Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:14

‘Hər şeyimi aldılar’. İranda ana oğlunun qatilini axtarır


Farzane Barzekar oğlu ilə
Farzane Barzekar oğlu ilə

Erfan Rezai İranın şimalındakı Amul şəhərində küçə etirazlarında güllələnərək öldürülüb. 21-yaşlı gəncin ölümündən səkkiz ay keçir, ailəsi hakimiyyətin təhdidlərinə baxmayaraq, onun üçün ədalət axtarır.

Rezai İranda ötən sentyabrdan bəri etirazlara öldürülmüş azı 500 etirazçıdan biridir. Təhlükəsizlik qüvvələri teokratik rejimə ən böyük təhdid sayılan bu nümayişlərə amansız divan tutub.

Hakim orqanlar Rezainin ailəsinə deyiblər ki, mühacirətdəki Mucahedini Xalq Təşkilatının onun qətlində əli ola bilər, amma buna dəlil göstərməyiblər. Şahidlərin ailəyə dediyinə görə, gənci təhlükəsizlik qüvvələri küçədə güllələyərək öldürüb.

“Erfan üçün ədalət istəyirəm. Uşağımı çətinliklə böyütmüşəm. Övladımın uğur qazanması üçün əziyyətə qatlanmışam. Hər şeyimi əlimdən aldılar”,Farzane Barzekar telefonla AzadlıqRadiosuna deyib.

“Bir 50 il də yaşaya bilərdi”

İki uşaq anası olan ana oğlunu həyatsevər güclü kişi kimi təsvir edir, “bir 50 il də yaşaya bilərdi” deyir.

“Onu əlimdən aldılar”, – 42-yaşlı ana danışır. O, illərlə İran-İraq müharibəsi veteranı olmuş keçmiş həyat yoldaşına qulluq edib. Kimyəvi silahın təsirinə məruz qalmış kimi post-travmatik stress pozğunluğundan əziyyət çəkirmiş.

Barzekar Rezainin öldürüldüyü günü də xatırlayır. Həmin gün küçələrdən atışma səsi, tüstü çəkilməyib. Oğluna zəng edəndə deyibmiş ki, gəzməyə çıxıb.

Ancaq bir neçə saat sonra ailəsi Amulda bir xəstəxananın həyətində saxlamış təcili yardım maşınındakı cəsədin ona məxsus olduğunu müəyyənləşdirib. Barzekar bu zaman huşunu itirib.

Ölümündən bir neçə saat öncə Rezai yüzlərlə etirazçının yığışdığı yerli valinin idarəsi qarşısında, Ali dini lider Ayətullah Əli Xameneyinin portreti qarşısında görüntülənib.

Qatildən qatilə iddia qaldırmaq

Barzekar məhkəmə qarşısında iddia qaldıraraq oğlunun ölümündə əli olanların tapılıb cəzalandırılmasını tələb edib. Ancaq əsl həqiqətin yerini tapacağına ümidi azdır.

“Bu, qatildən qatilə iddia qaldırmağa bənzəyir”, – ana danışır.

Barzekarın sözlərinə görə, polis ona deyib ki, etirazçılar Rezainin öldürüldüyü yerdə kameraları sındırıblar deyə, onun qatilini tapmaq müşkülə çevrilib. Hakim orqanlar ailənin ekspertizanın rəyini görməsinə də imkan verməyiblər.

“Onlara dedim ki, övladımı kimin öldürdüyünü bilməyə haqqım çatır”, – o vurğulayır.

Sosial media kampaniyası

Barzekar qatilin cəzalandırılması üçün sosial media kampaniyası aparır. O, dövlətin gücdən istifadə etməsini, rəsmi hesabatlılığın olmamasını açıq şəkildə pisləyib.

“Heç bir istibdad hökuməti əbədi yaşamır. Bir gün tarixin zibilliyinə qovuşacaqsız”, – o, fevralda Instagram postunda yazıb.

Ananın 50 min izləyicisi olan Instagram hesabındakı postlar deyəsən, hakimiyyəti qəzəbləndirib. Martda onu dindirməyə çağırıblar. Ona deyiblər ki, “isteblişmentə qarşı propaqanda yayır”, bu isə İslam respublikasında cinayət sayılır.

“Kimsə oğlumu öldürüb, düşünürsüz ki, sakit durmalıyam?”, – ana onu dindirən iki kəşfiyyat məmuruna belə söylədiyini deyir.

Bu yaxınlarda Barzekarın yaxın qohumlarından birini də dindirməyə çağırıblar. Ancaq özünə və ailəsinə təzyiqlərə baxmayaraq, ana “sonadək” oğlu üçün ədalət axtaracağını söyləyir.

XS
SM
MD
LG