Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, onun ölkəsi Şərqi Qüdsdə səfirlik açacaq.
O, AKP-nin Karaman vilayətindəki üzvləri qarşısındakı çıxışında deyib ki, Türkiyənin Qüdsdəki konsulluğunda artıq səfir fəaliyyət göstərir.
"İnşallah, o gün uzaqda deyi, biz Allahın izni ilə orda öz səfirliyimizi də açacağıq" - deyə Erdogan əlavə edib.
Reuters yazır ki, Erdogan-ın bunu necə edəcəyi aydın deyil. Çünki hazırda İsrail Qüdsə tam olaraq nəzarət edir və şəhəri özünün bölünməz paytaxtı sayır.
Fələstinlilər şəhərin şərqini özlərinin gələcək dövlətlərinin paytaxtı sayırlar.
Buna da bax: Sizcə, Azərbaycan Qüds məsələsinə necə yanaşmalıdır?
İsrail Şərqi Qüdsü 1967-ci ildə işğal edib. Onun bu addımını beynəlxalq aləm tanımayıb.
ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İslam Dövlətləri Liqası təcili toplantı keçirib və dünya ictimaiyyətini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.
Liqanın 13 dövləti artıq Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb.
Erdoğan Karamanda deyib ki, o, Trump-ın qərarından sonra Roma papasına da zəng vurub.
Türkiyə prezidentinin bildirdiyinə görə, Papa da ABŞ rəhbərinin qərarının yanlış olduğunu düşünür.
Erdogan ABŞ-ı səfirliyini Tel-Əvivdən Qüdsə köçürməkdən çəkinməyə çağırıb, bu baş verərsə, "nəticəsinin ağır olacağı" haqda xəbərdarlıq edib.
Buna da bax: Qüdsə görə etirazlarda öldürülən fələstinlilər dəfn edildi