Yerli media yazır ki, Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə yenicə sədr təyin olunan Rövşən Rzayev iş rejimi ilə bağlı dəyişiklik edib. O, altı günlük iş həftəsini bir gün azaltmaqla beşgünlük edib.
Azərbaycanda hələ iki il öncə, manatın devalvasiyasından sonra bir çox dövlət qurumları altı günlük iş həftəsini beş günə endiriblər, üstəlik, iş saatlarını da bir saat azaldıblar. Səhər saat 9-da başlayan iş günü axşam 7-də bitirdisə, son illər işçilər axşam saat 6-da işdən çıxırlar. Məmnundularmı? Durumdan məmnun qalan da var, qalmayan da.
Uzun illərdir dövlət müəssisələrindən birində çalışan Aygün Əliyeva (ad şərtidir) AzadlıqRadiosuna deyir ki, iş günü, iş saatı azaldığı kimi maaşlarında da azalma var. Söhbət «paket maaş»dan gedir:
«Qiymətlər artdıqca artır. Maaşımız isə iki il əvvəl yarıbayarı azaldıldı. Artım yoxdur. Daha doğrusu, rəsmi şəkildə ildə bir dəfə 20-30 manat arta, ya artmaya. O da necə deyim, nə yırtığa yamaqdır, nə də... Şikayət etmək olmur, etsən də vəziyyət dəyişməyəcək. Əksinə, işini itirə bilərsən. İlin-günün bu vaxtında belə riskə dəyərmi? İndi iş tapmaq özü də müşküldür. Odur ki, 350 manata qane olub oturmuşam».
«19 ilə Əmək Məcəlləsində 300-dən artıq dəyişiklik»
Azərbaycanda Əmək Məcəlləsinin idarə və müəssisələrdə yerinə yetirilməsini Dövlət Əmək Müfəttişliyi, ictimai nəzarəti isə Həmkarlar İttifaqı həyata keçirməlidir. Ancaq Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı hər iki qurumun vəzifələrini yerinə yetirmədiyini bildirir. O iddia edir ki, ölkədə əmək hüquqları başqa hüquqlardan daha çox pozulur:
«İşçilərin sosial hüquqları pozulur, sağlam iş yerləri yaradılmır, platformalarda içməli su ilə bağlı problem var, neft sahəsində qəzalı iş yerləri var, neftçilər çürük estakadalardan yıxılıb ölürlər, xəsarət alırlar. Neft sektorunda ilin əvvəlindən indiyə kimi üç ölüm hadisəsi qeydə alınıb. Bəzən bu qəzaları küləklə bağlayırlar ya başqa nəyləsə. İşçilərə normal şərait yaradılmır. Və ya başqa sahələrdə, məsələn, tikintidə nə qədər insan hündür binalardan yıxılaraq həyatını itirir. İşçilərlə yenə də əmək müqaviləsi bağlanmır. İstər dövlət, istərsə də özəl qurumlarda. Xüsusən də gözəllik salonlarında, şadlıq saraylarında, ticarət mərkəzlərində çalışan qadınlar çox vaxt müqaviləsiz, özü də səhər saat 10-dan axşam 10-a kimi fasiləsiz işləyirlər. Biz iş vəziyyətindən şikayətçi olanları Dövlət Əmək Müfəttişliyinə göndəririk, onlar da məhkəməyə».
M.Qəhrəmanlı eyni zamanda, əmək qanunvericiliyinin vaxtaşırı dəyişdirilməsindən, sərtləşdirilməsindən narazılıq edir. O, sonuncu dəfə tətillərin keçirilməsi ilə bağlı cəzaların kəskinləşdiyini xatırladır və əlavə edir ki, 1999-cu ildən bəri Əmək Məcəlləsinə 300-dən yuxarı dəyişiklik edilib. «Bunun da səbəbi parlamentdə oturanların 80 faizinin işəgötürən olmasıdır», – deyə Qəhrəmanlı əlavə edir.
«Həmkarlar İttifaqı işçilərin yox, iş adamlarının hüquqlarını müdafiə edir»
Bunu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev deyir.
«Fəhlə istirahət, bayram demədən gündə 10-12 saat işləyir. Belə şey olar? Yoxlasınlar görək, istirahət günlərində, bayramlarda işlədiklərinə görə ikiqat, üçqat maaş alırlar? Elə şey yoxdur. Dövlət qurumları insanların vəziyyəti ilə maraqlanmalıdırlar. Axı, bu kapital göydən tökülmür», – deyən AKP rəhbərinin qənaətincə, Azərbaycan dövləti işçilərin hüquqlarını qorumur:
«Azərbaycan vətəndaşının sosial hüquqları pozulur. Vətəndaşın tibbi sığortası yoxdur. Paradoksal vəziyyət yaranıb. Bizim insanlar müalicə üçün Türkiyəyə, İrana, Gürcüstana gedirlər. Qazı, nefti olmayan Gürcüstanda sığorta var, amma Azərbaycanda yoxdur. Fəhlə bir yana, məmurun da sığortası yoxdur».
Rəsmilərin dedikləri, ya da...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saytında yazılıb: «Qurumun fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib».
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevsə bu il fevralda qurumun qurultayında deyib ki, həmkarlar ittifaqları sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır: «Layiqli Əmək üzrə Ölkə Proqramı» hazırlanarkən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemlərinə diqqət artırılıb. Digər tərəfdən, işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması da önəmli məsələlərdəndir».
S.Möhbalıyev həmçinin, əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində xeyli iş görüldüyünü qeyd edib.
Deputat: «Buyurub işəgötürəni məhkəməyə versin»
«Vətəndaş işə girəndə əmək müqaviləsi imzalayır. O müqavilədə nə nəzərdə tutulubsa, onu işəgötürən yerinə yetirməlidir. Yerinə yetirilmirsə, vətəndaş buyurub məhkəməyə müraciət etsin», – Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyir.
AzadlıqRadiosunun «Bəzi işçilərlə əmək müqaviləsi bağlanmır, onlar haqlarını necə tələb etsinlər» sualına belə cavab verib: «Mənə belə gəlir ki, bizdə zəhmətkeşlərin hüququ daha çox qorunur, nəinki Fransada, Britaniyada və yaxud Amerikada. (Prezident Emmanuel) Makronun islahatlarını siz də gördünüz. Həmkarlar ittifaqlarını əzdi, dağıtdı. Bizdə belə şeylər yoxdur Allaha şükür. İnsanların hüquqları qorunur».
Qeyd edək ki, Fransa prezidentinin bəzi sosial islahatlar paketi ölkədə sərt təpkiylə qarşılanıb. Aprelin əvvəlində dəmiryolçular daxil olmaqla, bir sıra dövlət sektoru əməkdaşları tətil keçiriblər.
Deputat A.Əlizadə isə Əmək Məcəlləsinə həddən artıq dəyişiklik edilməsi və nəticədə qanunvericiliyin işçinin deyil, daha çox işəgötürənin hüquqlarını qoruması barədə iradları da qəbul etmir. O, əməkçilərin hüquqlarının qorunmaması kimi halla rastlaşmadığını söyləyir: «Hər halda, mənim yanıma gələnlərin əksəriyyətinin bir ev problemi var, bir işsizlikdir, bir də pul istəyirlər. Heç kəs mənə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etməyib».
Mayın 1-i Beynəlxalq Əmək Günü kimi qeyd edilir. Bununla bağlı qərar II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.