Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:14

'Yazıblar göy rəngli dərman... halbuki, o dərman rəngli olmur'


Keçmiş səhiyyə naziri Əli İnsanov
Keçmiş səhiyyə naziri Əli İnsanov

“Poqonunu özü cıra bilərdimi?”

Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik həbsdən çıxmasına 56 gün qalmış başlanan cinayət işi üzrə də məhkəmə başa çatmaq üzrədir. Aprelin 19-da Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını elan edib. Prokurora çıxışa hazırlaşmaqdan ötrü bir həftə vaxt verilib. Aprelin 26-da prokuror Əli İnsanova cəza istəyəcək.

Bundan əvvəl isə məhkəmədə Əli İnsanovun özü və müdafiəçiləri bir sıra vəsatətlər qaldırıblar.

Buna da bax:​ Əli İnsanovun məhkəməsinə jurnalistlər buraxılmadı

“YALAN VƏ SAXTADI”

Keçmiş nazir bir daha bildirib ki, onun yorğanının arasından psixotrop tərkibli dərmanlar tapılması barədə ittiham yalan və saxtadır: "Yazıblar ki, guya göy rəngli dərmanlar tapıblar. Halbuki, o dərmanlar rəngli olmur. Guya içindən dərman tapılmış şüşə qabın ekspertizaya göndərilməsi, üzərində mənim əl izlərimin olub-olmadığının müəyyənləşdirilməsi üçün dəfələrlə vəsatət qaldırdıq. Amma eləmədilər. Çünki başdan-ayağa yalan və saxtadı".

İnsanovun vəkili Toğrul Babayev keçmiş nazirin vurub kəllə-beyin travması yetirdiyi iddia olunan mayor Anar Məmmədovdan soruşub ki, özünün də dediyi kimi, hadisədən sonra 30-35 gün xəstəxanada müalicə alıbsa, prokurorluqda nə vaxt ifadə verib?

Anar Məmmədov bildirib ki, hadisədən iki gün sonra onu prokurorluğa ifadə verməyə aparıb, sonra da qaytarıb gətiriblər: "Kəllə-beyin travması almışdım. O demək deyil ki, əl-ayağım da yox idi".

Buna da bax: Əli İnsanov: 'Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu?'

“TRAVMADAN SÖHBƏT GEDƏ BİLMƏZ”

Əli İnsanov Anar Məmmədovu vurması və nəticədə kəllə-beyin travması alması barədə ittihamın yalan olduğunu söyləyib: "İşin içində Anar Məmmədova aid kompüter tomoqrafiyasının nəticəsi yoxdur. Kəllə-beyin travması məsələsini də özlərindən yazıblar. Çünki heç bir vurulmadan, kəllə-beyin travmasından söhbət gedə bilməz. Olmayıb belə şey. Ona görə də heç bir sualıma cavab verə bilmirlər".

Əli İnsanovun vəkili Ağaveyis Şahverdi bildirib ki, keçmiş nazirin cırdığı iddia olunan protokol da maddi sübut sayılsa da, iş materialları arasında yoxdur. Vəkil eyni zamanda, yolverilməz sübutların xaric olunması haqda vəsatət qaldırıb və bunu həmin sübutların əsassız, qanunsuz olmasıyla izah edib. Bildirib ki, iş materiallarına görə cəzaçəkmə müəssisəsində axtarış aparılıb dərmanlar tapıldığı iddia olunan vaxt Əli İnsanovun özü ilə yanaşı, vəkili də müəssisədə, onunla görüşdə olub. Amma baxış və protokolun tərtibi zamanı onların heç birini dəvət eləməyiblər: "Yaxud ekspert rəyində iddia olunur ki, Əli İnsanovun paltarında Anar Məmmədovun paltarına aid lif aşkarlanıb. Halbuki, həmin paltarlar o hadisədən sonra geyinilib. Evdən gələn paltarlarda Anar Məmmədovun paltarına aid liflər necə ola bilərdi?"

Buna da bax:​ Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

“POQONUNU ÖZÜ CIRA BİLƏRDİMİ?”

Vəkilin sübutlar siyahısından çıxarılmasını istədiyi sənədlər sırasında ekspert rəyi də var: "Biz ekspert qarşısında sual qoymuşduq ki, Anar Məmmədov poqonunu özü cıra bilərdimi? Amma ekspert suala cavab verə bilmədi".

Ağaveyis Şahverdinin vəsatəti təmin olunmayıb.

"Mən Anar Məmmədovu görəndə cibi içəri qatlanmışdı. Şübhələndim ki, nə isə qoyub, səsimi yazır. Sonradan aydın oldu ki, məsələ nə yerdədi", – bunu isə Əli İnsanov deyib.

Keçmiş nazir zərərçəkən mayor Anar Məmmədovun anlaqlı olub-olmaması, aldığını iddia etdiyi xəsarətlərin təsirinin qalıb-qalmaması haqda da vəsatət qaldırıb.

Buna da bax:​ Əli İnsanov ev dustaqlığına buraxılmadı

Bu vəsatət də təmin olunmayıb.

Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Keçmiş nazirin məhkəməsi aprelin 26-da davam edəcək.

XATIRLATMA

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi

Ə. İnsanov ittihamı qəbul etmir, bütün bunları böhtan adlandıraraq bildirir ki, bu cinayət işi onu həbsdən buraxmamaqdan ötrü siyasi sifarişlə quraşdırılıb və saxtadır. Keçmiş nazirin sözlərinə görə, sifarişçi də birbaşa prezident İlham Əliyevin özüdür.

XS
SM
MD
LG