Biz onlarla hər gün rastlaşırıq: küçədə, yolda, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, parkda. Bəzilərini arabada, avtomobildə gedən görürük, bəzilərini protez və əsa ilə piyada gəzən. Onlar da bizimlə eyni cəmiyyəti, eyni dəyərləri bölüşürlər. Bəzilərində fiziki qüsur anadangəlmədir, bəzilərində sonradan qazanılma. Bəzilərinin qollarını, ayaqlarını müharibələr aparıb, bəzilərininkini yol qəzası, ya da dəzgahlar. Bəziləri dünyaya xəstə gəlib, bəziləri sağlamlığını sonradan itirib. Bütün sağlam insanların hər an bu sıraya qoşulmaq təhlükəsi var. Bu sırada say artmaqdadır...
Hazırda dünya əhalisinin 10 faizini əngəlli insanlar təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu göstərici 6 faizdən bir qədər çoxdur- 614 min nəfərə yaxın. Amma Azərbaycanda da «boy artımı» sürətlə gedir. Rəsmi məlumata görə, 2000-ci ildə pensiya və müavinət alan əlillərin sayı 250.7 min nəfər olub. Bu da ümumi əhalinin 3 faizini təşkil edib. Göründüyü kimi, son 17 ildə iki dəfə artım var.
Bəs bu 17 il ərzində əngəllilərə, xüsusilə də belə uşaqlara qayğı artıbmı?
Əngəlli uşaqlar təhsildən kənarda qalır
Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qayda cari tədris ilində xeyli sayda əlil uşağı icbari təhsildən kənarda saxlayıb. Hələ də, əlillərə ödənilən müavinət yaşayış minimumu həddinə çatdırılmayıb.
3 dekabr- Beynəlxalq Əlillər Günü bir neçə əlil ailəsinə baş çəkdik...
«...qiymətli əşyalarımı satıram»
İmişlidə yaşayan mədəniyyət işçisi, yazıçı-jurnalist Məryəm Şahverdiyeva illərdir ki, hepatit xəstəliyindən əziyyət çəkir. O, son günlər artıq çarpayıdan qalxa bilmir. Qadın müalicəsini çətinliklə davam etdirdiyini söyləyir:
«2-ci qrup əlil kimi mənə 185 manat pensiya ödənilir. Bu pul kommunal və qida xərclərimə güclə çatır. Bakıya müayinə üçün gedib-gəlməyə, dərman almağa ayda 1000 manata yaxın pulum çıxır. Mənə bircə dərman dövlət hesabına verilir, qalanını öz pulumla alıram. 40 ildən çox əmək fəaliyyətimlə əldə etdiyim qazancın hamısı müalicəmə gedib. İndi ehtiyaclarımı qarşılamaq üçün qiymətli olan əşyalarımı satıram, bir az da qohumlar, dostlar kömək edir».
Məryəm xanım deyir ki, ona ən çox təsir edən əlillərə biganə münasibətdir:
«Dövlət pensiya verməklə öz üzərinə düşən vəzifəni bitmiş hesab edir. Yataqdan qalxa bilmədiyim bu günlərdə bircə nəfər də olsun məmur, sosial xidmətçi, ictimai təşkilat nümayəndəsi gəlib məni yoluxmayıb. Bir təsəlli sözünə, mənəvi dəstəyə ehtiyac var. Adam, az qala, özünü cəmiyyət üçün gərəksiz hesab edir».
İnamın yaratdığı xoşbəxtlik
İmişli rayonunun Çahar kəndində yaşayan, 1986-cı il təvəllüdlü Mirrəşad İsayev də anadangəlmə iflicdir. Bu, az imiş kimi, üç yaşında atasını da itirib. İndi onun Mirnəsib və Nazlı adlarında sağlam övladları var.
Ailə başçısı 1-ci qrup əlilliyə görə 66 manat sosial müavinət, 74 manat isə prezident təqaüdü alır. Amma bu, 5-nəfərlik ailənin ehtiyaclarını ödəmədiyindən, dövlət onlara əlavə olaraq ünvanlı sosial yardım da ayırmalı olub.
Anası Fatma İsayev deyir ki, imkansızlığa görə son vaxtlar oğlunun müalicəsi də arxa plana keçib:
«Düz üç ildir onu Bakıya apara, həkimlərə yoxlatdıra bilmirik. Halbuki, ildə iki dəfə belə müayinəyə ehtiyac var. Axır vaxtlar əsəbləri çox gərilib».
Ata qızını xilas etməkdən ötrü yaşadıqları evi satışa çıxarıb
Daha bir əlil ailəsinə baş çəkmək məqsədilə İmişli şəhəri, Qadir İsmayılzadə küçəsinə yollanırıq. Amma həmin ünvana çatanda bağlı həyət darvazasının üstündən «ev satılır» sözlərini oxuyuruq. Qonşulardan telefon nömrələrini alır, zəng edib əlaqə saxlayırıq.
Ailə başçısı Şaiq Rzayev bildirir ki, qızı, 2008-ci il təvəllüdlü Minə 4 aydır ki, aplastik anemiya xəstəliyindən əziyyət çəkir:
«Ona bu diaqnoz stasionar müalicə kursu keçdiyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda qoyulub. Belarusun paytaxtı Minsk şəhərindəki Onkoloji, Hematoloji və İmmunoloji Xəstəxanada bir daha təsdiqini tapıb. Həkimlərin indiyədək göstərdiyi səylər nəticəsində o, sağ qala bilib. Amma xəstənin həyatını xilas etmək üçün onun sıradan çıxmış ilik və qan hüceyrələrinin yerinə başqa bir adamdan sağlam kök hüceyrələri köçürülməli, yaxud davamlı müalicəyə cəlb edilməlidir».
Ş.Rzayev bildirir ki, M.Rzayevanın vaxtaşırı müayinə və müalicəsindən ötrü Bakı şəhərində kirayə ev tutub orada yaşamaq məcburiyyətində qalıblar. Deməsinə görə, evin kirayəsinə, kommunal xərclərinə və qızının müalicəsinə ayda 2 min manatdan çox xərcləri çıxır:
«İndiyədək Minənin ölkə daxilində və xaricdə müalicəsi qohumlarımızın, dostlarımızın, xeyirxah insanların etdiyi yardımla mümkün olub. Lakin artıq bütün imkanlar tükənmək üzrədir. Buna görə evimizi satışa çıxarmışıq».