Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:22

Elmar Vəliyevin güllələnməsi işi: Qudalıq məsələsi ortaya çıxdı


Y.Səfərovun məhkəməsi
Y.Səfərovun məhkəməsi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edilir. Fevralın 17-də məhkəmədə bu məsələni vəkillər qaldırıb.

Sabiq icra başçısını güllələməkdə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi - Məhəmməd Bağırov və Nural Əliyev baxır. Vəkil Nazim Musayev vəsatət verib ki, bu işə N.Əliyev baxa bilməz, ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz. Vəkil bu fikrini belə əsaslandırır: «Məhkəmənin hazırlıq iclasından sonra məlum oldu ki, hakim Natiq Əliyevlə Elmar Vəliyev qohumdurlar. Bu barədə çox güman ki, məhkəmə tərkibindəki digər hakimlər də məlumatlıdır. Lakin məhkəmənin hazırlıq iclasında nə sədrlik edən Natiq Əliyev, nə də digər hakimlər bu məsələyə münasibət bildirmədi. Bununla da faktiki prosessual pozuntuya yol verdilər».

Vəkil N.Musayev hesab edir ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Deyir ki, N.Əliyev özü olmasa belə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin digər hakimləri də bu işə baxa bilməz. Çünki məhkəmənin sədri N.Əliyevdir, onun tabeliyində işləyirlər.

Məhkəmə sədrinin sabiq icra başçısının qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşı (gəlininin dayısı-red.) olduğu bildirilir.

Cinayət epizodlarının sonuncusu...

Bundan başqa, bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi - Ağa Sərxani və Anar Bağırov sağ deyil. Cinayət işinin materiallarında iddia olunur ki, onlar tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. Hər ikisinə terrorçuluq, qəsdən adam öldürməyə cəhd və s. maddələrlə yanaşı, polisə müqavimət ittihamı da verilib. Vəkil deyir ki, hər ikisinin öldürülməsi Bakıda baş verib:


«Cinayət işində bəhs olunan cinayət epizodlarının sonuncusu Bakıda olduğuna görə işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır».

Təqsirləndirilən şəxslər də, vəkil həmkarları da N.Musayevlə razılaşıb. Heç prokuror da etiraz etməyib. Deyib ki, vəkilin etirazı Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin, harada baxılması məsələsinə qərar verilsin.

N.Əliyev özü Vəliyevlərlə qohumluq məsələsinə münasibət bildirməyib. O və digər iki hakim qərara alıblar ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG