Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:29

Ermənistan iqtisadiyyatını İT ilə qaldırmaq istəyir


Arxiv fotosu: Özbəkistanda informasiya texnologiyaları sərgisindən görüntü
Arxiv fotosu: Özbəkistanda informasiya texnologiyaları sərgisindən görüntü

-

Yerevan yaxınlığındakı Aygek kəndinin məktəbində 25 şagird dərslər qurtarandan sonra da kompüter arxasında qalır. Bu kənddə uşaqlar adətən böyüyüb ya fermer olurlar, ya da dükan işlədirlər.

Yeni kompüter oyunu yazmaqla məşğul olan 16 yaşlı Vazgen Hovhannisian deyir ki, dostları onlarla az vaxt keçirdiyinə görə onu qınayırdılar, ancaq indi onun proqramlaşdırdığı oyunları oynayırlar.

Kompüter müəlliməsi Shusan Grigorian isə ümid edir ki, onun tələbələri xaricə getmədən iş tapa biləcəklər. O deyir: «İT elə bir sahədir ki, sizin dünyanın harasında olmağınız vacib deyil. Çünki siz internetə bağlısınız. Bu o deməkdir ki, siz dünyanın mərkəzindəsiniz».

Əsasən kənd təsərrüfat ölkəsi olan Ermənistan ikirəqəmli işsizlik səviyyəsindən əziyyət çəkir. Ölkə əhalisinin 1/3-i isə yoxsulluq həddindən aşağı yaşayır. Ancaq çiçəklənməyə başlayan İT sektoru dənizə çıxışı olmayan yoxsul ölkənin bir gün qlobal kompüter sahəsində mühüm rol oynayacağına və virtual ticarət yolu ilə varlanacağına ümid yaradır.

2015-ci ildə Ermənistanın ümumi iqtisadi inkişafı 3% olub. Ölkənin İT sektorunda isə 2008-ci ildən bəri hər il 22% artım müşahidə olunub. Bu gün bu sektorda 15 minə qədər adam çalışır.

Mineral resurslardan başqa ixrac etməyə, demək olar, heç nəyi olmayan Ermənistan üçün bu, əsl uğur hekayəsidir. Dağlıq Qarabağ münaqişəsinə görə qonşuları Türkiyə və Azərbaycanın tətbiq etdiyi ticarət embarqosu ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır.

SSRİ-NİN SİLİKON VADİSİ

İT sahəsində çalışan mütəxəssislər deyirlər ki, internetin ortaya çıxmasından əvvəl Ermənistan SSRİ-nin kompüter mərkəzlərindən biri olub.

Yerevandakı İnformasiya Texnologiyaları Şirkətləri Birliyinin rəhbəri Karen Vardanian deyir ki, 1990-cı ildən əvvəl Ermənistan SSRİ-nin bütün hərbi elektronikasının 1/3-ni dizayn və istehsal edirdi və bu sahədə 100 min insan işləyirdi.

Sovet vaxtı təkcə artıq fəaliyyətini dayandırmış Yerevan Riyazi Maşınlar Tədqiqat İnstitutunun 1980-ci illərin sonlarında 10 min işçisi var idi. Ancaq 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ermənistan iqtisadiyyatının çökməsi İT sektorundan da yan keçmədi. Universitetlərdə riyazi və dəqiq elmlərin tədrisinə ayrılan vəsait də azaldı.

«Hindistan və Tayvan kimi ölkələrin İT mərkəzlərinə çevrildiyi bir vaxtda bir zamanlar SSRİ-nin Silikon Vadisi sayılan Ermənistan inkişafdan qaldı», - K.Vardanian deyir.

Ancaq son onillik ərzində İT sahəsi sürətlə irəliləyib. Bu gün Ermənistanda işləyən 500-dək İT şirkətinin, az qala, yarısı 2007-ci ildən sonra açılıb.

Bu irəliləyiş ABŞ və Avropa İT sektorlarında çalışan diaspora ermənilərinin ucuz ixtisaslı işçi qüvvəsi kimi Ermənistana müraciət etməsi ilə bağlıdır. Ermənistanda işləyən bir kompüter mütəxəssisi ayda orta hesabla 1500 dollar qazana bilər. Bu, Ermənistandakı orta aylıq əməkhaqqıdan beş dəfə çoxdursa, ABŞ-da yeni işə başlamış İT mütəxəssisinin 4300 dollar təşkil edən orta aylıq əməkhaqqısından, az qala, üç dəfə azdır.

YERLİ STARTAPLAR

Son illərdə İT sahəsinin tanınan adları, o cümlədən «Oracle» və Tayvanın «D-Link Corporation» şirkəti Yerevanda ofislərini açıblar.

Ölkədə öz milli İT şirkətlərinin də bumu yaşanmaqdadır. Onlardan biri, «PicsArt» dünyanın ən populyar foto redaktə və paylaşma tətbiqlərindəndir. 2015-ci ildə «Forbes» jurnalı onu dünyanın «50 ən qaynar startap»ı siyahısına salıb.

Ermənistan hökuməti bu sahənin potensialını gerçəkləşdirmək üçün vergi güzəştləri edir. 30 nəfərdən çox işçisi olan startaplara vergi güzəşti edilir. Bundan başqa, hökumət kompüter mütəxəssislərinə xüsusi 10%-lik gəlir vergisi tətbiq etmək barədə də düşünür. Ölkədə gəlir vergisi adətən 15% olur.

Maraqlı məqam ondan ibarətdir ki, indi Ermənistanın İT sahəsinin ixtisaslı kadrlara olan ehtiyacı ölkənin bu kadrları yetişdirmək imkanını aşıb. Mütəxəssislərin hesablamalarına görə, ölkənin İT sahəsi hazırda olan mütəxəssislərdən başqa daha 2 min kompüter mütəxəssisinə ehtiyac duyur.

Təhsil sistemindəki boşluqlar kompüter mütəxəssislərinin təkmilləşdirilməsi ilə məşğul olan texnologiya mərkəzləri şəbəkəsinin yaranmasına səbəb olub. Yerevanda kompüter mütəxəssislərinə əlavə təlim verən doqquz mərkəz var. Bundan başqa, ölkənin ikinci böyük şəhəri olan Gümrüdə hökumətin dəstəyi ilə yaradılmış texnopark fəaliyyət göstərir.

XS
SM
MD
LG