Keçid linkləri

2025, 30 Mart, bazar, Bakı vaxtı 11:33

Rusiya baş nazirinin müavini: 'Ermənistan iki stulda otura bilməyəcək'


Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistan baş naziri Nikol Paşinyanı salamlayır. 2022
Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistan baş naziri Nikol Paşinyanı salamlayır. 2022

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün olmayacaq, - Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanun layihəsini ikinci və son oxunuşda qəbul edib. Hazırda üzvlük üçün müraciət nəzərdə tutulmayıb. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, Aİ-yə qoşulma prosesinə başlamaq üçün ölkədə referendum keçirilməlidir.

"Qəbul edilən qanunun mətni ilə tanış oldum. O belədir - "yaxşı nə varsa, onun üçün", "pis nə varsa, ona qarşı", tamamilə ümumi sözlərdir. Ancaq bu, Ermənistanın daxili işidir", - Overçuk vurğulayıb.

26 mart

Ermənistan parlamenti Avropaya səs verdi

Martın 26-da Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) inteqrasiya haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Qərbpərəst "Avroreferendum" partiyasının üzvlərinin təşəbbüsü ilə parlamentə daxil olan layihə fevralın 12-də birinci oxunuşda qəbul edilmişdi. İkinci oxunuşdan əvvəl layihə parlamentin Avropaya inteqrasiya komitəsində müzakirə edilib və müsbət rəy alıb.

İkinci oxunuşda qanun layihəsi 64 lehinə, 7 əleyhinə olmaqla qəbul edilib.

Fevralda baş tutan birinci oxunuşdan sonra layihənin preambulasına müəyyən dəyişiklik edilib.

"Biz bu qanun layihəsini ona görə parlamentə gətirmişik ki, Ermənistan Respublikası Avropa İttifaqına doğru irəliləmək üçün öz siyasi iradəsini ifadə etsin. Bu prosesin geri dönüşü yoxdur. Xalq bunun tərəfdarıdır", - "Avroreferendum" qrupunun səlahiyyətli nümayəndəsi Artak Zeynalyan bildirib.

Qanunun qəbulu Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi demək deyil. Hakim partiyanın nümayəndələri deyib ki, burada söhbət siyasi iradədən gedir.

Parlamentdəki müxalifət nümayəndələri isə bildirib ki, "bu, Ermənistanın perspektivi olmayan bir prosesə daxil olması təəssüratını yaradır".

Avropa Parlamenti üzvlərinin fikrincə, Ermənistanın Aİ-yə üzvlüyü uzun zaman və səy tələb edəcək. Üzvlük yolunda Ermənistan islahatlar həyata keçirməli, ədliyyə sektorundan tutmuş, sosial sahəyə qədər ölkə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalıdır.

Moskva isə daha əvvəl Yerevana xəbərdarlıq edib ki, "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinin başlanması deməkdir".


XS
SM
MD
LG