Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Əlil: 'Gərək Əzrayılla 3 illik müqavilə bağlayım'


Qabarmış əllər və əlil arabası
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Qabarmış əllər və əlil arabası

«Oğlumu aparıram rayon mərkəzi xəstəxanasına, deyirəm, göndəriş verin, bir az Bakıdakı Əlillərin Bərpası Mərkəzində stasionar müalicə alsın. Hər dəfə bir bəhanə ilə geri qaytarırlar».

Hacıqabulda yaşayan 2-ci qrup Qarabağ əlili Həbib Nəzirlinin atası İbad Nəzirov deyir ki, uzun müddətdir oğlunu müalicə etdirə bilmir. Hər dəfə göndərişdən ötrü gedəndə deyirlər, Bakıdakı bərpa mərkəzlərində yer yoxdur. Həbib də 6 ildir ki, ambulator müalicəylə kifayətlənməli olur.

«MÜHARİBƏ ƏLİLİ DEYİLSƏN»

Stasionar müalicə təkcə Həbibin arzusu deyil. 2-ci qrup əlil Çingiz Hüseynov da stasionar müalicəyə yer tapmır: «Əvvəllər Bakı şəhər Səhiyyə İdarəsinə müraciət edirdim, göndəriş verilirdi, Mərdəkandakı pansionatda müalicə alırdım. Son 2 ildə göndəriş əldə edə bilmirəm. Deyirlər, «müharibə əlili deyilsən, səni ora göndərə bilmərik». Halbuki, əvvəllər fərq qoymazdılar».

Çingiz Hüseynova Şağandakı Müharibə Əlilləri üçün Müalicə Pansionatı təklif olunur. O isə imtina edir. Səbəbini də gizlətmir. Deyir, otaqlar bərbad vəziyyətdədir, qidalanma sıfıra bərabərdir, dərman yoxdur. Qısası, gündə 5 dəfə fizioterapiya qəbulundan başqa heç nə təklif olunmur. «Ora gedən sağlam adam əlil olub geri qayıdar, o ki qala əlili ora göndərmələri», – deyir.

Çingiz Hüseynov kompleks müalicədən ötrü Respublika Əlillərin Bərpa Mərkəzinə də baş vurub: «Məni 2019-cu ilə növbəyə götürdülər. Dedim, «a kişi, 2019-a kim ölə, kim qala»… İndi gərək, Əzraillə 3 illik müqavilə bağlayam ki, «Bərpa Mərkəzində növbədir, sən də bir az möhlət ver…».

YOLDA SƏTƏLCƏMƏ TUTULMAQ

Son vaxtlar əlillərdən gələn şikayətlər artıb. Bunu «Azad İstehlakçılar» İctimai Birliyinin nəzdində yaradılmış «Profilaktik və bərpa mərkəzlərində istehlakçı hüquqlarının müdafiəsi» komissiyasının sədri Əhməd Rəhmanov deyir: «Şikayətlərin çoxu müalicə ala bilməməkləri ilə bağlıdır. Bərpa Mərkəzləri yer olmadığını bildirərək onları ya 2, 3 il sonraya növbəyə götürürlər, ya da ambulator müalicə təklif edirlər. Təsəvvür edin ki, bir əlil hər gün əlil arabasında, ictimai nəqliyyatda şəhərin bir başından o biri başına fizioterapiya, vannalar qəbul etməyə gəlir. Seans bitdikdən sonra tər-suyun içində əlil arabasında həmin yolu geri qayıdır. Hansı həkim zəmanət verə bilər ki, həmin əlil ayağına görə müalicəyə gəldiyi bir vaxtda yollarda sətəlcəmə tutulmayacaq?».

Bir müddət əvvəl Qarabağ əlili Adil Süleymanov AzadlıqRadiosuna şikayətlənmişdi ki, Respublika Bərpa Mərkəzinə ona ambulator müalicə təklif olunduğundan, hər gün Müşfiqabaddan Bərpa Mərkəzinə gəlib gedir. Yolda möhkəm soyuqladığı üçün əlavə müalicələrə ehtiyacı yaranıb. O, stasionar müalicə tələb edirdi.

«MÜRACİƏT ÇOXDUR»

Stasionar müalicə almaq istəyən əlillərin uzun müddətli növbələrə götürülməsinə gəlincə, Mərkəzdən bunu müraciətlərin çoxluğu ilə əlaqələndiriblər. Ancaq bildiriblər ki, Qarabağ müharibəsi əlilləri müalicəyə növbəsiz qəbul edilir: «Əlillərə göndəriş bir Şağandakı xəstəxanaya, bir də bizim Bərpa Mərkəzinə verilir. Şağanda şərait olmadığından əlillər bizim yeni təmirdən çıxmış, hər cür şəraiti olan Bərpa Mərkəzinə üstünlük verirlər. Lakin eyni vaxtda yüzlərlə əlilin burada stasionar müalicəsi mümkün deyil. Stasionar müalicəyə ehtiyacı olmayanlar da burada yatmaq istəyir, halbuki, onlara ambulator müalicə yetərlidir».

Düz 2 il əvvəl – 2014-cü il, sentyabrın 21-də prezident İlham Əliyevin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəz Bakıda əlillərin yeganə ümid yeri sayılır.

XS
SM
MD
LG