Prokuror məktəb direktoruna cəza istədi
162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan Sevinc Abbasovaya prokuror cəza istəyib. Oktyabrın 16-da Səbail rayon Məhkəməsində çıxış edən prokuror məktəbin keçmiş direktorunun azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını (elektron qolbaq tətbiqi-red.) təklif edib.
Prokuror qısa çıxış edib. Deyib ki, S.Abbasovaya qarşı CM-in 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq-ağır nəticələrə səbəb olduqda) maddələriylə verilən ittiham məhkəmədə sübuta yetirilib. Onun işini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur.
Prokuror keçmiş direktora 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəyib. S.Abbasovanın ev dustaqlığında olması nəzərə alınıb, üzərində 2 il 6 ay cəza saxlanmasını təklif edib. Dövlət ittihamçısı ona əlavə cəza kimi, 3 il də pedaqoji fəaliyyətlə məşğul olmağın qadağan olunmasını uyğun bilib.
Elinanın anasının vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Onlara oktyabrın 18-nə qədər vaxt verilib.
Təqsirləndirilən S.Abbasova AzadlıqRadiosuna deyib ki, ittihamların məhkəmədə sübuta yetirilməsi barədə prokurorun dedikləriylə razılaşmır: «Heç nə sübuta yetirilməyib. Ümumiyyətlə, istintaq düzgün istiqamətdə aparılmayıb».
Elinanın anası Sevil Hüseynova AzadlıqRadiosuna deyib ki, prokurordan belə yumşaq cəza tələbi gِözləmirdi: «Ümidim vardı ki, heç olmasa, 3 il həbs olunacaq. Vəkillərim əllərindən gələni eləyirlər. Əgər nəticə istədiyimiz kimi olmasa, bu işi Avropa Məhkəməsinə çıxaracağıq. Belə qoymayacağıq».
Elinanın ölümünə səbəb olan diaqnoz 26 saat sonra qoyulubmuş...
162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdindən sonra ölümüylə bağlı məhkəmə araşdırmaları yekunlaşdı. Oktyabrın 11-də Səbail rayon Məhkəməsində məktəblinin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş direktor Sevinc Abbasovanın işi üzrə istintaqın tamamlandığı elan edilib. Oktyabrın 16-da prokuror çıxış edib ona cəza istəyəcək.
Məhkəmə istintaqı yekunlaşmamışdan öncə Elina Hacıyevanın anasının vəkilləri ev dustaqlığında olan keçmiş direktorun həbsi barədə vəsatət qaldırıblar. Deyiblər ki, S.Abbasova şahidlərə təzyiq göstərib, əllərində bunu təsdiqləyən sübutlar var.
«Mən ona necə təsir göstərmişəm ki...»
Vəkil Sevinc Əliyeva keçmiş direktorun məktəbin psixoloqu olmuş Könül Ağayeva (o da Elinanın ölümündən sonra işdən çıxarılıb-red.) ilə Whatsapp yazışmasını, psixoloqun yerli mediaya müsahibəsi olan diski, məktəbin sabiq müdir müavini Məlahət Hüseynova barəsində məhkəmə qərarlarını sübut kimi hakimə təqdim edib. Sözügedən məhkəmə qərarlarında şahid ifadələri var ki, işdən çıxarılan M.Hüseynova haqqında həqiqətə uyğun olmayan şikayətlərə, aktlara imza atmağa onları S.Abbasova məcbur edib. Diskdəki müsahibədə isə psixoloq bildirir ki, məhkəmədə dindirilməmişdən əvvəl S.Abbasova onunla əlaqə saxlayıb, onun mənafeyinə uyğun ifadə verməsini istəyib.
Təqsirləndirilən S.Abbasova isə kimsəyə təzyiq göstərmədiyini deyib: «Mən ona necə təsir göstərmişəm ki, məhkəmədə mənim əleyhimə kifayət qədər ağır ifadə verdi? Əgər təsir vardısa, burada dindiriləndə niyə demirdi?».
Vəsatət təmin olunmayıb.
Məhkəmədə həm təqsirləndirilən direktorun vəkili, həm də zərərçəkmiş tərəf Elinanın ölümüylə bağlı rəy vermiş ekspertlərin dindirilməsi, təkrar ekspertiza keçirilməsi barədə də vəsatətlər qaldırıblar. Bildiriblər ki, ekspert rəyi ilə məhkəmədə dindirilən həkimlərin dedikləri arasında kəskin ziddiyyətlər var.
