyır. Baş nazirin müavini, YAP sədrinin müavininin belə açıqlama verməsini siz necə qarşıladınız? Bu, məsuliyyətdən qaçmaq deyil?

– Əli Həsənov cəmiyyətdə, ölkədə nüfuzuyla, hörmətiylə, etik davranış qaydalarına əməl etməsiylə tanınan, fərqlənən bir insandır. Şəxsən mənim Əli müəllimə çox böyük hörmətim var, çünki onu uzun illərdir tanıyıram. Və mən Əli müəllim tərəfindən qanunçuluğa ciddi riayət edilməsinə şahid olmuşam. Təbii, Əli müəllim istəməzdi ki, onun nəvəsinin adı belə hallana və nəvəsi belə hərəkət törədə. O, dövlət adamıdır, baş nazirin müavinidir, «Qaçqınkom»un sədridir, partiyamızın sədr müavindir. Əlbəttə, bu hal arzuolunmazdır. Bəli, Əli müəllim nəvəsinin törətdiyi hadisəyə görə məsuliyyət daşımır. Daşıya da bilməz. Mən də babayam. Doğrudur, biz evimizdə nəvələrimizə nəsihət veririk, öyüd veririk. Ancaq bir baba kimi mən bütün nəvələrimin arxasınca düşüb izləyə bilmərəm ki, görüm neylədi, hara getdi, haradan gəldi. Eləcə də Əli müəllim işini-gücünü buraxıb nəvəsini izləməyəcəkdi ki, görsün nəvəsi maşını nə vaxt hara sürəcək, necə sürəcək. Məncə, bu məsələdə hadisəni törədənin özü məsuliyyət daşıyır, özü cavabdehdir. Babası gedib onun yerinə cavab verməyəcək ki.

– Tərbiyə də ailədən gəlir amma...

– Ailədən gəlir. Ancaq o insanın özünün kifayət qədər yaşı var. Sərbəst, həddi-buluğa çatmış insandır. Balaca bağça uşağı deyil, 20-dən artıq yaşı var. Özü məsuliyyətini dərk etməlidir, səhvə yol verməməlidir. Belə halda nə baba, nə ata, nə ana, də başqa qohum-əqrəba... Bilirsiniz, bu hal arzuolunmazdır, xoşagəlməzdir. Heç kim övladıyla bağlı belə halın baş verməsini istəməz. Ailə də bunu istəməzdi. Amma olubsa, bu adam məsuliyyətini daşıyacaq.

– Prezident dəfələrlə xəbərdarlıq etsə də, məmur övladları bu cür özbaşınalığa, qanun pozuntusuna yol verirlər. İlham Əliyev bildirmişdi ki, məmur yaxınlarına elə gəlir onların imtiyazları var. Niyə məmur yaxınlarında belə bir təsəvvür yaranıb? Bir də, bu baş verənlər komandanın nəzarətdən çıxması, rəhbərin sözünün nəzərə alınmaması deyilmi?

– Komanda tam nəzarətdədir. Komanda prezidentimiz tərəfindən tam yüksək şəkildə idarə olunur. Cənab prezident hər dəfə bu mövzuya toxunanda xəbərdarlıq edir ki, heç kimin xüsusi imtiyazı yoxdur. Qanun qarşısında hamı bərabərdir, qanunu pozubsa, cavab verəcək, cəzasını alacaq.

Ə.Həsənovun nəvəsi Nail Allahverdiyev
Ə.Həsənovun nəvəsi Nail Allahverdiyev

– Sizcə, o zaman bu cür xəbərdarlıqlardan sonra niyə belə hadisələr baş verir? Yalnız sosial şəbəkələrin, mətbuatın müdaxiləsindən sonra məsələ ictimailəşir.

– Sosial şəbəkələrimizin də, ictimaiyyətin də, sizlərin də müdaxiləsi, bu məsələləri ictimailəşdirməsini... Əlbəttə, müəyyən hallarda xoşagəlməz ifadələr də işlədilir, bunlar istisna olmaqla, mətbuatımızın bu məsələdə rolunu yüksək qiymətləndirirəm, bu da tərbiyə vasitəsidir. Qanuna çağırışdır ki, belə olmaz. Belə hallar cəmiyyətdə ikrah yaradır, qıcıq yaradır. Sosial şəbəkələrin, medianın, prezidentin münasibəti tərbiyəvi xarakter daşıyır. Bu halda belə hadisələrin sayı azalmağa doğru getməlidir.

– Amma azalmır. Ötən ay prezident yüksəkvəzifəli məmuru işindən azad etdi və məlum oldu ki, onun oğlu növbəti cinayəti törətməzdən, yəni avtobus sürücüsünü döyməzdən qabaq bir piyadanı öldürübmüş, buna görə cəza alsa da, az sonra əfv olunaraq azadlığa çıxıb. Bəlkə həbsxanada belə məmur övladlarına şansların tanınması onları növbəti xətalardan çəkindirmir, bəlkə də buna təhrik edir? Bəlkə bu ayrıseçkilik olmasaydı onlar da özlərini «imtiyazlı» saymazdılar?

– Heç bir imtiyaz yoxdur, heç bir ayrıseçkilik də yoxdur. Və olmamalıdır da. Söhbət yəqin Novruzəli müəllimdən gedir, hərbi səfərbərliklə məşğul olan yoldaşdan. (Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub – AR). O, vəzifəsindən azad olundu. Bax, o məlumatı mən bilmirdim ki, övladı bir dəfə qəza törədib, cəzasını alıb, sonra azadlığa çıxıb. El məsəli var: «Su səhəngi suda sınar». Axır nəticəsini gördünüz? Onun tək özü yox, atası da cəzalandı. Bunlar hamısı ibrət olmalıdır. Bundan nəticə çıxarılmalıdır. Ağlı yerində olan, tərbiyəsi yerində olanlar bundan nəticə çıxarır. Tərbiyəsində kəm-kəsir olanlar da başı daşa dəyənə qədər başa düşmür, qanmır.

XS
SM
MD
LG