Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:24

Ermənistanda həbsdə olan azərbaycanlının cərrahiyyə əməliyyatı edildiyi deyilir


Yerevandakı Erebuni tibb mərkəzi (Foto arxivdəndir)
Yerevandakı Erebuni tibb mərkəzi (Foto arxivdəndir)

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Ermənistanda “dövlət sərhədini qanunsuz keçdiyinə görə” həbsdə olan Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov Yerevandakı Erebunu tibb mərkəzinə gətirilib.

Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə tibbi müayinə zamanı İbrahimova təcili cərrahiyyə əməliyyatının lazım olduğu müəyyənləşdirilib.

Xəbərdə bu da bildirlir ki, cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsindəki “yad cism” çıxarılıb.

Məlumatda deyilir ki, “xəstəyə lazımi qayğı göstərilir və o həkimlərin daimi nəzarəti altındadır, vəziyyəti sabitdir”.

AzadlıqRadiosunun məlumatına görə “bütün hərəkətlər Ermənistanın Ədliyyə və Səhiyyə nazirlikləri, habelə Beynəlxalq Qırmızı Xaç təşkilatının sıx işbirliyi şəraitində həyata keçirilir”.

Erməni tərəfinin verdiyi məlumata görə azərbaycanlı İbrahimov martın 16-da sərhədin şimal-şərq sahəsində “zərərsizləşdirilib”. Bu zaman ayağından yaralanan İbrahimova ilk tibbi yardım göstərildiyi xəbər veilmişdi.

Xatırlatma

Bu il martın 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Azərbaycanın Ermənistanla sərhəddini pozan Elvin İbrahimov haqqında məlumat yaymışdı.

Komissiya bildirirdi ki, onlara daxil olmuş məlumata görə, Azərbaycan vətəndaşı Elvin İbrahimov martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib:

“E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.Aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib”.

XS
SM
MD
LG