Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:22

'Erkin Qədirli vicdanlı adamdır, onu izqoy etmək lazım deyil'


Erkin Qədirli və Mehman Hüseynov
Erkin Qədirli və Mehman Hüseynov

Milli Məclisin REAL Partiyasından olan deputatı Erkin Qədirlinin son açıqlaması geniş rezonans doğurub. Deputat Erkin Qədirli bloqer Mehman Hüseynovun "Mənə bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən, xalqın səsini qazanıb və Milli Məclisdə oturur" sualına belə cavab verib: "Onu heç özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma demokratik seçki yoxdur axı bizdə".

Bu cavabdan sonra bir çox deputatlar E.Qədirlinin dediklərinə cavab veriblər, hətta İntizam komissiyasının onun məsələsinə baxmasını istəyən də olub.

Amma sosial şəbəkələrdə deputatın açıqlamasını "vicdanlı davranış", "cəsarətli çıxış" kimi dəyərləndirənlər də olub.

Bəzi sosial şəbəkə istifadəçiləri də hesab edirlər ki, əslində indi cəmiyyətdə "demokratik seçki necə olur və onun danılmaz əlamətləri nələrdir" sualına cavab axtarılmalıdır.

S.Vəliyeva
S.Vəliyeva

"Kölgə sala bilməz"

Milli Məclisin deputatı Sədaqət Vəliyeva "Turan"a deyib ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri tam demokratik, ədalətli, azad və şəffaf olub: "Seçkilərdə iştirak edən bütün beynəlxalq təşkilatlar, ekzit-pol, müstəqil müşahidə qrupu tərəfindən aparılan monitorinqlər də seçkilərin obyektiv, demokratik keçirildiyini və azad seçki üçün bütün şəraitin yaradıldığını təsdiq edib".

Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası son parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini və bir çox pozuntuların qeydə alındığını açıqlamışdı.

Deputat S.Vəliyeva isə daha sonra da bunları əlavə edib: "Hansısa bir deputatın "müsahibəsi" bu reallığa kölgə sala bilməz. Bu cür mənasız müsahibələr yalnız və yalnız vaxt itkisidir və seçkidə iştirak edən seçicilərə qarşı hörmətsizlikdir. Reytinq xatirinə bu cür cılız yollara əl atmaqdansa, faydalı işlərlə məşğul olmaq daha yaxşı olardı".

V.Hacıbəyli
V.Hacıbəyli

"…cəmiyyətin sağlamlaşmasında müsbət rolu olacaq"

Siyasi şərhçi Vaqif Hacıbəyli isə AzadlıqRadiosuna açıqlamasında xatırladıb ki, E.Qədirli deputat seçiləndə ona sosial şəbəkələrdə də hücumlar var idi: "O vaxt mən onu müdafiə etdim. Açığı, mən gözləyirdim ki, bəzi məsələlərə o daha fəal münasibət bildirəcək və daha fəal siyasi mövqe ortaya qoyacaq, amma, təəssüf ki, bu olmadı. Hər halda, Erkin Qədirli vicdanlı adamdır və onu izqoy etmək lazım deyil. Ümid edirəm ki, onun bu açıqlamasının cəmiyyətin sağlamlaşmasında müsbət rolu olacaq".

Onun sözlərinə görə, ilk növbədə ictimaiyyətin şüurunda seçki saxtakarlığının ciddi qanun pozuntusu olduğu ilə bağlı düşüncə formalaşmalıdır: "O yoxdur. Çox rahatlıqla, asanlıqla, arxayınlıqla bu cinayətləri törədirlər. Ölkədə demokratik seçkilər keçirilmirsə və, ümumiyyətlə, seçki bir institut kimi ləğv olunubsa, kiminsə ədalətli şəkildə seçildiyini düşünmək yalnız özünü aldatmaq olardı".

"O dairələr saxtakarlıq edibsə, hansı cəzalandırılıb?"
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00

V.Hacıbəyli qeyd edib ki, 2020-ci ildə parlament buraxılanda, bəlkə də, hakimiyyətin demokratik seçkilər keçirmək niyyəti var idi: "Amma problem ondadır ki, mövcud siyasi vəziyyət, demokratik şəraitin olmaması Azərbaycanda daha irticaçı, qeyri-sağlam bir parlamentin formalaşmasına gətirib çıxartdı. Çox təəssüflər ki, yeni parlament seçməklə heç bir problem həll olunmadı... ".

Xatırlatma

Azərbaycanda 2020-ci il fevralın 9-da keçirilən son parlament seçkiləri əsl vaxtından altı ay önə çəkilib. Ondan əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə mövcud parlament özünü buraxıb və növbədənkənar seçkilər elan edilib. Bu o vaxt ölkədə aparılan islahatlarla daha çevik ayaqlaşmaq istəyi ilə izah edilmişdi.

XS
SM
MD
LG