Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:29

Yerevanda narazıdırlar: 'Təhlükəsizliyimizi diversifikasiya etməliyik'


Yerevanda Putin əleyhinə yürüş. 2013
Yerevanda Putin əleyhinə yürüş. 2013

Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında növbəti dəfə gərginlik artıb və dörd erməni əsgəri həyatını itirib. Həm də bəlli olub ki, Ermənistanın müttəfiqi Rusiya ötən il Azərbaycana ağır hücum silahları satmağa davam edib. Bu haqda AzadlıqRadiosunun erməni xidmət yazır.

BMT-nin Adi Silahlar Reyestrinin məlumatına görə, 2016-cı ildə Rusiya Azərbaycana 6 ədəd irikalibrli artilleriya qurğusu satıb. Eyni mənbədə ötən il Rusiyanın Ermənistana da silah satdığı göstərilir. Ermənistana satılan silahlar 300 ədəd səyyar zenit-raket kompleksindən ibarətdir.

KTMT ÖHDƏLİKLƏRİ

Hətta ötənilki aprel müharibəsindən sonra da Ermənistanın əsas strateji müttəfiqinin onunla müharibə vəziyyətində olan Azərbaycanı silahlandırması Yerevanda müzakirə olunmaqdadır.

Yerevanda yerləşən Qloballaşma və regional əməkdaşlıq üzrə təhlil mərkəzinin rəhbəri Stepan Grigorian-ın sözlərinə görə, bu fakt özü-özlüyündə Moskvanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində öz müttəfiqlik öhdəliklərinə necə yanaşmasını ortaya qoyur. Bəlli olduğu kimi, Ermənistan hökuməti Rusiya və KTMT ilə strateji tərəfdaşlığı ölkənin milli təhlükəsizliyinin təminatının əsas elementləri hesab edir.

«Son nəticədə Rusiya deyə bilər və deyir ki, «biz öz maraqlarımızdan çıxış edirik, bu bizim üçün biznesdir». Ancaq bizim şikayət etməyə ixtiyarımız var. Nəyə görə biz Rusiyanı tənqid edə və ona tələblər irəli sürə bilərik? Çünki biz KTMT üzvüyük. Bu o deməkdir ki, üzv dövlətlər öz üzərilərinə bir-biri ilə bağlı öhdəliklər götürürlər. Bizim də Rusiyanın qarşısında öz öhdəliklərimiz var», – deyə təhlilçi bildirib.

O vurğulayıb ki, Azərbaycanın erməni tərəfinə qarşı istifadə etdiyi silahların böyük hissəsi Rusiya silahlarıdır.

Dağlıq Qarabağda erməni ordusunun təlimi
Dağlıq Qarabağda erməni ordusunun təlimi

AZƏRBAYCAN 20 DƏFƏ ARTIQ SİLAH ALIB

Ötən il dördgünlük aprel müharibəsinin başa çatmasından cəmi iki gün sonra Yerevanda Rusiyanın baş naziri Dmitry Medvedev-i qəbul edən Ermənistan prezidenti Serzh Sarkisian vurğulamışdı ki, Azərbaycana satılan silahlardan dinc erməni əhaliyə qarşı istifadə olunur.

«Azərbaycanın arsenalında olan silahların bütün spektrindən yararlanaraq genişmiqyaslı əməliyyat cəhdi həyata keçirilib. Üzücüdür, ancaq bu silahlardan dinc əhaliyə qarşı istifadə olunub - uşaqlar, yaşlı insanlar tələf olub. Ancaq müdafiə ordusu əsgərlərinin peşəkar hərəkətləri sayəsində bu cəhd uğursuzluqla nəticələnib. Əminəm ki, siz də bilirsiniz ki, azərbaycanlıların son zamanlar Rusiyadan aldıqları silahlardan tam gücü ilə istifadə etməsi faktı Ermənistanda böyük əks-səda doğurub», – Sarkisian Medvedev-lə görüşündə deyib.

Stokholmda yerləşən Beynəlxalq Sülh Problemləri İnstitutunun (SIPRI) məlumatına əsasən, 2011-2016-cı illər ərzində Azərbaycan Ermənistandan 20 dəfə artıq silah satın alıb. Bakı bu silahların əksər hissəsini məhz Rusiyadan alıb. Nəticədə Azərbaycan Rusiya silahlarına ən çox tələbatı olan ilk beş ölkənin siyahısına düşür. Rusiyanın hərbi ixracatının ümumi həcminin 4%-i Azərbaycanın payına düşür.

TƏHLÜKƏSİZLİYİN DİVERSİFİKASİYASI

S.Grigorian xatırladır ki, hətta aprel müharibəsindən sonra da Moskva erməni tərəfinin məsələ ilə bağlı ən yüksək səviyyədə ifadə olunmuş narazılığına məhəl qoymayıb.

«Biz bundan bir vacib nəticə çıxarmalıyıq: mütləq təhlükəsizliyimizi diversifikasiya etməliyik. Onu təkcə bir güclə, bir dövlətlə bağlamamalıyıq. Rusiyayla işləyirsiniz, çox yaxşı, işləyin. Ancaq biz NATO ilə əməkdaşlığı gücləndirməliyik. Təhlükəsizlik sahəsində İranla və niyə də olmasın, Çinlə işləmək lazımdır», - ekspert deyib.

Tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın keçmiş xarici işlər naziri Arman Melikian AzadlıqRadiosunun erməni xidmətinə (Radio Azatutyun) müsahibəsində deyib ki, siyasi mənada erməni tərəfi uduzur.

«Çünki hər belə zərbədən sonra Azərbaycan yenidən Ermənistanın işğalçı olması və Azərbaycanın onu işğal olunmuş ərazilərdən qovmaq hüququna malik olmasına dair mövqeyini səsləndirir», – Melikian deyib.

Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibindədir. Ancaq Ermənistan silahlı bölmələri münaqişə nəticəsində Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal ediblər. 1994-cü ildən tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Tez-tez tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edir.

XS
SM
MD
LG