Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:46

Ərdoğan Suriya qaçqınlarına qarşı iğtişaşlara görə müxalifəti ittiham edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-də müxalifət partiyalarını ksenofobiyada və irqçilikdə ittiham edib.

Associated Press yazır ki, bundan bir gün əvvəl Türkiyədə suriyalılara məxsus mağazalara od vurulub.

İğtişaş iyunun 30-da Kayseri vilayətinin Melikqazi rayonunda baş verib. Buna səbəb 7 yaşlı suriyalı qızın bir suriyalı qaçqın tərəfindən cinsi təcavüzə məruz qaldığına dair yayılan xəbərlər olub.

Bu xəbərlərdən qəzəblənən yerli sakinlər maşınlara və dükanlara od vuraraq suriyalıların Türkiyəni tərk etməsini tələb ediblər.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zorakılıqlarla bağlı azı 67 nəfər saxlanıb.

Müxalifət partiyaları suriyalıların vətənlərinə qaytarılmasını istəyirlər

Ərdoğan iyulun 1-də televiziya ilə yayımlanan çıxışında zorakılığa görə qaçqınların repatriasiyasına çağıran müxalifət partiyalarını günahlandırıb:

“Cəmiyyətdə qaçqınlara qarşı ksenofobiya və nifrəti qızışdırmaqla nəyəsə nail olmaq olmaz. Kayseridə kiçik bir qrup tərəfindən törədilmiş faciəli hadisənin bir baiskarı da müxalifətin apardığı zəhərli siyasətdir”.

2011-ci ildə Suriyada vətəndaş münaqişəsi başlananda Türkiyə suriyalı qaçqınları mərhəmətlə qarşılamış və dünyanın ən çox qaçqına sığınacaq verən ölkəsinə çevrilmişdi.

Lakin qaçqın əhalisi artdıqca və ölkədəki iqtisadi çətinliklər çoxaldıqca antimiqrant əhval-ruhiyyəsi də yüksəlməyə başlayıb. Müxalifət partiyaları Suriya qaçqınlarının öz vətənlərinə repatriasiyasını tələb edirlər.

Rəsmilər deyirlər ki, şübhəli şəxs saxlanıb, qız, onun qardaş və bacıları isə dövlət mühafizəsi altındadırlar və onlara psixoloji yardım göstərilir.

Suriya müxalifətinin Türkiyəyə qarşı etirazları

AP yazır ki, Kayseridəki suriyalı qaçqınlara qarşı zorakılıq Turkiyənin dəstək verdiyi qüvvələrin olduğu ərazilər də daxil Suriyanın şimal-qərbində etirazlara səbəb olub.

Suriyanın Türkiyə ilə həmsərhəd Hələb qəzasında onlarca etirazçı Türkiyə maşın karvanlarının Əl-Ray və Əl-Bab şəhərlərinə daxil olmasına yol verməyiblər.

Sosial medialarda yayılan videolarda uşaq və gənclərin Türkiyə yük maşınlarını daşa basdıqları görünür. Etirazçılar habelə Türkiyə poçtunun Əzaz şəhərindəki filialının işçilərini binadan çıxarıblar.

AP yazır ki, Suriyanın şimalındakı etirazlar həm də Ankara və Dəməşq arasında yaxınlaşmaya dair xəbərlərlə bağlıdır.

Ankara Dəməşq yaxınlaşması

Bəzi xəbərlərə görə Suriya hökumətinin nəzarətində olan ərazilərlə Hələb vilayətində Türkiyənin dəstəklədiyi müxalifət qüvvələrin nəzarətində olan ərazilər arasında keçidin açılması planlaşdırılır.

İdlib qəzasında yerləşən müxalif Həyat Təhrir əş-Şəm hökuməti Türkiyəni Suriya qaçqınlarını mühafizə etmək üçün hüquqi və mənəvi öhdəliklərinə əməl etməyə çağırıb.

2021-ci ildə bir türk yeniyetmə bir qrup gənc suriyalı tərəfindən bıçaqlanaraq öldürüləndə Ankara ətrafında anti-Suriya iğtişaşları baş vermişdi.

O vaxt yüzlərlə etirazçı qaçqınların əleyhinə şüarlar səsləndirir və qaçqın evlərini daşa basırdılar.

Türkiyədə rəsmi rəqəmlərə görə 3.6 milyon qaçqın var. Şərhçilər real rəqəmin bundan əhəmiyyətli dərəcədə çox olduğunu düşünürlər.

XS
SM
MD
LG