Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:01

'Azərbaycanda təkadamlıq sistem yaranıb'


Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?

Yaxın illərə qədər Azərbaycanda müstəqil, müxalif mediada tez-tez "hakimiyyətdaxili qruplaşma" və "klanlararası rəqabət"dən bəhs edilib. Həmin yazılarda ölkədə hakimiyyət bölgüsü prinsipinin işləmədiyi, amma hakimiyyətdaxili qruplaşmaların mövcudluğu vurğulanıb.

Hakimiyyətə yaxın media orqanlarında isə adətən ölkədə problemlərə səbəb kimi qeyd edilən qruplaşmalarda adları çəkilən bir sıra şəxslər göstərilirdi. Amma son illər həmin adları çəkilən şəxslərin bir çoxu vəzifələrini itiriblər.

Ə.Oruclu
Ə.Oruclu

"Azərbaycanda da belə olub"

Siyasi şərhçi Ərəstun Oruclu AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda mövcud hakimiyyətin daxilində qruplaşmaların olması tamamilə anlaşılan tendensiyadır: "Ona görə ki, totalitar və avtoritar hakimiyyətlərdə müxalifətin, müstəqil media institutlarının, vətəndaş cəmiyyətinin zəiflədilməsi ona gətirib çıxarır ki, hakimiyyət uğrunda mübarizə hakimiyyətin daxilinə keçir. Azərbaycanda da belə olub".

Hərçənd, Azərbaycanda rəsmilər belə fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, ölkə sivil, demokratik qaydalarla idarə edilir.

"Siyasi hakimiyyət İlham Əliyevin əlində cəmləşib"

Ə.Oruclunun fikrincə isə, indi də qruplaşmaların olmadığını demək olmaz: "Qruplaşmalar həmişə olacaq. Amma, əlbəttə ki, onların arasında əvvəlki kimi bir qütbləşmə yoxdur. Əsas qruplaşmalar arasında gedən mübarizənin nəticəsində siyasi hakimiyyət, əsasən, İlham Əliyevin əlində cəmləşib".

Politoloq hesab edir ki, bu vəziyyət dəyişməyəcək: "İslahatlar da olmayacaq, çünki islahatlar təkcə cavan kadrlardan asılı deyil. Bu cavan kadrlar sadəcə menecerlərdir, icraçılardır. İslahatların aparılması üçün ilk atılmalı olan addım hakimiyyət qanadlarının, heç olmasa, minimal müstəqilliyinin təmin olunmasıdır. Bunların isə getdikcə səlahiyyətləri bir qədər də məhdudlaşdırılır".

A.Qasımlı
A.Qasımlı

"Siyasətlə biznesin birləşməsi"

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əvvəlcədən oliqarxik bir sistem formalaşmışdı: "Yəni, siyasətlə biznesin birləşməsi sistemi. Adamlar həm yüksək vəzifə tuturdu, həm də biznes imperiyalara sahib idilər".

Amma, onun sözlərinə görə, 2016-cı ilin referendumundan sonra bu situasiya dəyişməyə başlayıb. O, bir çox şəxslərin vəzifələrdən uzaqlaşdırıldıqlarını, əmlaklarının müsadirə edildiyini vurğulayır. Daha sonra isə bugünlərdə istefasının qəbul olunduğu açıqlanan, 27 il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talibovun üzərində dayanır: "Artıq Azərbaycanda daxildə hər hansı klan, qruplaşma yoxdur. Düzdür, bəzi personalar qaldı, amma onların gücü o qədər də böyük deyil, əsas fiqurlar "zərərsizləşdirildi"".

Siyasi şərhçinin fikrincə, qərarlar artıq bir mərkəzdən gəlir: "Bu qərarlar da həmin mərkəzin maraqlarına xidmət edir. Yəni, Azərbaycanda təkadamlıq sistem və onun yanında bir ailənin avtokratiyası yaranıb".

A.Qasımlı hesab edir ki, əvvəlki kadrların yeniləri ilə əvəzlənməsini islahat adlandırmaq olmaz: "Bu, islahat deyil. Məqsəd hər şeyi bir əldə cəmləşdirməkdir və ona doğru gedirlər. Bunun nəyi islahatdır?! Bəli, müəyyən şeylər dəyişir, amma prinsipial olaraq siyasi sistemdə çox ciddi dəyişikliklər olmayacaq".

Rəsmilər isə ölkədə 2016-cı ildə Konstitusiyaya dəyişikliklərdən sonra islahatların dərinləşdiyini açıqlayıblar. Həmin dəyişikliklərlə prezidentik müddəti 5 ildən 7 ilə qaldırılıb, vitse-prezidentlik institutu təsis edilib. Prezident ondan sonra da Heydər Əliyev Fondunun Prezidenti, xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi. Həmin vaxt hakimiyyətin müdafiəçiləri bəyan etdilər ki, bu, ölkənin daha çevik idarə edilməsinə imkan yaradacaq.

A.Quliyev
A.Quliyev

"Hakimiyyət bir neçə əldə olmamalıdır"

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Turan"a deyib ki, hakimiyyət bir əldə cəmləşməlidir: "Hakimiyyət bir neçə əldə olmamalıdır".

O vurğulayıb ki, V.Talıbovun istefasını hakimiyyət daxilində qruplar arasında gedən mübarizənin nəticəsi kimi qiymətləndirmir: "Hakimiyyət daxilində qrupların olduğunu da söyləmirəm. O qədər güclü bir mərkəzi hakimiyyət varsa, hakimiyyət daxilində qruplaşmalardan danışmaq yersizdir. Vasif Talıbovun istefası Naxçıvanda gedən proseslərin, rüşvətxorluğun, korrupsiyanın, insanların narazılığın nəticəsidir".

Onun fikrincə, bu, mütləq olmalı idi: "Heç şübhəsiz, korrupsiyanın bu qədər yayılmasında Vasif Talıbovun ya özü birbaşa iştirak edib, ya da yaxşı idarə edə bilməyib ki, bunun nəticəsində belə yeyintilər əmələ gəlib. Hər iki variantın sonunda Vasif Talıbov istefaya məcbur edilməli idi".

Bu fikirlərə, hələlik, V.Talıbov və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Amma bu vaxta qədər ona qarşı ittihamları istər yaxınları, istərsə də rəsmi qurumlar əsaslı saymayıb.

Bununla belə, onun istefası ərəfəsində muxtar respublikada bir sıra vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs ediliblər.

XS
SM
MD
LG