Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:58

Prokurorluq ‘Paşinyanın çəkicinin’ zorakılığa çağırış olmadığını deyir


Nikol Paşinyan Sisyan mitinqində çəkic nümayiş etdirir
Nikol Paşinyan Sisyan mitinqində çəkic nümayiş etdirir

Ermənistanın Konstitusiya Məhkəməsində “Ermənistan Milli Məclisinə 20 iyun 2021-ci il növbədənkənar seçkisinin yekunlaşdırılmasına” dair işə baxılması iyulun 14-də davam etdiriləcək.

Ermənistan mediası yazır ki, bu barədə məlumatı məhkəmənin mətbuat katibi Yeva Tovmasyan verib.

O deyib ki, yekun çıxışları üçün tərəflərə 30 dəqiqə vaxt verilib.

Məhkəmənin bundan bir gün əvvəl keçirilmiş dinləməsində baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın opponetlərinə qarşı zorakılığa çağırışlar etməsinə dair müxalifətin iddiaları araşdırılırdı.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, cavabdeh qismində baş prokurorluğun nümayəndəsi Karen Bişaryan çıxış edirdi.

Seçki nəticələrinin ləğv olunmasını tələb edən üç siyasi qüvvə baş naziri ittiham edərkən onun mitinqlərdə çəkic nümayiş etdirməsini əsas gətirirdi.

Çəkicin simvolikası

Bişaryan bildirib ki, seçkidən əvvəl keçirilən mitinqlərdə hakim Vətəndaş Müqaviləsi partiyası çəkicin simvolikasına aydınlıq gətirib:

“Çəkiçin nümayiş etdirilməsi qanunun diktaturasının qurulması üçün istifadə olunan bir rəmz idi. Mən hesab edirəm ki, bu çıxışın kontekstinin zorakılığa aidiyyəti yoxdur. Bu, bəlkə də məcburetmənin təzahürü idi. İcazə verin bundan əvvəlki fikrimə qayıdım ki, heç də hər bir məcburetmə zorakılıq sayıla bilməz”.

Beləliklə, prokurorluq Paşinyanın başqa siyasi partiyaların liderlərini hədələməsi və onların tərəfdarlarını qorxutması barədə müxalifətin iddialarını rədd edib.

Ermənistan Konstitusiya Məhkəməsinin iclası
Ermənistan Konstitusiya Məhkəməsinin iclası

Bişaryan izah edib ki, Paşinyanın belə bəyanatları “azad seçkinin müdafiəsi” üçün səsləndirilirdi.

Daha sonra prokurorluğun nümayəndəsi Paşinyanın Qafandakı çıxışından nümunə gətirib:

“Namizəd demişdi: “Alınmış informasiyaya görə Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşlarına xəbərdarlıq edilib ki, onlar baş nazirlə görüşə getsələr işdən qovulacaqlar”. Namizədsə bildirib ki, belə xəbərdarlığı edənlərin özləri həmin zavodda işləməyəcəklər...”

Daha sonra prokurorluğun nümayəndələri məhkəməyə 1000 səhifədən ibarət sənəd təqdim ediblər.

Zəngəzurda ard-arda həbslər: Paşinyanın hədəsi
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Müxalifətin sualları

Bundan əvvəl Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Qrayr Tovmasyan prokurorluğun ümumiyyətlə həmcavabdeh qismində çıxış etməsinə etirazını bildirib.

Azatutyun qeyd edir ki, bu məsələdə hakim Qrayr Tovmasyanla müxalif “Şərəfim var” blokunun nümayəndəsi David Arutyunyanın mövqeləri üst-üstə düşüb.

Arutyunyan məhkəmədən prokurorluğun çıxışının işlə əlaqədar material kimi qəbul etdilməməsini istəyib.

Keçmiş prezident Robert Koçaryanın Hayastan blokunun nümayəndəsi Aram Vardevanyan prokurorluğun nümayəndəsinə sual ünvanlayıb:

“Mən indi başa düşmək istəyirəm. Çünki cənab Bişaryan çəkicin nə məna daşıdığını təfsilatlı izah etdi... Bəs onda “mən onları tutacağam” nə deməkdir? Cənab Bişaryan dedi ki, çəkic diktatura deməkdir. Onda bəs bu nə deməkdir?”

“Çəkic başınıza dəyəcək” nə deməkdir?

Daha sonra Vardevanyan mitinq zamanı Paşinyanın Zəngəzur Mis-Molibden Kombinatının rəhbərliyinə müraciətini yada salıb:

“Siz – Zəngəzur Mis-Molibden Kombinatı, qırmızı xətti keçmisiniz... Göy çəkic birinci sizin başınıza dəyəcək. Siz nə deyirsiniz deyin, sizin məsələniz həll olunub. Sakitcə öz hökmünüzü gözləyin”.

Vardevanyan bu bəyanatın nə demək olduğunu soruşub.

Prokurorluq nümayəndələri bu bəyanatda da zorakılığa çağırış olmadığını bildiriblər.

Azatutyun xatırladır ki, Konstitusiya Məhkəməsinə seçki nəticələrinin etibarsız sayılması vəsatəti ilə Robert Koçaryanın Hayastan və Artur Vanetsyanın “Şərəfim var” blokları müraciət ediblər. Bu müraciətə parlamentə keçmək üçün kifayət qədər səs toplamayan “Ayots Ayrenik” və “Zartonk” partiyaları da qoşulublar.

Məhkəmənin son qərarı bu cümə gününədək elan edəcəyi gözlənilir.

XS
SM
MD
LG