Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:29

Erdoğan Türkiyənin Rusiya qırıcılarını ala biləcəyinə işarə edib


Rusiyanın Su-57 qırıcıları
Rusiyanın Su-57 qırıcıları

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankaranın Rusiya qırıcılarını almaq da daxil müxtəlif variantları nəzərdən keçirdiyinin işarəsini verib.

Bundan əvvəl ABŞ Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasına görə Ankaraya F-35 qırıcılarının satışını qadağan etmişdi.

Erdoğan avqustun 30-da Ankarada müxbirlərə deyib ki, “əgər ABŞ F-35 məsələsindəki kimi yanaşmasını davam etdirsə, biz də öz çarəmizi axtaracağıq”.

Birləşmiş Ştatlar NATO müttəfiqi Türkiyəni F-35 proqramından ötən ay xaric edib.

Vaşinqton bildirir ki, Türkiyənin Rusiyadan S-400 sistemini alması onun F-35 qırıcıları üçün təhlükə yaradır.

Erdoğan bu bəyanatı Rusiyaya səfərindən və orada prezident Putinlə hərbi aviasiya şousuna tamaşa etdikdən az sonra verib:

"Kim bilir, bəlkə bu Su-35 olacaq? F-35 olacaq? Bəlkə də Su-57 olacaq? Biz müdafiə sənayemiz, müdafiəmiz üçün tədbirləri nəzərdən keçiririk”.

Erdoğan əlavə edib ki, hərbi avadanlığın alınması kreditlər hesabına da həyata keçirilə bilər.

Rusiya mediası Türkiyə prezidentinə istinadən bildirmişdi ki, Ankara Rusiyadan qırıcılar almaq variantı ilə yanaşı, döyüş və kəşfiyyat dronlarının yaradılması sahəsində əməkdaşlığı da götür-qoy edir.

Erdoğan bildirmişdi ki, Ankara bu sahədə Moskva ilə qarşılıqlı addımlar atıb.

Türkiyə ABŞ-ın F-35 proqramından xaric edilənədək bəzi xəbərlərə görə bu proqrama 1, 4 milyard dollar xərcləmişdi.

Lakin sonradan Türkiyəyə 100-dək F-35 qırıcısının satılmasına dair sifariş Vaşinqton tərəfindən ləğv edilib.

XS
SM
MD
LG