Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:12

Ermənistanın gələn ay KTMT-nin daha bir təlimində iştirak etməyəcəyi xəbər verilir


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurduğunu bildirmiş Yerevan, təşkilatın sentyabr ayının ilk on günündə Qırğızıstanda keçiriləcək “Birgə hərəkət 2024” kod adlı təlimlərində iştirak etməyəcək.

Azatutyun bundan əvvəl xəbər vermişdi ki, KTMT-nin 14-16 avqustda Rusiyanın Novosibirsk şəhərində keçiriləcək Kobalt 2024 manevrlərinin iştirakçıları arasında da Ermənistanın adı yoxdur.

Xəbərdə vurğulanır ki, hər iki məlumat KTMT tərəfindən verilib və Ermənistanın səlahiyyətli strukturları məlumatları şərh etməyiblər.

Birinci tədbir Rosqvardiyanın Novosibirskdəki təlim mərkəzində keçirilməlidir. “Birgə hərəkət 2024” təlimləri isə sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək.

Hər iki təlimdə Rusiyanın başçılığı altında hərbi blokun digər üzvləri – Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan iştirak edəcəklər.

Azatutyun yazır ki, ekspertlərin fikrincə Yerevan son iki ildə, 30 ildir üzv olduğu blokla əlaqələrini de facto dayandırıb.

Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, əgər əvvəllər Ermənistan KTMT tədbirlərində iştirak etməməsini müəyyən mənada əsaslandırmağa çalışırdısa, indi buna lüzum görmür.

Bundan əvvəl baş nazir Nikol Paşinyan ölkəsinin KTMT-dəki üzvlüyünü de facto dayandırdığını bəyan etmişdi. O demişdi ki, lazım gələrsə, Ermənistan təşkilatı de jure də tərk edə bilər.

Moskva israr, Yerevan inad edir...

Son aylarda, xüsusilə də Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa etdikdən sonra Ermənistanın KTMT ilə münasibətləri daha da korlanıb.

Paşinyan təşkilatı həm də erməni əhalinin Qarabağı tərk etməsinin qarşısını almamaqda ittiham etmişdi.

Ötən may ayında Belarus prezidenti Alyaksandr Lukaşenkonun Bakıya səfərindən sonra verdiyi bəyanatlar isə Yerevanı hiddətləndirmişdi. Bu bəyanatlarda Lukaşenko Azərbaycanın Ermənistanla müharibə etmək qərarını guya onunla müzakirə etdiyini iddia etmişdi.

Görünür bunu nəzərdə tutan Paşinyan iyun ayında parlamentdə suallardan birinə cavab olaraq demişdi:

"Günah, üzvləri müqavilə üzrə öhdəliklərinə əməl etmək əvəzinə Azərbaycanla bizə qarşı müharibə planlaşdıranların yaratdığı yalançı alyansdadır. İndi isə onlar deyirlər ki, biz onları təşkilatdan çıxmaqla qorxuduruq. Biz bu barədə qərarı özümüz qəbul edəcəyik.”

Yerevan habelə üç ay bundan əvvəl Ermənistanın KTMT-nin fəaliyyətlərinin maliyyələşdirilməsini dayandırdığını elan etmişdi.

Buna baxmayaraq Moskva Ermənistanın hələ də təşkilatın üzvü olaraq qaldığında israr edir. KTMT 2025-ci ilin büdcəsinə Ermənistanın da daxil edildiyini, amma son qərarın Ermənistan liderlərinin siyasi iradəsindən asılı olacağını bildirib.

Rəsmi Yerevan bu bəyanata da reaksiya verməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında 1 günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə əsasən suverenliyi bərpa etdiyini açıqladı.

Bakı Qarabağda 1 günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yeravan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

XS
SM
MD
LG