Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:25

Ərçivanda dərsə getməyən uşaqlar var...


Ələkbər, Ağaəbülfəz və Mədinə
Ələkbər, Ağaəbülfəz və Mədinə

Yeni dərs ilinin başlamasına baxmayaraq, iki qardaş, bir bacı Ələkbərzadələr məktəbə gedə bilmirlər. Ələkbər 6-cı, Ağaəbülfəz 4-cü, ən kiçiyi Mədinə isə 3-cü sinifdə oxuyurlar. Onlar Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli orta məktəbində təhsil alırlar.

Uşaqlar deyir ki, məktəb formaları və çantaları köhnədir, dərs ləvazimatları yoxdur. Ona görə də dərsə getməkdən imtina ediblər.

Ailə başçısı Habil Ələkbərzadə də yeni məktəbli forması və dərs ləvazimatları ala bilmədiyini etiraf edir. Onun sözlərinə görə, hər bir uşaq 200 manat qədər xərc istəyir: "Cəmi 326 manat əməkhaqqı alıram. Bir gözüm zəifdir. Həyat yoldaşım xəstədir, bir böyrəyi yoxdur. Yaşadığım bina ötən əsrdə tikilib, məktəb kimi istifadə ediblər. Sonralar mənzilə ehtiyacı olanları burada yerləşdiriblər. Tualeti, hamamı yoxdur. İmkanım yoxdur uşaqları məktəbə yola salım".

Habil Ələkbərzadə
Habil Ələkbərzadə

"Ünvanlı sosial yardım alsaydım, uşaqlarımı məktəbə göndərə bilərdim"

H.Ələkbərzadənin deməsinə görə, ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət edib: "Heç bir səbəb göstərmədən sosial yardım vermirlər. Sosial yardım üçün müraciət edənlərin evlərinə gedirlər, amma mənim evimə gəlmirlər. Ünvanlı sosial yardım alsaydım, uşaqlarımı məktəbə göndərə bilərdim. Gözümə görə əlillik alırdım, onu da kəsdilər. Dedilər, get Bakıda xəstəxanada üç ay yat, sonra da rayon xəstəxanasında üç ay müalicə al, əlillik verərik. Bəs bu uşaqlar altı ayda necə yaşasınlar, nə yesinlər? Bu heç kimi düşündürmür. Mən maaş alıram, bunlar ayaq üstə qalırlar".

Onun vurğulamasına görə, yardım üçün müxtəlif təşkilatlara müraciət edib: "Bələdiyyə, kənd icra nümayəndəsi imkanları olanda yardım edirlər. Olmayanda haradan gətirsinlər? Onlar da deyir ki, çatdıra bilmirik. Oğurluq etsəm, tutarlar. Bu uşaqlar çörək istəyirlər. İdmançıdırlar. Mal əti ildə bir dəfə dilimizə dəyir, o da qurbanlıq bayramında. Pay kimi verirlər. Özümüz yemirik, uşaqlara yedizdiririk ki, gücdən düşməsinlər. Tualetimiz vedrədir, hamamımız ləyən".

Qənirə Ələkbərzadə
Qənirə Ələkbərzadə

"Ərzaq da hər gün bahalaşır"

Ələkbərzadələrin televizoru yoxdur. Otaqda köhnə bir soyuducu qoyulub. İçində nə yağ gördük, nə də ət. H.Ələkbərzadənin həyat yoldaşı Qənirə Ələkbərzadə göz yaşlarını saxlaya bilmir: "Əvvəllər vəziyyətimiz pis olmayıb. Yoldaşım, mən işləyirdim, heç kimə möhtac deyildik. Xəstələndim, əmək qabiliyyətimi itirdim. Ağır vəziyyətə düşdük. Mənə dedilər ki, əlillik almağa şansın yoxdur, zəhmət çəkmə. Uşaqları məktəbə yollamağa imkan yoxdur. Məktəbli çantaları üç il bundan əvvəl alınıb. Məktəbli formaları da köhnədir, əyinlərinə balacadır. Rayon icra hakimiyyətinə getmişdim, mənə dedilər ki, haradan gətirib sənə kömək edək?".

O deyir ki, bahalaşma da onları üzür: "Təkcə ayda çörəyə xeyli pul xərclənir. Deyirəm, heç olmasa, çörəyi doyunca yesinlər. Ərzaq da hər gün bahalaşır. Bahalaşmaya görə hər dəfə yağ, kartof, soğan almaq mümkün olmur".

Beş nəfərlik ailə 25 kvadratmetrlik otaqda yaşayır
Beş nəfərlik ailə 25 kvadratmetrlik otaqda yaşayır

"Necə olur ki, idman məşqlərinə gedə bilirlər, amma..."

Ələkbərzadələrin təhsil aldıqları Ərçivan qəsəbə 3 nömrəli orta məktəbdə də həmin uşaqların dərsə gəlmədiklərini təsdiqləyirlər. Amma... "Onlardan da iqtisadi vəziyyəti ağır olan ailələr var, amma onların uşaqları dərsə gəlirlər. Necə olur ki, idman məşqlərinə gedə bilirlər, amma dərsə gəlmirlər? Valideynlərinə bu barədə xəbərdarlıq edilib", - məktəbdən vurğuladılar.

Astara rayon İcra Hakimiyyəti Aparatından da bildirdilər ki, Ələkbərzadələrə kömək edəcəklər.

Elm və Təhsil Nazirliyinin Astara-Lənkəran Regional İdarəsindən dedilər ki, aztəminatlı ailələr üçün yardım nəzərdə tutulmayıb.

Ərçivan qəsəbə bələdiyyəsindən isə bildirdilər ki, imkan daxilində Ələkbərzadələrə yardım göstərirlər.

Kömək edilib...

Ələkbərzadələrin şikayətlərindən yazı sayta hazırlanarkən onlardan telefon zəngi gəldi. Ailədən bildirdilər ki, rayon icra hakimiyyəti onlara maddi yardım göstərib. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də ünvanlı sosial yardımla bağlı müraciətlərinə görə evlərinə gəliblər...

XS
SM
MD
LG