Ermənistan parlamenti təqaüddə olan məşhur generalı deputat toxunulmazlığından məhrum edib. Buna səbəb onun mülklərinə keçirilmiş reyd zamanı çox sayda silah-sursat, ərzaq və Ermənistan ordusu üçün nəzərdə tutulmuş başqa malların aşkar edilməsi olub.
Müdafiə nazirinin keçmiş müavini və 1990-cı illərdə Qarabağ müharibəsinin veteranı olmuş Manvel Grigorian Ermənistan hərbiyyəsində nüfuzlu fiqur və keçmiş prezident Serzh Sarkisianın Respublikaçı Partiyasının üzvü idi.
Bundan əvvəl verilən xəbətlərdə deyilirdi ki, Ermənistanda bu həftəsonu həbs edilmiş təqaüddə olan ordu generalı Manvel Grigorian ona qarşı irəli sürülmüş ittihamları rədd edir. Ona qarşı qanunsuz silah saxlamaq və mənimsəmə ittihamları irəli sürülüb.
Grigorian israr edir ki, onun özünə məxsus şəhərcikdə aşkar olunmuş ərzaq, dava-dərman və başqa ləvazimatın ona heç bir dəxli yoxdur. Bütün bunlar Ermənistan ordusu üçün nəzərdə tutulmuş təchizat malları idi.
Onun vəkillərindən biri – Karen Kamalian mətbuat konfransında deyib ki, general bu şəhərciyə nadir hallarda, ildə bir-iki dəfə baş çəkərmiş.
Bundan başqa vəkilin sözlərinə görə malların aşkar olunduğu anbara məxsus açarlar generalda olmayıb.
Başqa bir vəkil - Arayik Alvanian isə iddia edib ki, sözü gedən mallar anbara Qarabağ müharibəsi veteranlarının Yerkrapa İttifaqının başqa vəzifəli rəsmiləri tərəfindən gətirilib və oradan çıxarılıb. Vəkilin sözlərinə görə generalın bütün bunlardan xəbəri olmayıb. Grigorian Ermənistan ordusuna yaxın bu təşkilata 20 ilə yaxın rəhbərlik edib.
Bazar ertəsi yazdığı açıq məktubda Grigorian bildirir ki, onda sözü gedən malların mənimsənilmədiyinə və Yerkrapa təşkilatının legitim fəaliyyətinə sərf olunduğuna dair sənədlər var.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ötən bazar Grigorian-ın bahalı villalarında və başqa mülklərində aparılmış axtarışın videosunu yayıb.
Aşkar edilmiş mallar arasında Ermənistan Silahlı Qüvvələrinin əsgərləri üçün nəzərdə tutulmuş alt paltarları, tibbi dərmanlar və konservlər var idi.
Buradakı mallar arasında habelə 2016-cı il Qarabağ müharibəsi zamanı yerli icmalar, məktəblər və başqa mülki təsisatlar tərəfindən ianə edilmiş əşyalar da aşkar edilib.
2016-cı ildə Qarabağ müharibəsinin getdiyi günlərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanian deyib ki, Milli Təhlükəsizlik Xidmətinin videosuna baxanda “ürək ağrısı” keçirib.
O israr edib ki, ianələrin mənimsənməsi barədə heç bir məlumata malik olmayıb.
Ohanian AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, adamların orduya yardımını sənədləşdirmək üçün xüsusi komissiya təşkil olunmuşdu. Bu komissiya ianə edilmiş malların təyinatı üzrə istifadəsinə cavabdeh idi.
Ohanian bütün günahın ianələri ordu hissələrinə çatdırmalı olan “adsız” strukturlarda olduğunu deyib.
Ötən həftə Ohanian 2014-2017-ci illərdə Ermənistan Müdafiə Nazirliyində baş vermis pozuntuları araşdıran vergi müfəttişləri tərəfindən dindirməyə dəvət edilib.
Dövlət Əmlak Komitəsi bildirib ki, keçmiş nazir dindirməyə şahid qismində dəvət olunub.
Bu yaxınlarda Ermənistan ordusunun qərargah rəisliyinə təyin edilmiş general-mayor Artak Davtian deyib ki, bundan sonra “cəzasızlıq davam edə bilməyəcək”.
Davtian bildirib ki, Ermənistan hərbiyyəsi “ən əhəmiyyətsiz pozuntulara qarşı mübarizədə” ölkə hökumətinə dəstək verəcək.