«İş materiallarından görünür ki, Elinanın ölümünə səbəb olan diaqnozu ona hadisədən 26 saat sonra qoyublar. Buna görə heç kim məsuliyyət daşımır», - deyən zərərçəkmişin vəkili Azər Nağıyev həkimlərin də məsuliyyətinə diqqət çəkib.
Amma məhkəmə təkrar ekspertiza və ekspertlərin dindirilməsi barədə vəsatətləri də təmin etməyib.
Keçmiş direktor Elinaya təcili yardımı gec çağırmasından danışır
162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova deyir ki, rəhbərlik etdiyi təhsil ocağında 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə əvvəl öِzünü qismən təqsirli bilirdi. Amma istintaqın sonunda cinayət işinin materiallarıyla tanış olandan sonra, ümumiyyətlə, özünü təqsirli bilmir.
«İstintaqın sonunda cinayət işinin materiallarıyla tanış olana qədər özümü qismən təqsirli bilirdim. Fikirləşirdim ki, necə ola bilər, necə olub, məktəbdə onu incidiblər, ona qarşı «bullinq» deyirlər, nə deyirlər (bullying - kollektiv üzvlərindən birinin, özəlliklə məktəbli və ya tələbəyə qarşı aqressiv təqib-red.), ondan olub, amma mənim xəbərim olmayıb? İş materiallarıyla tanış olanda gördüm ki, ona qarşı bu cür davrananların biri elə öz xalası qızı olub... Təcili yardımın gec çağrılması isə məndən asılı olmayan səbəblərdən baş verib - affekt vəziyyətdə olmuşam. Sırf sağlamlığıma görə gecikib, özümə gələn kimi çağırmışam. Mənə təsəlli verən də odur ki, məktəbdə ölməyib. Mənim onu gizlətmək, öldürmək niyyətim olmayıb», – S.Abbasova oktyabrın 2-də məhkəmədə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə bildirib. Davamı
"Elina işi": Tibbi bacısı deyir ki, direktor onu təcili yardım çağırmağa qoymayıb
162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru Sevinc Abbasovanın mühakiməsi sentyabrın 27-də davam etdirilib.
Məhkəmədə iki şahid dindirilib - məktəbin tibb bacısı Ləman Nuriyeva və Elinanın dostu olmuş Ramin Rəhimov.
L.Nuriyeva ifadəsində deyib ki, hadisə günü dərhal təcili tibbi yardım çağrılmasını istəyib, amma onun dediklərinə əhəmiyyət verilməyib. Əksinə, direktor ondan kabinetindən çıxmağı tələb edib: «Həmin gün poliklinikaya gedirdim. Mənə zəng vurub yoldan qaytardılar, dedilər ki, belə hadisə baş verib. Mən direktorun otağına daxil olanda Elina divanda uzanmışdı. Açıq yara görmədim, təzyiqini ölçdüm, 70-60 idi. Dedim ki, təcili tibbi yardım çağırmaq lazımdır. Hamı susdu, əhəmiyyət verən olmadı. 15-20 dəqiqədən sonda təzyiq 60-50-yə düşmüşdü, 40-a doğru gedirdi, bədəni soyumağa başlamışdı. Bunun daxili qanaxma ilə bağlı olmasından şübhələndim. Yenə təcili tibbi yardım çağrılmasının lazım olduğunu dedim. Lakin direktor Sevinc Abbasova mənə dedi ki, «çıx otaqdan, get, öz kabinetinə, çölə də çıxma, təcili tibbi yardımı özüm çağıracağam».
Tibb bacısının sözlərinə görə, onu sonradan direktorun otağına çağıranda orada polisləri və Xalidə Bayramovanı görüb. Yenə Elinanın təzyiqini ölçüb, təxminən 10 dəqiqədən sonra təcili yardım gəlib.
L.Nuriyeva həmin vaxt Elina ilə aralarındakı söhbətdən də danışıb: «Elina dedi ki, heç nə hiss eləmir, huşu başında idi. Mənə dedilər ki, Elina dərman içib. Özü də dedi ki, «...» içmişəm, amma qədərini bilmirdi».
Şahid sualları cavablandıranda bir daha açıq şəkildə deyib ki, direktor ona təcili yardım çağırmağa icazə verməmişdi.
Digər şahid Ramin Rəhimov deyir ki, Elina ilə iki ay idi tanış idilər. Elina ona məktəbdəki münasibətdən şikayətlənib: «Elina deyirdi ki, onu məktəbdə incidirlər. Direktor və müavininə bu barədə məlumat verib, amma heç bir tədbir görülməyib».
Məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.