Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:37

Ermənistan sülh müqaviləsini COP29-dək imzalamaq istəyir və müharibə xofundan danışır


Vahaqn Xaçatryan
Vahaqn Xaçatryan

Ermənistan qarşıdan gələn dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin müddəalarını imzalamağa ümid edir.

Ermənistan prezidenti Vahaqn Xaçatryan Reuters agentliyinə deyib ki, Yerevan artıq Bakı ilə razılaşdırılmış 16 maddəni Azərbaycan paytaxtında noyabrın 11-22-də keçiriləcək BMT iqlim konfransınadək imzalamaq istərdi.

O Hamburqda keçirilən Dayanıqlıq Konfransı əsnasında deyib:

"Bizə qalsaydı, biz bunu elə indi, bugün imzalardıq. Amma biz ümid edirik ki, gec-tez həmin məqama çatacağıq”.

Reuters yazır ki, razılaşdırılmış maddələr diplomatik münasibətlərin qurulması üçün beynəlxalq aləmdə tanınan əsas prinsipləri ehtiva edir. Bu müddəalar habelə sülh müqaviləsi üçün danışıqların davam etdirilməsinə mexanizm imkanı yaradır.

Reuters yazır ki, Xaçatryanın vəzifəsi mərasim xarakteri daşısa da, o baş nazir Nikol Paşinyanın siyasi müttəfiqidir.

“Bir sıra ekspertlər...”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bununla eyni zamanda son günlər Azərbaycanla mümkün müharibə barədə ən yüksək səviyyədə bəyanatlar verilir.

Buğun oktyabrın 7-də Ermənistan XİN-in sözçüsü azərbaycanlı həmkarının bəyanatına cavabında Bakının “aqressiv ritorikasından”, Azərbaycanın artıq razılaşdırılmış müqavilə maddələrinin imzalanmasına dair Yerevanın təklifini rədd etməsindən söz açıb.

O deyib ki, “bir sıra ekspertlərin” gəldiyi nəticəyə görə Azərbaycan COP29 konfransından eskalasiyanın legitimləşdirilməsinə haqq qazandırmaq üçün istifadə edə bilər:

"Bir sıra təhlilllər bu meylin artdığını göstərir. Bir çox təhlilçilər bu qənaətdədirlər ki, belə bir perspektivin aradan qaldırılması üçün Sülh Müqaviləsini COP-29-dan əvvəl imzalamaq zəruridir. Əks halda Bakıya konfransa gedən liderlər istər-istəməz müharibə tərəfdarı kimi görünə bilərlər. Ermənistan öz növbəsində bildirir ki, sülh müqaviləsini COP29-dan əvvəl imzalamağa hazırdır”.

Lakin Azərbaycan Yerevanı “saxta bəyanatlar yaymaqda və beynəlxalq icmanı çaşdırmağa çalışmaqda” ittiham edir.

Bundan əvvəl

Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada çıxış edərkən mümkün hərbi eskalasiyadan söz açmışdı.

Azatutyun yazır ki, Yerevanın artıq razılaşdırılmış maddələr əsasında keçid sənədinin imzalanmasından imtina etdikdən sonra Bakının ritorikası getdikcə sərtləşir.

Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir.

Azatutyun yazır ki, bu mənada Ermənistan Konstitusiya Məhkəməsinin qərarı da Azərbaycanın mövqeyini dəyişməyib. Məhkəmə qərarında deyilir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Belə bir qərar da Bakının narahatlığını aradan qaldırmayıb. Azərbaycan XİN-in bu barədə verdiyi bəyanatda deyilir:

"Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.”

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG