Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:09

Ermənistan hərbçiləri məhkəmə qarşısına çıxarılıb


Mayın 26-da Zəngilan rayonu ərazisində saxlanılan Ermənistan hərbçiləri Arutyun OvagimyanKaren Kazaryan iyulun 5-də Sumqayıtda məhkəmə qarşısına çıxarılıb.

Azərbaycanın dövlət sərhədini pozma, terrorçuluq, milli düşmənçilik salma kimi əməllərdə ittiham olunan erməni hərbçilərin işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır.

Təqsirləndirilən şəxslər vəkil, eləcə də erməni dilinə tərcüməçi ilə təmin olunublar.

İyulun 5-də məhkəmədə prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Kazaryan və Ovagimyan Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri olub. Onlar mayın 26-da saat 19.00 radələrində Zəngilan ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına zor tətbiq edib, sərhədi qanunsuz keçiblər.

İttihama əsasən, təqsirləndirilənlər Azərbaycan tərəfinə keçəndən sonra terror törətməyi planlaşdırıb. Kazaryan və Ovagimyan saxlanılarkən onların üstündən “Kalaşnikov” avtomatı, patronlar və güllə darağı götürüldüyü də ittihamda yer alıb.

İttihamları qəbul eləmirlər

Prokuror ittihamda yazılanları oxuduqca təqsirləndirilən şəxslər tərcüməçi vasitəsilə etiraz ediblər. Onlar bildiriblər ki, orada yazılanlarla razı deyillər, bu ittihamları qəbul eləmirlər.

Prokuror ittiham aktının elanını başa çatdırandan sonra hakim jurnalistlərin məhkəmə zalından çıxarılmasına göstəriş verib. Sonradan jurnalistlərə məlum olub ki, bir də bu iş üzrə məhkəmə prosesi yekunlaşanda media nümayəndələrinin iştirakına icazə verilə bilər.

Onların ittiham olunduğu CM-in 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 214.2.1, 214.2.3 (bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və s. maddələrində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Erməni tərəfi Kazaryan və Ovagimyanın təxribat-diversiya qrupunun üzvləri olması, onların terror törətmək məqsədilə Azərbaycan sərhədini keçməsi haqda iddiaları təkzib edib.

Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, adları çəkilən hərbçilər döyüş mövqelərinə qida məhsulları apararkən itkin düşüb. Onların bir müddət axtarıldıqdan sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlandıqları məlum olub.

Kazaryan və Ovagimyana qarşı cinayət Dövlət Sərhəd Xidmətinin 4 qulluqçusu zərərçəkmiş qismində tanınıb. Bunlar İbrahim Şıxlarov, Rza Allahverdiyev, Asif MəhərrəmovEltun Sərkərlidir. Erməni hərbçilərin onlara qarşı zor tətbiq etdiyi iddia olunur.

XS
SM
MD
LG