Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:33

Ermənistanın Hindistandan 41 milyon dollarlıq antidron qurğuları alacağı xəbər verilir


Hindistan müdafiə qərargahının rəisi Anil Çauhan və Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Eduard Asriyan mart ayında Nyu Delhidə görüşərkən
Hindistan müdafiə qərargahının rəisi Anil Çauhan və Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Eduard Asriyan mart ayında Nyu Delhidə görüşərkən

Bəzi xəbərlərə görə Ermənistan Hindistanla əldə etdiyi yeni razılaşmaya əsasən bu ölkədən ümumi dəyəri 41 milyon dollar olan antidron qurğuları alacaq.

İki ölkə arasında hərbi avadanlıq və silahlar sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyi xəbər verilir.

Hindistanın Euarasiantimes.com saytı “adları çəkilməyən rəsmilərə” istinadla yazır ki, antidron qurğularının alınmasına dair razılaşma Yerevanla Hindistanın Zen antodron sistemlərini (Zen Anti-Drone System - ZADS) istehsal edən şirkəti arasında imzalanıb.

Bu da xəbər verilir ki, bu razılaşmaya görə Yerevana təkcə sayı məlum olmayan antidron qurğularının verilməsi deyil, habelə avadanlığa xidmət və Ermənistan heyətinə qurğulardan istifadə üçün təlim verilməsi daxildir.

Yerevanda ofis

Antidron avadanlığı istehsal edən Zen Technologies şirkətinin Yerevanda ofisinin açılacağı da xəbər verilir.

ZADS qurğusu döyüş dronlarını radio sistemləri ilə aşkar edib neytrallaşdıran müasir sistemlərə əsaslanır.

Bu sistemlər Hindistan ordusunun istifadəsinə gələn mart ayında veriləcək.
Eurasiantimes.com yazır ki, sözü gedən avadanlıq Ermənistan tərəfinə məhz bundan sonra veriləcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Müdafiə Nazirliyi bu xəbəri hələ ki təsdiq etməyib.

Azatutyun xatırladır ki, Azərbaycan 44 günlük müharibədə döyüş dronlarından geniş istifadə edib və Yerevanın antidron qurğularına marağı da burdan qaynaqlanır.

Həm də Pakistana görə

Məqalədə deyilir ki, Hindistan və Ermənistan arasında müdafiə əməkdaşlığı həm də Hindistanın əsas rəqibi Pakistanla Azərbaycan arasında genişlənən hərbi əməkdaşlıqla bağlı artıb.

Azatutyun media xəbərlərinə istinadla yazır ki, Ermənistan Müdafiə Nazirliyi 2022-ci ilin sentyabrında Hindistandan ümumi dəyəri 245 milyon dollar olan raket sistemləri, antitank raketləri və sursat alınması üçün müqavilə imzalayıb.

Hindistan mediası xəbər verirdi ki, tərəflər 2022-ci ilin noyabrında Ermənistan ordusuna 155 mm çaplı haubitsaların verilməsinə dair 155 milyon dollarlıq razılaşma əldə ediblər.

Hindistanın hərbi idrw.org saytı sentyabr ayında yazırdı ki, razılaşmaya əsasən Ermənistan Hindistandan 90 ədəd ATAGS haubitsa topları alacaq.

Bu da xəbər verilir ki, toplardan 4-ü artıq Ermənistana çatdırılıb, qalan 86 haubitsa isə növbəti 3 il ərzində çatdırılacaq.

Qarabağ haqda 1 milyonluq kitabı yazacaq Qrem Uilson kimdir?
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Moskva ilə münasibətlər soyuyandan

Azatutyun yazır ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb.

Bundan başqa Ermənistan rəsmiləri 44 günlük müharibədə həm də Moskavanı mövcud kontraktlara baxmayaraq Yerevana lazımi qədər silah verməməkdə ittiham edir.

Ötən ay Ermənistan həm də Fransa ilə iki silah müqaviləsi imzalayıb.

Onlardan biri Ermənistanın Thales müdafiə qrupundan təkmil radar sistemlərini almasına aiddir.

Bundan başqa Fransa və Ermənistan müdafiə nazirləri Yerevana yaxınmənzilli yer-göy raketlərinin veriləcəyinə dair “niyyət protokolu” imzalayıblar. Bu razılaşmaların maliyyə tərəfi barədə məlumat verilməyib.

Böyük erməni diasporasının yaşadığı Fransa həm də son illərdə Ermənistanın beynəlxalq meydandakı əsas dəstəkçisinə çevrilib.

Azərbaycan tərəfi Fransanı dəfələrlə qərəzli və birtərəfli mövqe tutmaqda ittiham edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Azərbaycan prezidenti oktyabrın 15-də Xankəndi və Ağdərə şəhərlərində dövlət bayrağını ucaldıb.

XS
SM
MD
LG