Ermənistan parlamentində müxalif Hayastan fraksiyasının deputatı Geğam Manukyanın iddiasına görə 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələri və könüllü dəstələri Sünik vilayətində yazılı sənəd əsasında 20 kilometr geri çəkiliblər.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə ki, Daşnaksutyun partiyasını təmsil edən deputat deyib ki, hakimiyyət bundan əvvəl uzun müddət bu barədə tamam başqa məlumat vermişdi.
Onun sözlərinə görə hökumət bildirmişdi ki, Ermənistan qoşunları onların nəzarətində olan Qubadlı və Zəngilan rayonlarından şifahi razılaşma əsasında geri çəkilib:
“Bir məsələ aydındır. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyanın imzaladığı məktubdan görünür ki, Ermənistan silahlı qüvvələri və könüllü dəstələr 2020-ci ilin dekabrında Sünikdə təxminən 20 kilometr geri çəkiliblər və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib. Bu məxfi sənəddir və mən onu tam şəkildə dərc edə bilmərəm. Mən məxfi məlumat olan bu sənədi dərc etməmək üçün öhdəlik götürmüşəm”.
Şifahi yoxsa yazılı, olub, yoxsa olmayıb?
Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan 2020-ci ilin dekabrında etdiyi müraciətdə, daha sonra isə ictimai televizyaya müsahibəsində demişdi ki, qoşunların çəkilməsinə dair şifahi razılaşmalar olub.
Amma Paşinyan bu il dekabrın 8-də parlamentdə keçirilən “hökumət saatı” zamanı öz sözlərini təkzib edərək bildirib ki, razılaşma yazılı formada olub.
O bunun nə sənəd olması və kimin tərəfindən tərtib olunması barədə məlumat verməmişdi.
Hayastan fraksiyasının başqa bir deputatı – Anna Qriqoryan iddia edib ki, Ermənistan qoşunlarının geri çəkilməsinə dair sənəd Ermənistanın və Rusiyanın müdafiə nazirləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu tərəfindən imzalanıb:
“Biz Nikol Paşinyanın dəfələrlə deməsinin şahidi olmuşuq ki, qarşılıqlı şifahi razılaşma olub. O bunun ardınca deyib ki, şifahi razılaşma olmayıb. Paşinyanın sözlərinə görə o yazılı sənədin tərtib olunmasını istəyib, amma məlum olub ki, yazılı sənəd də yoxdur. Bu suala bugünədək dəqiq cavab verilməyib”.
Azatutyun bildirir ki, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə yaratmaq mümkün olmayıb, iqtidar fraksiyasının deputatları isə bu məsələni şərh etməkdən boyun qaçırıblar.