Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:45

Ərdoğan: ‘Ermənistan razılaşmasa, dəhliz İrandan da keçə bilər’


Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan görüşü zamanı
Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan görüşü zamanı

Əgər Ermənistan “Zəngəzur dəhlizinin” açılmasına maneçilik yaratsa, bu dəhliz İrandan da keçə bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən jurnalistlərə deyib:

“Əgər biz Zəngəzur və Laçın dəhlizlərinin sülh marşrutu olmasını istəyiriksə, məsələləri sakit və münaqişəsiz həll etməliyik. Azərbaycana Türkiyədən, Naxçıvandan və Ermənistandan keçib gedəcək qatara gəlincə isə yolun Ermənistandan keçən hissəsi nəzərdən keçirilməlidir. Amma əgər Ermənistan bu layihədə iştirak etmək istəmirsə, yol hardan keçməlidir? İran ərazisindən. İran bu ideyaya müsbət yanaşır, buna görə da Azərbaycana yol İran ərazisindən keçə bilər”.

Ərdoğan əlavə edib ki, bu, strateji məsələdir və Ankara dəhlizin mümkün qədər tez açılmasını istəyir.

Türkiyə prezidenti qeyd edib ki, bu məsələdə İrandan gələn “müsbət impulsları” görmək xoşdur.

İlham Əliyev və Erdoğan sentyabrın 25-də Naxçıvanda Qars-Naxçıvan dəmir yolunun çəkilişinə dair niyyət protokolu imzalayıblar.

Rusiyanın “Vedomosti” saytı yazır ki, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanata görə Naxçıvan və Azərbaycan arasında yolların Ermənistandan keçən hissəsinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər.

Kreml Bakı-Ankara münasibətlərini dəstəklədiyini deyir

Kreml sentyabrın 25-də ümid etdiyini bildirib ki, Türkiyə və Azərbaycan liderlərinin Naxçıvanda görüşü Qarabağda təhlükəsizliyin bərqərar olmasına və bütün regionda həyatin normallaşmasına kömək edəcək.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Bakı və Ankara arasında sıx münasibətlər var və belə münasibətlər Moskva, Ankara və Bakı arasında da mövcuddur.

Sayt yazır ki, Ermənistan hökuməti ölkə ərazisindən “Zəngəzur dəhlizinin” açılmasına qarşıdır. Yerevan dəfələrlə bildirib ki, Azərbaycan və Naxçıvan arasında yolların Ermənistandan keçən hissəsi Ermənistan sərhədçilərinin nəzarəti altında olmalıdır.

Əliyev-Ərdoğan görüşündən əvvəl Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan deyib ki, Yerevan öz ərazisində onun yurisdiksiyasına tabe olmayacaq hər hansı dəhliz təklifi ilə heç vaxt razılaşmayacaq.

Erməni politoloq Conni Melikyan deyib ki, hər şey “güzgü prinsipi” ilə olmalıdır:

“Əgər Bakı Naxçıvana quru yolu istəyirsə, Yerevan da Azərbaycan ərazisi ilə Rusiya ilə analoji əlaqəyə malik olmalıdır”.

Moskvanın maraqları başqadır

Moskva Dövlət Dilçilik Universitetinin kafedra müdiri İkbal Dyurre deyir ki, “Zəngəzur dəhlizinin” açılması ilk növbədə Ankaranın marağındadır. Onun fikrincə bu dəhliz Türkiyəyə İrandan yan keçərək Mərkəzi Asiya ölkələri ilə daha sıx bağlar qurmaq imkanı verərdi.

Dyurre qeyd edir ki, Moskva Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada möhkəmlənməsində maraqlı deyil:

“Rusiya hakimiyyəti üçün Şimal-Cənub marşrutu daha maraqlıdır. Bu marşrut Xəzər dənizinin sahili boyunca Astara-Rəşt dəmir yolunun çəkilməsini və Culfa-Təbriz dəmir yolunun bərpasını nəzərdə tutur”.

Ekspertin sözlərinə görə bu marşrut Rusiya şirkətlərinə cənub istiqamətində ixracın artırılmasına imkan verər, Rusiyanın sanksiyalardan yayınmaq üçün Türkiyədən asılılığını azaldardı.

XS
SM
MD
LG