Keçən il Azərbaycanla müharibədə 3700-dən çox hərbçi, xeyli sayda hərbi texnika itirmiş Ermənistan öz ordusunu yeniləməyə başladığını elan edib.
Avqustun 18-də baş naziri Nikol Paşinyanın qarşıdakı beş ilə dair imzaladığı fəaliyyət planında ordunun yenilənməsi də yer alır.
Ermənistanda siyasi şərhçi Ruben Mehrabyan bildirir ki, son Qarabağ müharibə təcrübəsi göstərdi ki, 18 yaşlı gəncləri döyüşə göndərmək çıxış yolu deyil:
"Müharibə göstərdi ki, bir çox göstəricilərinə görə, bizim ordumuz arxaikdir və işə yaramır. Niyə peşəkar ordu? Çünki müasir hərb o qədər mürəkkəbdir ki, 18 yaşlı orta statistik gənc hərbi xidməti müddətində bu silahlardan istifadəni mənimsəyə bilmir".
Ruben Mehrabyan deyir ki, Ermənistan yeni hərbi təhsil sistemi də yaratmaq istəyir və burda yalnız Rusiya təcrübəsi yox, başqa mütərəqqi təcrübələrdən də istifadə oluna bilər.
Proqramı Parlament də təsdiqləyərsə, bu keçid tədrici olacaq, məcburi hərbi xidmət hələ bir müddət davam edəcək.
Ümumilikdə sənəddə deyilir ki, silahlı qüvvələrdə islahat ölkəni xarici təhlükələrdən qorumağa yönəlib.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bu proqrama görə, ölkə sərhədləri boyunca Müdafiə Nazirliyinin qüvvələri sərhəd qoşunları ilə əvəz olunur.
Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giragosian deyir ki, bir tərəfdən bu, Ermənistana öz sərhədlərini daha etibarlı qorumaq imkanı yaradır, amma o biri tərəfdən hazırda Ermənistanın həm İran, həm Türkiyə ilə sərhədlərini demək olar ki, Rusiya sərhədçiləri qoruyur, yalnız Gürcüstan sərhədində Emənistan özü dayanır, Ermənistan-Azərbaycan sərhədinə gəldikdə isə buradakı gərginliyə görə bəzi əraizlərdə artıq rus hərbçiləri yerləşdirilib.
"Təbii olaraq belə bir vəziyyət yaranır ki, Ermənistan-Azərbaycan sərhədinə Rusiya qüvvələri gəlirsə və Rusiya hərbi bazası genişlənirsə, bu, Ermənistana imkan verir ki, hərbi xərcləri azaltsın və öz təhlükəsizliyini Rusiyaya etibar eləsin, məsuliyyəti Rusiyanın üzərinə qoysun. Amma ki, bunun da əvəzi var. Beləliklə, Ermənistanın Rusiyadan asılılığı artır, odur ki, bu, təhlükəli bir əməliyyatdır".
Giragosian deyir ki, sərhəddə yığılan rus əsgərləri həm də imkan verir ki, Ermənistan sərhədlər üçün ayırdığı hərbi xərcə qənaət etsin.
Qarabağda döyüşlər dayansa da, Ermənistan əsgər itirməkdə davam edir- Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatına görə ilin əvvəllərindən bu yana ümumilikdə 44 erməni hərbçisi həlak olub.
Məlumatda qeyd edilir ki, son vaxtlar sərhəddə vəziyyətin gərgin olmasına baxmayaraq, bunlardan yalnız 9-u qarşı tərəfin açdığı atəşdən ölüb.
Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giragosian deyir ki, Ermənistan Ordusunda dedovşina da daxil olmaqla xeyli sayda problem var:
"Ermənistan ordusunun öz əsgərlərinə ziyan verməsi halları narahatedici şəkildə artır. Buna səbəb heç də Azərbaycanın hücumu deyil, orduda nizam-intizamın pozulmasıdır. Başqa bir səbəb isə ordudakı dedovşinadır. Bütün bunlar hərbi islahatların nə qədər vacib olduğunu göstərir".
Keçən il 44 günlük Qarabağ müharibəsində Azərbaycan, Ermənistan Ordusunu məğlub edib, 90-cı illərdə itirdiyi torpaqların çox hissəsini geri qaytarıb. Amma tərəflər yekun sülh müqaviləsi imzalamayıb.