Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:52

Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'


Foto: arxiv
Foto: arxiv

Ermənistanda kiçik sahibkarlara vergi amnistiyası, Azərbaycanda isə pinəçidən də vergi istəyirlər

Dekabrın 16-da Ermənistan parlamenti növbədənkənar iclasında vergi amnistisiyası və vergi güzəştləri ilə bağlı qanunvericiliyə dəyişikliklər paketini yekun oxunuşda qəbul edib. Dəyişikliklər illik dövriyyəsi 9 milyon drama (18 min 500 dollar) qədər olan özünüməşğul şəxslər vergidən azad etməyi nəzərdə tutur. Bir şərtlə ki, onların haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul işçisi və ya işçiləri olmasın.

Bu dəyişikliklər 23 fəaliyyət növünə, o cümlədən geyim istehsalı və təmiri, ağac məmulatlarının hazırlanması, dil kursları, qonaq evləri və s. xidmətlərlə məşğul olanlara aiddir.

Buna da bax: Qarmonçalan, dərzi, pinəçi və papaqçı... Onları birləşdirən nədir?- [Video]

1570 şəxs

"Söhbət vergi yükündən azad ediləcək 1570 şəxsdən gedir. Müxtəlif fəaliyyət növləri üzrə güzəşt edilən vergi məbləği isə bütövlükdə, 400 milyon dram (824 min dollar) olacaq".

Ermənistan pulu, 100 00 Dram əskinası
Ermənistan pulu, 100 00 Dram əskinası

Bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Vakhtang Mirumyan qanun layihəsini parlamentdə təqdim edərkən söyləyib.

Bundan başqa, dəyişikliklərə əsasən, fərdi sahibkarların və notariusların 2012-ci ilin sonunadək vergi və sosial ödənişlər üzrə borcları və həmin borclara görə hesablanmış faizlər silinəcək. Nəhayət, 2016-cı il sentyabrın 30-dək bağladıqları alqı-satqı əməliyyatlarından (maşın, ev, mənzil və ya torpaq sahəsinin alqı-satqısı) əlavə dəyər vergisi vermədiklərinə görə cərimələnmiş fiziki şəxslər həmin cəriməni ödəməkdən azad edilirlər. Lakin bir şərtlə ki, bu şəxslər qanun layihəsinin qüvvəyə mindiyi tarixdən 90 gün müddətində həmin ƏDV məbləğini ödəsinlər.

Buna da bax: Ayaqqabılarla danışan adam- [Video]

Həmçinin yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi tarixi 2017-ci il yanvarın 1-dən 2018-ci il yanvarın 1-ə keçirilir.

Azərbaycan manatı
Azərbaycan manatı

Pinəçidən 5 manat, nəqqaşdan 20 manat...

Bundan iki gün öncə – dekabrın 14-də isə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında pinəçilərin, aşıqların, məzhəkəçilərin və s. xidmət növləri ilə məşğul şəxslərin vergiyə cəlbindən danışıb.

Nazir deyib ki, toy və şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olanların ayda sabit şəkildə 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlərin 30 manat, məişət cihazları təmirçilərinin 10 manat, fərdi evlərdə işləyən ev qulluqçularının, dayələrin, bağbanların, aşbazların, gözətçilərin, təmizləyicilərin 10 manat, nəqqaşların 20 manat vergi ödəməsi nəzərdə tutulur.

Buna da bax: Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

"5 manatımızla hökumətin əyər-əskiyi düzələcəksə..."

Müstəqil ekspertlər dövlətin bu səylərinin xırda sahibkarlığın sıradan çıxarılmasına gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər. İqtisadçı ekspert Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Vergilər nazirinin bu çıxışı ölkə iqtisadiyyatının ağır durumundan xəbər verir:

Azərbaycan, Vergilər Nazirliyi
Azərbaycan, Vergilər Nazirliyi

"Vergilər Nazirliyi büdcə gəlirlərini formalaşdırma üçün cürbəcür üsullar axtarıb tapır. Hətta cırıq ayaqqabıya yamaq vuran pinəçilərin də vergiyə cəlb olunmasını nəzərdə tutur. Bu, dövlət büdcəsində yaşanan çox böyük gərginliklərdən xəbər verir".

Pinəçi Ədalət Mirzəyev isə AzadlıqRadiosuna yarızarafat, yarıgerçək deyib ki, görünür, pinəçilərin qazanclarının artmasıyla bağlı kimlərinsə qulağına səs deyib.

"Yəqin, yuxarıdakılar indiki dövrdə camaatın daha çox köhnə ayaqqabılarını yamatdırıb geyindiyi, buna görə pinəçilərin işinin çoxaldığını eşidiblər. Əgər 5 manatımızla hökumətin əyər-əskiyi düzələcəksə, neynək, verərik", – deyə yaşlı pinəçi söyləyib.

XS
SM
MD
LG