Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Sərhəd görüşündə reqlament razılaşdırılıb


Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?

Noyabrın 30-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü başa çatıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Görüşdə komissiyalar arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb: "Tərəflər həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər".

Hələlik, növbəti görsün tarixi açıqlanmır.

Rəsmi Yerevan noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası komissiyalarının görüşünə dair Bakının məlumatını təsdiq edib.

Azərbaycan və Ermənistan rəsmilərinin sərhəddəki görüşündən nə gözlənir?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiya 2020-ci il üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatın imzalanmasından sonra yaradılıb. Buna qədər komissiyanın bir neçə görüşü keçirilib. Üstəlik, iki ölkə arasında həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları aparılır. Amma, hələlik, hər iki danışıqlar dayanıb.

H.Babaoğlu
H.Babaoğlu

"Birbaşa görüş müsbət haldır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, delimitasiya üzrə komissiyanın sədrlərinin birbaşa, vasitəçisiz sərhəddə görüşməsi özü- özlüyündə müsbət haldır: "Azərbaycan və Ermənistan tərəfi heç bir kənar vasitəçi, yaxud kənar təzyiq olmadan delimitasiya məsələlərini özləri müzakirə edəcəklər. İstənilən vasitəçi prosesdə öz maraqlarından çıxış edir. Ona görə də birbaşa görüş müsbət haldır".

Babaoğlu qeyd edib ki, delimitasiyanın hansı sənədlər əsasında aparılacağı məsələsi hələ sual olaraq qalır: "Görüşdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı olmuşdu ki, delimitasiya yalnız bir xəritə əsasında aparıla bilməz. Ermənistan tərəfi isə gah 1975-ci ilin xəritəsinə istinadən bunun əsasında delimitasiya aparılacağını bildirir, gah da baş nazir Paşinyan Böyük Sovet Ensiklopediyasında göstərilən rəqəmlərə istinad edirdi. Amma bunun heç biri hüquqi sənəd deyil. Ona görə də hər şeydən öncə hansı kartoqrafik sənədlər üzərində iş gedəcəyi müəyyənləşdirilməlidir və bununla bağlı bir razılıq olmalıdır".

Amma deputat düşünür ki, sülh sazişinin hələ də imzalanmaması daha çox kənar amillərə görədir: "Öncə "sülh sazişi" dediyimiz baza prinsiplərin razılaşdırıldığı bir çərçivə sazişi olacaq ki, burada ciddi bir fikir ayrılığını görmürəm. Amma sonrakı imzalanacaq müqavilə xeyli vaxt apara bilər".

A.Qasımlı
A.Qasımlı

"Sülh sazişi ilə bağlı strateji qərar verilməyib"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı sərhəd görüşünün sülh sazişinə böyük töhfəsi olacağını düşünmür: "Çünki sülh sazişi ilə bağlı strateji qərar verilməyib. Bu olsaydı, çoxdan olardı".

Ekspertin sözlərinə görə, görünən odur ki, Rusiya ciddi şəkildə mane olur və Azərbaycan tərəfi də Kreml ilə məsləhətləşərək bu prosesə soyuq yanaşır. "Sülh sazişinin bağlanmasına yalnız kənar amillər mane olur. Bizim nə problemlər qalıb ki ermənilərlə? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qazaxın səkkiz kəndini də Azərbaycana qaytarmağa hazırdırlar. Delimitasiya və demarkasiya isə texniki məsələdir, sülh sazişinə heç bir halda maneçilik törədə bilməz", - o, AzadlıqRadiosuna bildirib.

"Mane olan yalnız Rusiyadır"

A.Qasımlının fikrincə, sülh sazişinin bağlanmasına mane olan kənar amil yalnız Rusiyadır: "Rusiya Qərbi bu bölgəyə buraxmaq, Ermənistanı demokratik olmasına imkan vermək istəmir, Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq istəyir. Ermənistan və Gürcüstan Qərbə inteqrasiya edəcəksə, bu, nə İlham Əliyevin, nə Putinin maraq çərçivəsindədir".

Ə.Oruclu
Ə.Oruclu

Siyasi şərhçisi Ərəstun Oruclu da hesab edir ki, ortada sülh sazişini imzalamağa iradə olacaqsa, sərhədlərin delimitasiyası heç bir halda mane olmamalıdır: "Ermənistan Azərbaycana reverans xarakterli bəyanatlar verir, digər tərəfdən isə, danışıqlar yaxınlaşdıqca Azərbaycan hökumətinə yaxın mediada belə iddialar ortaya atılır ki, Ermənistan hansısa hiyləgər oyun oynayır. Bu, həmin pozuculuğun bir elementidir. Təbii ki, xarici faktorun da rolunu istisna etmək olmaz... Əvvəl vasitəçi olmağa iddia edən böyük güclər indi açıq şəkildə "birbaşa danışıqları alqışlayırıq" bildirsələr də, mən onların səmimi olduğuna inanmıram. Çünki onlar prosesdən kənarda qalırlar".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG