Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:26

Azərbaycan və Ermənistan ‘Maqnitski siyahısı’nı dəstəkləyən ölkələrin siyahısından ‘yoxa çıxıblar’


Ermənistan və Azərbaycan Avropa İttifaqının “Maqnitski siyahısının” müddətinin 8 dekabr 2026-cı ilədək – daha üç il uzadılmasını dəstəkləyən ölkələrin siyahısından çıxarılıblar.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib ki, Ermənistan Avropa İttifaqı Şurasının bu siyahının müddətinin uzadılmasına dair 4 dekabr qərarına qoşulmayıb.

Bundan əvvəl həm Azərbaycan, həm də Ermənistan Aİ üzvlüyünə namizəd ölkələr - Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya-Herseqovina ilə birlikdə Avropa Şurasının rəsmi saytında Aİ xarici işlər komissarı Jozep Borrelin adından dərc olunmuş siyahıda göstərilmişdilər.

Lakin elə dünən, dekabrın 18-də Borrelin sözü gedən siyahının müddətinin uzadılmasına dair bəyanatında Azərbaycan və Ermənsitanın adları yox idi.

Azərbaycan və Ermənsitanın bu siyahının müddətinin uzadılmasına tərəfdar ölkələrin siyahısından çıxarılmasının səbəbləri göstərilmir.

Ermənistanın mövqeyi

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Yerevanın Rusiyaya qarşı sanksiyalara qoşulmaq məcburiyyətində olduğunu bəyan edib.

Eyni zamanda Qərb mediası bildirir ki, Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən ölkələrdən biridir.

Buna sübut olaraq Ermənistandan Rusiyaya ixracın dəfələrlə artması göstərilir.

Ermənistan hökuməti bunun böyük bir hissəsinin Rusiyaya təkrar ixrac olduğunu etiraf etsə də, bildirir ki, ölkə Rusiyaya sanksiyalanmış malların ixracı ilə məşğul olmur.

Avropanın “Maqnitski siyahısının” müddətinin uzadılmasına tərəfdar ölkələrin siyahısında Gürcüstan da yoxdur.

AzadlıqRadiosunun Gürcü xidməti bu xüsusda Gürcüstan XİN-ə sorğu göndərsə də hələlik cavab ala bilməyib.

Gürcüstan niyə siyahıda yoxdur?

Gürcüstan 2020-ci ildə Avropanın “Maqnitski siyahısını” dəstəkləsə də, bu siyahının müddətinin uzadılmasına dair sonrakı qərarlarda görünməyib.

“Maqnitski siyahısı” rejimi Rusiya, İran, Şimali Koreya, Suriya və başqa dövlətlərin güc strukturlarının və şirkətlərinin Avropadakı aktivlərinin dondurulmasını, bu ölkələrdən olan insan haqları pozucularının ittifaq ərazisinə girişinin qadağanını nəzərdə tutur.

Məsələn bu siyahıda bir sıra yüksək vəzifəli Rusiya məmurlarının – Rusiya penitensiar xidmətinin keçmiş başçısı Aleksandr Kalaşnikovun, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, baş prokuror İqor Krasnovun və Rusiya Qvardiyasının rəisi Viktor Zolotovun adları var.

“Maqnitski aktı” ilk dəfə 2012-ci ildə ABŞ-da qəbul edilib. Qanun 2009-cu ildə Moskvanın “Matrosskaya tişina” həbsxanasında dünyasını zorakılıqla dəyişmiş vergi məsləhətçisi Sergey Maqnitskinin adını daşıyır.

Bu yaxınlarda Avropa İttifaqı üzvlüyünə namizəd statusu almış Gürcüstan Avropa Komissiyasının tövsiyəsi ilə “Maqnitski siyahısının” müddətinin uzadılmasını mütləq dəstəkləməli idi.

XS
SM
MD
LG