Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Ermənistan parlamenti müxalifətin demarkasiyaya dair bəyanat layihəsini rədd etdi


Ermənistanın keçmiş prezidenti Robert Koçaryana bağlı Hayastan fraksiyasından, layihə müəlliflərindən biri – Artur Xaçatryan
Ermənistanın keçmiş prezidenti Robert Koçaryana bağlı Hayastan fraksiyasından, layihə müəlliflərindən biri – Artur Xaçatryan

Ermənistan Milli Məclisi müxalifətin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına dair bəyanat layihəsini 51 səs əleyhinə, 27 səs leyhinə nisbəti ilə rədd edib.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryana bağlı Hayastan fraksiyasından, layihə müəlliflərindən biri – Artur Xaçatryan deyib:

"Ermənistanda bugün baş verənlər, ilkin demarkasiya adlandırılan proses əslində Ermənistan Respublikasının hissələrə bölünüb düşmənə verilməsidir. Biz bunun qarşısını almaq üçün Milli Məclisə bəyanat layihəsi təqdim etmişdik. Bundan məqsəd hökumətin ruh yüksəkliyi ilə demarkasiya adlandırdığı prosesin tənzimlənməsi idi”.

Müxalifət nə istəyir

Müxalifətin təqdim etdiyi bəyanat layihəsinə görə delimitasiya beynəlxalq sənədlərin, o cümlədən BMT Nizamnaməsinin, Vyana Konvensiyasının, Helsinki Yekun Aktının və ATƏT katibliyinin delimitasiya və demarkasiyaya yönəlik sənədinin əsasında aparılmalıdır.

Artur Karapetyan deyib ki, baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi delimitasiya komissiyasının sərhədin haradan keçməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur:

“Sərhədə istənilən dəyişiklik referendum tərəfindən qəbul edilməlidir. Ərazi Ermənistanın suverenlyinin və mülkiyyət haqqının hakim olduğu ərazidir. Bundan əvvəl də dediyim kimi delimitasiya sərhədin 24 sentyabr 1993-cü il tarixindəki vəziyyətinə uyğun aparılmalıdır...”

Qeyd olunmalıdır ki, həmin tarixdə Azərbaycanın Qarabağ bölgəsi və bəzi başqa əraziləri işğal olunmuşdu.

“Müharibə yoluna qayıdış”

Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından Mariya Karapetyan bəyan edib ki, Ermənistan Respublikası ərazisinin bir millimetri də kiməsə verilmir və ya dəyişdirilmir.

Deputatın sözlərinə görə hazırda demarkasiya dedikdə Ermənistan və Azərbaycan arasında mövcud sərhədin təsdiqlənməsi başa düşülməlidir.

Karapetyan deyib ki, parlamentin xarici əlaqələr komitəsi Daşnaksutyunun müxalifət adından təqdim etdiyi birgə bəyanatı müzakirələrdən sonra rədd edib.

O izah edib ki, Ermənistan Respublikasının ərazisi 29 min 743 kvadrat kilometrdir və Daşnaksutyunun “daha böyük Ermənistan arzusu” kiçik Ermənistanın və ümumiyyətlə Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər.

Parlamentdə hakim partiya fraksiyasının katibi Artur Hovannisyan da deyib ki, müxalifətin təklif etdiyi bəyanat Ermənistan Respublikasının dövlətçiliyi üçün təhlükədir:

“Bu qətiyyən qeyri-məqbuldur və özündə Ermənistan Respublikası üçün hüquqi, siyasi, diplomatik və hərbi risklər ehtiva edir”.

Mariya Karapetyanın sözlərinə görə delimitasiyanın 24 sentyabr 1993-cü ildəki vəziyyətə uyğun aparılması “müharibə yoluna qayıdış deməkdir”.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.

Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 35 dirək artıq vurulub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG