Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Daha bir 'Ermənistana casusluq' işi: 'Kimə müraciət edəcəyimi bilmirəm...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda etnik zəmində nifaq salmağa cəhddə ittiham olunan Hacı Paşayev məhkəmə qarşısına çıxarılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Paşayev 2016-cı ilin oktyabrında gizli əməkdaşlığa cəlb olunub. Ona etnik zəmində nifrət salınması istiqamətində tapşırıqlar verilib. O da Facebook hesabındakı paylaşımları vasitəsilə bu tapşırıqları icra edib. İttihama əsasən, həmin paylaşımlar etnik zəmində nifaq salmağa hesablanıb.

"Elə şeylər yazıblar ki, mənə aid deyil"

Paşayevə dövlətə xəyanət, dövlət əleyhinə açıq çağırışlar, milli, dini, irqi zəmində ədavətlərin qızışdırılması kimi əməllərə görə məsuliyyət nəzərdə tutan maddələrlə ittiham verilib. Lakin o, yanvarın 12-də məhkəmədə bu ittihamlara münasibət bildirərkən deyib ki, özünü təqsirli bilmir: "Elə şeylər yazıblar ki, mənə aid deyil. Özümü təqsirli bilmirəm".

Bir ildir həbsdə olduğunu deyən Paşayevin sözlərinə görə, bu müddətdə cəmi bir dəfə ailə üzvləri ilə əlaqə saxlaya bilib. Onun sözlərinə görə, ailəsi də Dağıstanda yaşayır, azyaşlı övladı var: "Kimə müraciət edəcəyimi də bilmirəm...".

O, növbəti məhkəmə iclasında – fevralın 2-də ətraflı danışacağını bildirib.

Daha bir casusluq işi

Paşayev həbs olunandan təxminən bir ildir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılırdı. Məhkəmə onun Penitensiar Xidmətin tabeliyində olan və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verib.

Paşayevin ittiham olunduğu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsində 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməkdə suçlanan Emil Məmmədov adlı başqa bir şəxsin də mühakiməsi gedir. İddia olunur ki, bu şəxs Azərbaycanda qaz boru kəmərləri, prezidentin səfərləri və s. haqda məlumatları toplayıb və onlara pul müqabilində ötürüb. Lakin Məmmədov da özünü təqsirli bilmir. İddia edir ki, əsəbi vəziyyətdə Ermənistanın Kiyevdəki səfirliyinə getdiyinə görə onu belə ağır cinayətdə ittiham edirlər.

XS
SM
MD
LG